Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaşı 90-na yaxınlaşsa da demək olar ki, gənclik enerjisi hələ də onu tərk etməyib. Bunu kənərdan baxanda da, aydın görmək olur. Şəxsiyyət kimi bütöv olduğu görkəmindən, davranışından bəllidir. Ən sıxıntılı vaxtlarında da mərdliyini, qürurunu qoruyub saxlaya bilir. Çox əliaçıq və səxavətlidir. Əgər onunla yoldaşlıq etsəniz, necə deyərlər, haqq hesab məsələsində heç zaman əlinizi cibinizə salmağa imkan verməyəcək və sizi ən keyfiyyətli, ən yaxşı məkanlara dəvət edəcək. Görüşlərə gecikməyi sevmir və belə məsələlərə çox diqqətlidir...
Bir vaxtlar xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: “Boş hikkə və iddialar onun təbiətinə ziddir. O, yavaş-yavaş, tələsmədən, səliqə ilə külüng çalan, hər hansı bir binanın özülünü hazırlayan, bunun üçün hamar və tarazlı daşlar yonan, sonra da onu qaydası ilə tikməyə başlayan bənnanı xatırladır...”
Bəli, söhbət şair, publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi Ayaz Vəfalıdan gedir. O, 1937-ci il aprelin 1-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirdikdən sonra indiki BDU-nun filologiya fakültəsində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə “Ədəbiyyat və incəsənət” qəzetindən başlayıb. O, burada 1960-cı ildən 1976-cı ilədək texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini vəzifələrində işləyib. Sonra bir il Ulduz jurnalında ədəbi işçi olub. Daha sonra, yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2014-cü illərdə isə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub. Hazırda təqüddədir...
Əzmkar və çalışqan olduğundan öhdəsindən gələ bilmədiyi iş yoxdur. Elə buna görə də, ona həmişə etibar ediblər, inanıblar. Sevgi dolu və mərhəmətli olması isə, onun əsas xüsusiyyətlərindədir. İradəli və çox inadkardır...
Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlayıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirərək "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki Taras Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı Aleksandr Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə edib...
Liderlik qabiliyyəti yüksək səviyyədədir. Hər zaman yeniliklərə açıqdır. Bəli, onun enerjisi tükənməzdir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük inadla çalışır. Daxili üstəqilliyi ilə də seçilir. Onu ram etmək mümkünsüzdür. Fəaliyyətini məhdudlaşdıran hər hansı bir şeydən tez yorulur. Onun üçün müstəqil qərar vermək və bu qərarı həyata keçirmək çox vacibdir...
Azərbaycan radiosunda çalışan qızı Sevda Behbudlu atasına müraciətlə yazır: “Bilirsənmi, ata! Sən hər oxuduğun kitabı qısa müddətə kənara qoyanda, mən səni izləyirdim. Sən fəhmlə axtarışa çıxdığın o günlərin görüntüsünü beynində cızanda, təxmin etdiklərini anamla bölüşəndə mən də sənin iş otağına gedir, yazı masandakı həmin kitabları içdən gələn bir maraqla, lap elə acgözlüklə seyr edirdim. Bir dəfə mətbəxə keçib, az qala hədəqədən çıxmış baxışlarla anama yenicə tərcümə etdiyin hansısa şairin əsərindən iki misranı söylədin: "Ehtiyac! İnsan olsaydın, mən səni əllərimlə boğardım!". Mən isə uşaq halımla sənin hansısa şairdən tərcümə etdiyin bu sətirləri maddiyyatdan doğan gileyin kimi hiss elədim. Elə üşəndim ki... Sən məni həyata elə zərif və ehmallıqla yönəltdin ki. Yadımdadır ki, diplom işimin mövzusunu Cənubi Azərbaycanla əlaqədar götürməyimi mənə sən məsləhət bildin. O vaxt Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin nəzdindəki Xaricə Verilişlər Baş redaksiyasında Cənubi Azərbaycana verilişlər şöbəsinin poçtuna əski əlifba ilə yazılmış məktublar yollanırdı. Və həmin məktubları oxuyub araşdırmağa, bu məktublardan çıxış edərək diplom işini müdafiə etməyə də sən məni yönləndirdin. Yadımdadır, məktubları araşdırdıqca, hamısının ancaq bir məzmun daşıdığının şahidi oldum. Ana dili, Vətən həsrəti, ayrılıq motivləri redaksiyaya gələn məktubların əsas məzmununu təşkil edirdi. Mən sonra anladım ki, Cənubi Azərbaycandan gələn məktubların məzmunu eyni idi. Çünki paralanmış bir xalqın dərdinin məzmunu eyni idi. Sən isə bütün bunları mənə xırdalamadan, yolun cığırına saldın. Və mən beləcə, istiqamət götürdüm. Və öz yaradıcılığımda artıq sənin yaradıcılığına istinad elədim...”
AMEA Nizami adına Ədəbiyyat İnstitunun elmi işçisi Aynurə Paşayeva isə onu belə xarakterizə edir: “Ayaz Vəfalının publisist mövqeyi sovet dövrünün hər cür ideoloji saxtakarlığına yad olub. Bu bir tərəfdən onun obyektiv düşüncəsi, digər tərəfdən onun şəxsi taleyi ilə bağlıdır. O, heç bir yazısında atası Rza Cəfər oğlu Cəfərov haqqında məlumat verməmişdi. Yalnız Rəsul Rzaya həsr etdiyi “Eləyə bilmədiyim təşəkkür” məqaləsində atasının M.Ə.Rəsulzadənin səbəbkarlığı ilə qardaş Türkiyə torpağına əmanət verildiyi haqqında məlumat vermişdi. Doğrudur, Ayaz Vəfalı atasına görə sovet rejimində müxtəlif hədə-qorxu və təzyiqlərlə də üzləşmişdi. Belə ki, 1976-cı ildə “Ədəbiyyat qəzeti”nin baş redaktorluq müavinliyindən çıxarılıb “Ulduz” jurnalına ədəbi işçi kimi göndəriləndə Abbas Zamanov bunun səbəbini Ayaz Vəfalıdan soruşanda verdiyi cavab onun bir övlad kimi atasına qarşı yüksək ləyaqətini, etibarını təsdiq edir: “Abbas müəllim, Babəkin də oğlu əsir alınıb, Stalinin də oğlu əsir alınıb. Stalin özü deyirdi ki, ata oğula cavabdeh deyil; ancaq mən üzünü də təsəvvür edə bilmədiyim atama cavabdeh olmağa hazıram...”
O, bu gün də dövri mətbuatda ara-sıra şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edir. Hələ də insanları ruhlandırır və onları bir araya gələrək böyük işlər görməyə çağırır...
...Nə isə, hər zaman qoyduğu hədəflərə çatmağa çalışan və bu yolda heç bir maneədən çəkinməyən Ayaz Vəfalı haqqında çox danışmaq olar. Amma uzun-uzadı danışıb vaxtınızı almayım deyə, söhbətimi burada yekunlaşdırmaq istəyirəm və ömrünün ixtiyar çağlarını yaşayan bu gözəl insanı salamlayır, ona can sağlığı, ağrı-acısız günlər arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)