Dünya dönür, kim saxlaya bilər ki? - DEBÜT Featured

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Əlini bir müddətdir tanıyıram – sosial şəbəkələrdə təsadüfi tanışlığımız zamanla dostluğa çevrildi. Hazırda o, eyni zamanda növbəti çap olunacaq olan "Təlatüm" adlı kitabımın redaktorudur. Ədəbi zövqü, diqqətcilliyi və məsuliyyətli yanaşması onun bu sahədə nə qədər potensiallı biri olduğunu açıq şəkildə göstərir.

 

Xankişiyev Əli 2006-cı il aprelin 24-də anadan olub. İlk təhsilini Qaradağ rayonunda yerləşən 224 nömrəli orta məktəbdə alıb. Hazırda Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis" ixtisası üzrə ikinci kurs tələbəsidir.

Ədəbiyyatla tanışlığı orta məktəb illərinə təsadüf edir. Azərbaycan dili və ədəbiyyat müəlliminin dərslərində böyük ehtiramla, hiss və coşqu ilə söz sənətkarlarından danışması, onun ədəbi dünyaya marağını alovlandıran əsas amillərdən olub. Elə bu maraq indi də onun içində sönməyən bir alov kimi yanır və onu ədəbi mühitdə parlaq bir gələcəyə doğru aparır.

İndi isə onun şeirlərini təqdim edək:

 

 

DÜNYANIN YUXUSU

 

Başımın üstündən ulduzlar keçir,

sayrışdı, ya sayrışmadı, nə fərqi?!

Salam verdi, ya vermədi, nə fərqi?!

 

Dünya onsuz ulduzların

nəğməsiylə fırlanır,

musiqili balerina qutusutək.

Qarışıqdı, maraqlıdı

bir uşağın yuxusutək.

 

Dünya dönür, kim saxlaya bilər ki?

Tutub Yer üzünün qütblərindən

dartsan əksi yöndə — özünə sarı,

yıxılıb düşərsən kənarlarından...

 

Yer üzünü saxlamağa çalışma,

Yuxusundan oyandırma dünyanı.

                                15.06.2025

 

 

ÖZÜNDƏNRAZI

 

Şeir, bilirəm, qəlbinin

təsəllisi, aramıdır.

Çünki onu yedikcə sən

şirin dadır, şəkər dadır.

 

Dağ başına çıxmadım ki,

məni ordan yıxan olsun...

Amma məndən sonra, gərək,

o zirvəyə çıxan olsun.

 

Əgər darıxsan haçansa,

çəkinmə, gəl şeir istə.

Həm də ki, təbrik et məni,

çünki xəttim gedir daha

romantikdən realistə.

                       13.06.2025

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.