GAP Antologiyasında Rəsul Qədirinin “Azadlıq” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

 

Rəsul Qədiri

Təbriz

 

AZADLIQ

 

Gələrkən yolunu meşəyə çevir

Orada yüksələn ağlacları gör

Onlara yurdumun sonalarından,

Haqqına dirənən qızından danış

Tarixə yonulan ölməz, pozulmaz,

Qızların əbədi izindən danış  

 

Gələrkən yolunu qayalığa sal

Orada dik duran qayalara bax

Onlara buranın igidlərini,

Sarsılmaz, əyilməz mərdini anlat

Vətənin qəhrəman oğullarını

Yüz illik ağrıyan dərdini anlat  

 

Gələrkən üzünü buludlara tut

Buluddan tökülən damcıları gör

Deginən ey bulud mən gedən yerin

Oğulu, qızları səndən süzülən,

Dumduru, ləkəsiz damcı kimidir

Əl-ələ verərək el olacaqlar

Zalımın bəndini sındırmaq üçün,

Gur axan, kükrəyən sel olacaqlar  

 

Azadlıq  

Azadlıq  

Aman Azadlıq!

Harada qalmısan, niyə yubandın?!

Yüz ildir bu millət səni gözləyir

Hər ögey uşaqtək təpki görəndə,

Səni arzulayır, səni özləyir

Gəl daha!

Özünü pay gətir bizə

Yüz illik şaxtada dondu bu torpaq

Ay canım!

İlk bahar, yay gətir bizə

Gəl! Qumral saçını özüm hörərəm

Nə bilim, arzudur, ömrüm olarsa

Səni bir görümlük mən də görərəm...

 

 “Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.