Bir şair var idi, Taleh Həmid adında... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ulduzu göylərdən enən görmüşük,
Yanan ocaqları sönən görmüşük,
Biz hansı gedəni dönən görmüşük? –
Bir də bu dünyaya gəlməyəcəyik.

Ağın ağ rəngi var, qaranın qara,
Əbəs aldatmasın şirin xülyalar.
Gözlər dikilməsin sonsuz yollara,
Hər şeyin əvvəli, bir də sonu var.
Birin bir təkrarı, onun onu var,
Bir də bu dünyaya gəlməyəcəyik.

Eşqin alovunda biz kül olarıq,
Ömrün sehirində bir gül olarıq,
Deyirik, gülürük, nə qədər varıq,
Onsuz da yoxluğun üzü qaradı,
Bir də bu dünyaya gəlməyəcəyik.

SSRİ Yazıçılar Birliyinin üzvü Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra sovxozda əmək fəaliyyətinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülüb.

1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da işıq üzü görüb. Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri, "Yeni fikir" qəzetində baş redaktor, "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru vəzifələrində, Regionların Inkişafı İctimai Birliyində sədr müavini işləyib.

 

Kitabları 

 

1. Qapımı bahar döyür

2. Məni gözləyən olsa (şeirlər və poema)

3. Dünya yaxşıdı hələ... 

4. Yaz çiçəklərinə qar yağır.

5. Bu gündən sabaha (şeirlər)

6. Mənə ürəyində yaz yeri saxla (şeirlər)

7. Günəşdən gizlənir yay çiçəkləri (şeir və poemalar)

8. Ömrün payız sovqatı (publisistika)

9. Qarlı axşamların işığı (məqalələr)

10. Sənə məktublar yazıram

 

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib.

2015-ci ildə "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

 

1 noyabr 2016-cı ildə Bakıda vəfat edib, 2 noyabrda doğulduğu kənddə dəfn olunub. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.