BİRİ İKİSİNDƏ Rəsmiyyə Sabirin şeirləri ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Rəsmiyyə Sabirin şeirləri təqdim ediləcək.

 

 

QADIN

 

Səni tanıyıram, qadın...

Üzündəki minillik kədər

tanışdır mənə.

Nə etsən də,

fələk gəlməz ki,

imana-dinə.

 

Səni tanıyıram, qadın...

Daşıdığın zibil torbaları

ürəyinə ağır gələr.

Bu arsız dərd də gəlib

sənin könlündə dincələr.

 

Səni tanıyıram, qadın...

Nə istəyir fələk səndən?

Əli ətəyindən uzun bəxtin

utanıb keçər gendən.

 

Səni tanıyıram, qadın...

Dünya ruhuna dar olar.

Al-əlvan yaz çiçəkləri

payız əllərində solar.

 

Səni tanıyıram, qadın...

Fəqət, unutdum.

Görən, nəydi sənin adın?..

 

 

İçindən yıxılır adam

(Ramiz Rövşən)

 

BU MƏHƏBBƏT

 

Bu məhəbbət bir az göydən,

Bir az da yerdən sıxılır.

Dünya ruhumuz boydadır,

Fərq etməz hardan baxılır.

 

Sən getdin, yox oldu izin,
Mən süründüm dizin-dizin,

Baxmadığımız dənizin

Suyu gözümə yığılır.

 

Yoxdur səndən xəbər-ətər,

Həsrətin hər vaxt təzə-tər,

Üst-üstə toplanan dərdlər

Hamısı ömürdən çıxılır.

 

Hicran ağır, ürək kövrək,

Gəl bu dərdin yükünü çək,

Bir gün qurumuş ağactək,

Hər kəs içindən yıxılır.

 

 

MƏN VƏ SƏN

 

Mən həqiqət arayırdım,

Sən yalan kimi çıxdın qarşıma.

Mən ümid arayırdım,

Sən güman kimi çıxdın qarşıma.

Mən xoşbəxtlik arayırdım,

Sən təsəlli kimi çıxdın qarşıma.

Mən əbədiyyət arayırdım,

Sən ömür kimi çıxdın qarşıma.

Mən Yer üzündə

Nə vaxtsa itirdiyim

Özümü axtarırdım,

Sən çıxdın qarşıma…

 

 

SƏN YOXSAN

 

Sən yoxsan,

Bayırda

bahar fəslidir.

Amma bənövşələrin

boynu bükükdür

hələ də...

 

Sən yoxsan,

Bayırda

yay fəslidir.

Günəş həsrətindən

alışıb-yanır.

 

Sən yoxsan,

Bayırda

payız fəslidir.

Sarı yarpaqlar

təbiətin

qırmızı xəyanəti üzündən

intihar edir.

 

Sən yoxsan,

Bayırda

qış fəslidr.

Küçələrin buzunu

ayrılığın alovu

yandırıb-yaxır...

 

Sən yoxsan,

Bütün fəsillərdə,

bütün aylarda,

bütün günlərdə

içimdə

sənsizlik havası var...

 

 

İLĞIM

 

Mən –

kökündən qoparılmış

bir ağacam.

Kötüyüm belə qalmamış...

 

Mən –

sındırılmış bir şüşəyəm.

Toxunsan,

qırıntılarım

doğrayar əllərini...

 

Mən –

saralmış bir yarpağam.

Daha baharlar belə

dəyişə bilməz rəngimi...

 

Mən –

bir boşluğam

ucsuz-bucaqsız...

Yaxın gəlmə,

yıxılarsan...

     

 

DÜNYANIN İÇ ÜZÜ

 

Ömrümüzün yollarına,

Duman, yağış, sis bürünür.

Çıxır astarı üzünə,

Hərdən iç üzü görünür.

 

Fələk də bizə zülm edir,
Bəxtimizin gözün didir,

Gedənlər uçaraq gedir,

Yerdə qalanlar sürünür...

 

Hüznlü payız axşamı,

Kədərə qərq olub hamı,

Küləklər üfürür şamı,

Dünyanın işığı sönür...

 

 

BÖYÜK İNSANLAR

                          (Müəllimlərimə ithaf)

 

Bu kiçik dünyamızda

böyük insanlar da var.

Onların ürəyindən

cücərərək boy atar

böyük-böyük amallar.

 

Böyük insanların

kölgəsi düşər

kimsəsizlərin ahının odunun

yandırdığı küçələrə.

 

Böyük insanların

varlığı nur saçar

işığı azalan dünyaya,

qaranlıq gecələrə...

 

Böyük insanlar

dərdlərin bizi

küncə sıxdığı həyatda

qəlbimizdə böyüyər,

qəlbimizi böyüdər...

 

Həmin böyük insanlar

bu kiçik dünyamızda

böyük iz qoyub gedər...

 

 

QAYITDIM

 

Əvvəl bu dünyada bir yuxu gördüm,

Sonra da röyamı yozub qayıtdım.

Bu həyatda hər gün gördüklərimi

Ömür kitabına yazıb qayıtdım.

 

Qürurum yolumda keçilməz qaya,

Dərdlər qəlb evimdə durdu sıraya,

Doyunca baxmadım bu tamaşaya,

Uzaqdan gözucu süzüb qayıtdım.

 

Amansız fələkdən çox gördüm həmlə,

Yaxın sirdaş oldum kədərlə, qəmlə,

Kağızın üstündə lələk qələmlə

Özüm öz qəbrimi qazıb qayıtdım.

 

 

ZALIM

 

Sevgi nağılı uydurub

Məni inandırdın, zalım.

Şirin xəyala dalmışdım,

Niyə oyandırdın, zalım?

 

Məhv etdi bizi inadın,

Taleyi, bəxti qınadın,

Qəlbimi saxlayammadın,

Düşürüb sındırdın, zalım.

 

Bir-bir itirdim ilimi,

Tapmadın mənim dilimi,

Suyçun çırpınan qəlbimi

Qana boyandırdın, zalım.

 

Bu dünya mənlə yağımı,

Axtarıram dayağımı,

Of, söndürüb çırağımı

Canımı yandırdın, zalım.

 

 

AZƏRBAYCAN ƏSGƏRİ

 

Sən Vətən torpağında silinməyən bir izsən,

Bu günsən, gələcəksən, şanlı tariximizsən,

Sənin şücaətini necə vəsf eləyim mən,

Ey Odlar diyarının igid, qəhrəman əri,

Azərbaycan əsgəri!

 

Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,

Yolunu kəsə bilməz nə duman, nə də ki çən,

Vətənə sipər olan şəhidsən, qazisən sən,

Biz müqəddəs bilirik məzarın olan yeri,

Azərbaycan əsgəri!

 

Addımların titrədir dağı, dərəni, daşı,

Zəfərlə başa vurdun sən bu çətin savaşı,
Hünərini unutmaz bu tarixin yaddaşı,

Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,

Azərbaycan əsgəri!

 

Qutsal qanın qarışdı, torpağı Vətən etdin,

Şanlı zəfər yolunu rəşadətinlə getdin,

Qayaların buzunu nəfəsinlə əritdin,

Göytürk xaqanlarının xələfidir hər biri,

Azərbaycan əsgəri!

 

Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,

Şöhrətinin sədası indi sərhədlər aşır,

Sənə xalqın qəlbində məhəbbət aşıb-daşır,

Qisasımızı alıb ovutdun dərdi-səri,

Azərbaycan əsgəri!

 

Əsla dayanma, igid, yürü ancaq irəli,

Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...

Silinir Yer üzünün bütün pisliyi, şəri,

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.