“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə Biri ikisində layihəsində bu gün sizlərə Professor Nizami Tağısoyun Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması barəsindəki essesini təqdim edəcəyik.
Nizami TAĞISOY
professor
VƏTƏN AĞRILARININ AĞIRLIĞI
(Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasında)
Ələkbər Salahzadənin yaradıcılığına vətənpərvərlik müstəvisində nəzər saldıqda onun vətənlə bağlı qələmə aldıqlarının birinci və ikinci kateqoriyalara bölgüsünü apararkən bir sıra çətinliklərlə üzləşməli oluruq. Çünki Salahzadənin özü də, bütün yaradıcılığı da təpədən-dırnağa vətənpərvərlik ruhuna köklənmişdir. Hansını deyəsən, hansından danışasan, birdirmi, beşdirmi?! Şairin bu qəbildən olan əsərlərindən bir neçəsinin adlarını çəkək: “Vətən”, “O tay-bu tay mahnısı”, “Torpaq”, “İçərişəhər”, “Qız qalası”, “Qəbələ”, “Beşbarmaq dağı”, “Xəzər”, “Qavaldaş”, “Şuşa”, “Qobustan”, “Xocalı xəcilləri” və digər çoxsaylı nümunələrinin mayasının Vətən və vətənpərvərlikdən rişələndiyini görməmək mümkün deyil. Burada biz onların hamısından söz açmaq fikrində deyilik. Şairin vətənpərvərlik ovqatı ilə süslənmiş “Xocalı xəcilləri” poeması haqqında xüsusi olaraq ətraflı danışmağı zəruri hesab edirik. “Xocalı xəcilləri” poeması Birinci Qarabağ müharibəsində erməni separatçıları və qatilləri tərəfindən xaincəsinə qətlə yetirilib şəhid edilmiş tanınmış telereportyor və jurnalist Çingiz Mustafayevə həsr edilmişdir. Bu poemada müəllif öz qəhrəmanının əksər vətənpərvərlik cizgilərini yüksək şəkildə ortaya qoymağa müvəffəq olmuşdur. Ə.Salahzadənin “Xocalı xəcilləri”ndə müəllifin qeyd etdiyimiz məharəti, ustalığı özünün ən yüksək nöqtəsinə çatması və bu əsərlə bağlı müşahidələrimizi dilə gətirərkən qabartdığımız məqamları xüsusilə vurğulamağı zəruri hesab edirik. Onu da vurğulayaq ki, biz dünyanın qorxunc və insanı dəhşətə gətirən, nitqini kilidləşdirən səhnələri özündə əks etdirən çoxsaylı əsərlər oxumuşuq.
Qara Yanvar, Xocalı, Mart qırğınları, ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri digər çoxsaylı dəhşətlərlə bağlı nəinki Azərbaycan, həm də rus, fransız, erməni, gürcü, türk, amerikan, litva, moldovan, özbək, qazax və digər xalqların nümayəndələri – jurnalistləri, telereportyorları, publisistləri, yazıçıları, tarixçiləri saysız-hesabsız bədii, publisistik və elmi əsərlər qələmə almışlar. Burada onlardan danışmayacağıq. Çox ağır və üzücüdür. Odur ki, yalnız Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasını yenidən oxumaq (eyni zamanda onun haqqında yazmaq) bizim üçün son dərəcə çətin olacaqdır. Poemanın hər bir sətrindən dəhşət saçır. Bizə belə gəlir ki, şair onu yazarkən tamamilə qorxunc bir dünyanın içindən keçib, dəfələrlə nitqi kilidləşib, özündən gedib. Bütün bunlara baxmayaraq, həmin qorxunc hadisələrin qeyri-adi faciəvi mənzərəsini uğurla yaradıb. Poema Milli Qəhrəman, cəsur jurnalist və telereportyor Çingiz Mustafayevin xatirəsinə həsr olunsa da, onun mətni və məzmunu bundan qat-qat əzəmətli və təəssüf yaradan, xalqımızın başına gətirilən müsibətlərin nəzmdə nadir təsviri üstələyən elementlərlə göz önündə canlandırmaqdadır. Poema “XX əsrin xronikası”, XXVI bir-birindən fərqli parçalardan, başlıqlardan və “XXI əsrin “X” ilinin xronikası”ndan ibarətdir. Başlanğıc gözlərimiz qarşısında tarixin və gedişatın dəhşətlərini yaradır. İstədik ki, əsərin az bir hissəsindən yalnız kiçik parçaları fraqmentar şəkildə oxucuların diqqətinə çatdıraq. Lakin bunu edə bilmədik. Bildiyimiz kimi, Ələkbər Salahzadənin yazdığı istər kiçik, istərsə də iri həcmli nümunələr olsun, onların mətnlərində sintaqmatik bölgü aparmaq çətin olur, çünki söz sözün, ifadə ifadənin içinə elə şəkildə yerləşdirilir, elə formada yapışdırılır ki, onlardan birini digərinin içindən ayırıb təqdim etmək şairinin deyiminin müəyyən dərəcədə zədələnməsinə gətirib çıxara bilir.
Poemanın qeyd etdiyimiz yerindən başlayaraq, Çingiz sanki kinofilmlərdə olduğu kimi bu vahiməli mənzərələri:
Ağ-qırmızı kəfən üstdə
donanları görə-görə,
gördüyünü, çəkdiyini
Çingiz hönkürə-hönkürə...
Qucağında
oda düşmüş,
yanıb-sönmüş körpə Çingiz,
ağı deyib qan ağlayır,
tükü ürpə-ürpə Çingiz.
... Bu nə gündü, bu nə yerdi,
hamı ölü, bir diri yox.
Uşaq belə kor doğulmur,
gözlərinin heç biri yox... (s. 6-7) – deyə-deyə hıçqırığını saxlaya bilmir.
Müəllif bütün poema boyu Xocalını Xirosima, Xatın, Liditse, Sonqmi və digər ölüm və dəhşət düşərgələri ilə müqayisə edib onun külünü göyə sovuranları lənətləyir. Bütün bu mənzərələri yarada-yarada şair həm də faciənin keçmişinə, yəni əvvəlinə, xronologiyasına ekskurs edir. 1989-cu ildən doğma tarixi Azərbaycan torpaqları olan Vedibasarda, Göyçədə başlanan köçhaköçə, öldürülənlərin öldüyündən, qarlı yolda donanlardan bəhs edir, “İnsafdan qıt qat-qat qəddar düşmən”in etdiklərini, onun “qat-qat qəddar, qatıdan qatı qəddar, qatildən də qat-qat, qat-qat qəddar düşmən” (s.14) “keyfiyyətlərini” sifətin çoxaltma dərəcəsində düşmənin mahiyyətinin dərindən açılması üçün bədii-poetik priyom kimi istifadə edir:
Şər toxumlu
oğru mini,
əyri mini
zaman-zaman
dümsükləyib qoymur ölə Əhriməni... (s.15) – deməklə erməninin südünün, öyüdünün qarışıqlığından, mənəviyyatının qısırlığından danışmaqla ermənilərin və onların havadarlarının antibəşəri obrazlarını oxucunun gözü önündə ustalıqla yaradır.
Eyni zamanda bütün bu qorxunc təsvirlər Çingizin kamerasında “səhnələşir”. Bununla yanaşı, Xocalı faciəsi fevral ayında baş verdiyindən Ə.Salahzadə həm də fevralın ay kimi yarımçıqlığını, kəsikliyini də poemanın infrastrukturuna uğurla daxil edir:
Gün sarıdan yarımayan
fevral ən gödək aydı.
O ilin iliyində
bir günü göynək aydı… (s. 18) – deyir və nəzərdə məhz həmin mənfur fevral ayının 25-dən-26-na keçən günü-gecəni nəzərdə tutur:
26 fevral,
366-cı motoatıcı alay
topla, tankla
haylarına hay verdi, hay.
Yerdən ürkdü
göyə uçdu nalə, haray
"366"
bir ilin 366 gününü
o günün içindəcə
tankların altda saldı...(s.19).
Ə.Salahzadə Xocalı qətliamını dominant olaraq təsvir predmetinə çevirsə də, yenə də buna qədər digər illərdə xalqımızın başına gətirilənləri göstərməkdən, oxucunun diqqətini ayıq saxlamaqdan, yaddaşını dirçəltməkdən, oyatmaqdan usanmır və içindən keçən “mənzərələri” daha geniş planda göstərməklə:
...1905-də
buynuzları qından çıxdı,
çıxdı, həm də qandan çıxdı!
1918-də
Bakıda mart qırğınları.
Qarabağda,Qubada, Şamaxıda...
kim tökmüşdü o qanları? (s. 20) – deyə sual edir. Və yenidən bir də digər qanlı hadisələrin xronologiyasını gözlərimiz önündə canlandırır:
20 noyabr Qarakənddə göydə vuruldu,
20 yanvar Bakıda qaraldı,
26 fevral Xocalıda xar oldu, (s. 21) – deyərək insanlığa qarşı törədilən bu faciələrin nəinki təkcə Azərbaycanın, həm də bütün dünyanın böyük bəlaları olduğunu pisləyərək təsvirlərinin təsir gücünü bir an belə öləzitmirdi.
Ə.Salahzadənin poetik şərhində və poemanın məzmununda ermənilərin yaxın “bacısı” baronessa Koksda da öz payını gərəyincə alır:
Köksündə erməni ahı
baronessa Koks
ha gəlib-gedir Xankəndiyə –
fokus çıxarır, fokus.
Hansı dumanlıqdasa
terroristi torsuz, tələsiz çıxarır:
yazıq quzu, baxtsız-talesiz çıxarır.
Qan içəni qan içindən
ləkəsiz, suçsuz çıxarır.
Bazara çeynəməmiş saqqız çıxarır.
Haqsızı haqlı
haqlını haqsız çıxarır... (s. 22)
Xocalı soyqırımına ermənilərin havadarları olan dövlətlərdə münasibət birmənalı olmasa da, 27 fevral 1992-ci ildə “Vaşinqton post” qəzetinin müxbiri Tomas Qolts yazırdı: “6 min əhalisi olan Xocalıdan qaçmağa müvəffəq olan qaçqınlar məlumat verirdilər ki, ermənilərin hücumu zamanı 500-dən artıq insan, qadınlar və uşaqlar da daxil olmaqla öldürülmüşdülər... Dağlıq Qarabağ qaçqınları arasında Ağdama gəlib çatanlar sırasında iki türkmən əsgəri də vardır ki, onlar SSRİ Daxili Qoşunlarında xidmət etmişdilər. Onlar Stepanakertdən (Xankəndidən) qaçarkən ermənilərdən olan serjantlar onları ona görə döyürdülər ki, onlar müsəlmandırlar”.
“İndependent-Röyters” agentliyinin müxbiri Elen Bomak xəbər verirdi ki, döyüşdən sonra ermənilər Xocalıya hücum zamanı öldürdükləri çoxlu insanları azərbaycanlılar Ağdamda dəfn etmişdilər. “Dünyanın burada olanlardan xəbəri yoxdur. Biz ölürük, siz isə baxırsız” – dəfndə iştirak edənlər jurnalistlərə qışqıraraq belə müraciət edirdilər.
Yuxarıda adını çəkdiyimiz Tomas Qolts Ağdamdan 1 mart 1992-ci ildə “Sandi tayms” qəzetində yazırdı: "Sağ qalanların sözünə görə, ermənilər atəş açaraq 450 azərbaycanlını bıçaqla kəsib doğramışdılar. Onların çoxu qadınlar və uşaqlar idi. Yüzlərlə, bəlkə də, minlərlə insanlar itkin düşmüş, məhv edilmişdi.
İstilaçılar qadın və uşaqları müdafiə edən əsgərləri və xoşməramlıları da öldürürdülər... Ağdam xəstəxanası qanlı terror səhnəsinə bənzəyirdi”.
3 mart 1992-ci il tarixli “Nyu-York Tayms” qəzeti isə yazırdı: "İnsanların cəsədləri şil-küt edilmişdi”.
3 mart 1992-ci ilin “Tayms” qəzetinin müxbiri Anatol Liven “İşıqlandırılmamış soyqırım” adlı yazısında “Biz gördüyümüz 31 meyitdən yalnız üçü formada olub, onlardan biri polis, ikisi milli könüllü idi. Qalanları (8-i qadın və 3-ü uşaq) olmaqla mülki paltarda idilər. İki ailə bir yerdə məhv edilmişdi, onların arasında həm də qucağında körpə uşaq olan qadınlar var idi”.
3 mart 1992-ci ildə Hərbi Hava Qüvvələrinin səhər xəbərlərində reportyor canlı efirdə bildirirdi ki, o, ermənilər tərəfindən doğranmış və dağlardan tapılıb yığılmış 100 kişi, qadın və uşaq meyitini gözləri ilə görmüşdür. Onların hamısı bir metrlik məsafədən başa atəş açılmaqla qətlə yetirilmişdir”. “Ermənilərin başını ucaldan, qəhrəmanlıqlarını təbliğ edən” bu tipli yüzlərlə, minlərlə materiallar, sənədlər bu gün də saxlanılmaqla həmin acı illərin yaddaşından yüzilliklər ərzində pozulmayacaqdır. Bütün bunlarla bağlı danışmaq çox qorxuncdur. Odur ki, onlardan birinin də yazdığını oxuculara çatdırıb, yenə də Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poemasının üstünə qayıtmağı zəruri hesab edirik. 27 fevral 1992-ci ildə Moskvada nəşr olunan “Kommersant” qəzeti oxucularına “Xocalı soyqırımı dünyanın gözü ilə” adlı materialda belə bir məlumat çatdırmışdı: “1992-ci ilin fevralın 25-dən – 26-na keçən gecə azərbaycanlılar yaşayan Qarabağ şəhəri olan Xocalı ermənilər tərəfindən güclü hücuma məruz qalmışdır. 366-cı Rusiya Motoatıcı Alayı hücumda iştirak etmişdir. Nəticədə 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür”.
Burada bu mənbələrə ona görə müraciət etməyi vacib hesab etdik ki, ermənilərin bir xalq (əgər belə demək mümkünsə!), bir millət (və yenə də əgər onları millət adlandırmaq olarsa!) hansı “yüksək etnik-milli, mədəni-mənəvi əxlaq daşıyıcıları olduğunu” bir daha oxucuların yaddaşında daşlaşdıraq.
Bax, bütün bu qeyd olunanlara görə Ələkbər Salahzadə dünyanın işlərinə, gərdişinə Xocalıda ermənilərin törətdikləri ilə bağlı Dünyanın kor olub, laqeyd qalmasını dəfələrlə hayqırmışdır:
Bir ona bax, –
oyununa bax –
cani olduğunu bilə-bilə
canini cani saymır.
Bəlkə də, canilərə
qaynayır qanı, saymır!
Ayrı gözlə ona baxır,
əyri gözlə buna (s. 23).
Belə fərqli münasibətlər zəminində şair rəngləri bir qədər də qatılaşdırır:
ATƏM gedir –
ATƏT gəlir,
“Gəl-get” gəlir,
“Get-gəl” gedir...
itə ət verib gedir,
ata vəd verib gedir (s. 24).
Elə buradaca onu da əlavə edib deyir: “Qoca dünya yiyəsizdi” bəyəm?
sən özünə güvən yalnız,
bel bağlama BMT-yə
Qat kəsib, qat,
dördqat kəsib,
kif atıb dörd qətnaməsi? (s.25)
Salahzadə ermənilərin və onların havadarlarının siyasi gedişlərini və oyunlarını yaxşı görürdü. Buna görə də:
İşğala işğal deməsən,
İşğalçıya işğalçı,
bir kimsəni alandımı,
cənab, saya işğalçı? (s.25)
Ələkbər ATƏT və Minsk qrupuna daxil olanların da iç üzünü bizə olduqca parlaq aynada göstərməklə onların xarakterik cizgilərini uğurla vurğulayır:
Üç həmsədr, həmdəm sədr,
hər üçü də
həm çox ayıq, həm dəm sədr.
Üçü də bir gəlib-gedir
ağlamaz ki, gülüb gedir!
...Birdən hərdən yada düşür
bədnam Bermud üçbucağı,
bəlli dayı – üç ayının
“yumru” armud üçbucağı.... (s. 26)
Müəllif poemada daim erməni işğalını təbliğ və tərənnüm edən Moskvadakı erməniyönümlü “Vesti” proqramını da öz yaradıcılıq obyektivinə gətirir, orada çalışan tendensioz zurnalistlərin (jurnalistlərin yox!) Dağlıq Qarabağa, Azərbaycana və türk dünyasına baxışlarını ortaya qoyur:
Bir “Vesti” vardı bir vaxt, bir “Vesti”,
ordan bura arası min verstdi.
Oxunu atıb yayını gizlədərdi,
Çaqqalın arxasında ayını gizlədərdi (s. 28).
Ə.Salahzadə eyni zamanda Qarabağda baş verən bu hadisələrdəki “barmaqlar”dan, “burmaqlar”dan, “buyurmaqlar”dan, “zərin, zorun, torun alət barmağı”ndan, barmaqlardan barınanlardan, “şeytanlığın barmağı”ndan, “izi itən baş Barmağın barmaq-barmaq qarmağı”ndan, “Külə dönmüş” (Xocalıdan) şəhərdən, “Yerin qan içində” yanmasından, “Yerdən bir yerin silin”məsindən, “səfirin sınıq şəhadət barmağından”, körpələrin həmin günü nə çəkdiklərindən, “imdad dilədiyi”ndən, onların öz harayları, fəryadları və qışqırıqları ilə Yaradanı soraqlamasından, o bağrıqan uşaqların göz yaşlarının daşları əritməsindən yana-yana bəhs edirdi.
Ələkbər Salahzadə poema boyu Xocalıda baş vermişləri sanki gözü ilə gördüyündən bu şəhərin son dərəcə tükürpədici mənzərəsini oxucunun ömürlük yaddaşına ötürür. Bununla belə, poemanın episentrində Çingiz Mustafayevin özü dayanır. O, bir ilğım kimi görünür, şairin nəzmə çəkdiklərinin, təsvirlərinin gücləndirilməsi üçün bütün nə varsa, hamısı onun yaddaşına yardımçı olur.
Erməni karatelçilərindən biri Arkadi Ter-Tadevosyan Xocalı əməliyyatına hazırlığın üç həftə ərzində aparıldığını və bu zaman 487 erməni cəlladının bu soyqırımında iştirakını, bronemaşınlardan və tankəleyhinə texnikalardan istifadə edildiyini etiraf etmişdi. Xocalı soyqırımında güllələnmə ən münbit və rahat məhvetmə forması idi. Çünki onlar bundan azərbaycanlıları qat-qat ağır psixoloji baxımdan sındırmaq üçün kütləvi məhvin daha effektiv üsullarına əl atmışdılar. Ermənilərin 1941-1945-ci illərdə alman faşistlərinin və ordusunun bir batalyona bərabər tutulan 4 “Aynzatsqrupu”na daxil olan “A” qrupu Şərqi Prussiyadan Litva, Latviya, Estoniya istiqamətində Sankt-Peterburqa (o vaxtkı Leninqrad) gələrkən bu qrup yolda Kaunas, Riqa, Vilnüs şəhərləri ərazilərində yəhudiləri doğrayıb tökmüş, “Aynzatsqrupu”n “B” qrupu isə işğal olunmuş, Polşadan Belarusa – Minskə, Smolenskə yola düşüb, yəhudiləri Qrodno, Minsk, Brest-litovsk, Slonim, Qomel, Mogilyov və digər şəhərlərdə qəddarcasına qətlə yetirdiklərindən də artıq qəddarlıq törətmişdilər.
Çingiz Xocalıda baş vermiş dəhşətləri atəş altında, mərmi qabağında qorxmadan, çəkinmədən öz kamerasının yaddaşına köçürürdü. Ələkbər Salahzadə də bu cəsur reportyorun kamerasında bütün yer almışları öz oxucularına ötürürdü. Çingizin döyüşdən qaçanlara hiddətlə dediyi:
Hara üz tutursuz,
hara gedirsiz?
Yoxsa cəhənnəmə, gora gedirsiz?
dörd gözlə haqlayırdı.
Çoxadamlıq kamerada
yoxlayıb saxlayırdı
Qıvrılırdı lentlərində
xəcil-xəcil yerdən-yurddan qaçaqlar,
torpağının üstündən
əkilməyə qaçaqlar...
Nələr görmüşdü Çingiz,
Nələr, nələr çəkmişdi
bir-birindən qorxulu
mənzərələr çəkmişdi (s. 32).
Ə.Salahzadə poemada Çingizin dili ilə digər məsələlərə – doğma torpağa, Vətənə kəc baxanlara baş qəhrəmanın dili ilə daş atması da, onun torpaq hayında olmayanlarının bəzilərinin – yaramaz nakəslərin, nadanların özlərinə başının qarışmasını da səciyyəvi təsvir vasitələri ilə qələmə alırdı.
Eyni zamanda həm də sanki öz-özünə gileylənirdi “özgəlik terrorçumuz yox, elə özümüzün terrorçusuyuq” deməklə “Bir yad toyuğuna “kış” eləmərik, on beş eləsələr-beş eləmərik”, “yağı da gəlsə, ürəyi gen... qonaqcıllarıq” deyir və sonra da Bakı neftinin Xocalını yandırmasından danışır:
Havada neft qoxusu da vardı o gecə,
bəs necə?!
Bir az da hövllənib havalanmışdı alov,
Qabalanmışdı.
Baklarındakı Bakı nefti diriltmişdi tankları,
od saçmışdı yanğıları.
Bəli, Xocalını bir az da Bakı nefti
yandırıb-yaxmışdı.
Xocalı külə dönmüş,
neft tüstüyə, hisə-pasa çıxmışdı... (s. 36).
Doğrudan da, bir qədər düşündükdə insanı qəribə hisslər bürüyür ki, bizdə ürəyiaçıqlığa (bəlkə də, sadəlövhlüyə!) bax ki, öz torpağımızda qucaq açıb şərait yaratdığımız, yedirtdiyimiz, əlindən tutub, qayğısını çəkib adam etdiyimiz, insanlar cərgəsinə qoşduğumuz ermənilər öz neftimizlə özümüzə, tanklarına tökdükləri neftimizlə canımızın bəlasına çevrilmişdilər. Bununla belə, poema müəllifi onu da bilir ki:
Hər halda, ola bilməz
Xocalıdan fəryadları eşidə
insan olan sevinə,
insan olan qəşş edə...
inanmaq olmur hələ,
bir erməni
o fəryadı qoparan ana yerinə
qoymasın özünü bir anlıq belə,
o terrorçu anası
ağlayıb xısın-xısın,
südünə lənət deyib,
özünü qarğamasın... (s. 37-38)
Salahzadənin poemasının bu yerini nümunə gətirərək yaddaşımızda istedadlı bədii-poetik təfəkkür sahibi, nəsrimizin ağsaqqalı Vidadi Babanlının 1994-cü ildə qələmə aldığı son dərəcə ibrətamiz, etnik-milli kimliyimizi bütün mahiyyəti ilə nümayiş etdirən “Ana intiqamı” povesti öz ideya-məzmun və məram-mahiyyəti ilə çoxsaylı xalqlara və millətlərə örnək ola biləcək əsəri kimi canlanır (Babanlı V. "Ana intiqamı". Bakı, “Yazıçı”, 1994). Müxtəsər şəkildə söyləsək, əsərdə söhbət erməni faşistləri tərəfindən qətlə yetirilmiş (şəhid olmuş) oğluna görə ananın çox böyük əzab-əziyyətdən sonra Hərbi komissarlığa müraciət edib ermənilərlə döyüşə yollanması təsvir edilir. Ananın meşədə erməni işğalçıları ilə tamamilə yaxın məsafədə olub onlardan birinə atəş açma ilə bağlı halı göstərilir. Tam döyüş və atəş vəziyyətində olan avtomatın lüləsini ana düşmənə tərəf çevirsə də, erməni əsgərinin cavanlığına baxıb, həmin erməninin anasının hansı hisslər keçirəcəyini düşündüyündən azərbaycanlı ananın əli tətiyə getmir. Analıq, bəşərilik və insanlıq hissi onu oğlunun intiqamını almaq hissindən daha yüksəkdə dayanır və ana erməniyə atəş açmaq fikrindən vaz keçir. Bu, Azərbaycan xalqının yetişdirdiyi Anadır. Erməni anaları isə azərbaycanlı ananın əksinə olaraq, dinc azərbaycanlı balalarının, körpələrinin ah-vayına laqeyd qalır, imkan, fürsət tapdıqda karatelçi ermənilərlə birləşib onları qətlə yetirir. Görünür, burada etnik-genetik, tarixi-milli dünyagörüşünün və xalq mədəniyyətinin oynadığı rolun özü də daha böyük önəm daşıyır.
Poemanın XXIII bölməsində nikbin notlar getdikcə daha böyük üstünlük təşkil edir. Müəllif inanır ki:
Böyüyür Xocalıda doğulan uşaqla
o gecə sağ qalan,
hərəsi bir yana dağılan uşaqlar.
Çadırlara toxunur başları,
çatılır qaşları;
yaraq götürməyə çatmır yaşları.
Qalxır boyları,
uzanır əlləri.
Onlar
hər günü səd-səd aşır,
Xocalıya addım-addım yaxınlaşır... (s. 39-40).
Ə.Salahzadə “Xocalı xəcilləri” poemasını qələmə aldığı dövrdə hələ 2020-ci ilin 27 sentyabrına 16 ildən artıq bir zaman məsafəsi qalırdı. Həmin dövrlərdə ATƏM, ATƏT və Minsk qrupu ölkələrini təmsil edən nümayəndələr Bakıya və İrəvana gəlib-gedir, erməniləri qısqırdıb, Azərbaycanın üstünə salır, Azərbaycana isə yalançı vədlər verib, geriyə qayıdaraq riyakarlıq edirdilər. Bunu bütün dünya, o cümlədən sənət adamları, söz adamları, siyasətçilər, şairlər, yazıçılar, publisistlər, alimlər, çoxsaylı qələm sahibləri, adi insanlar yaxşı görürdülər. Ələkbər Salahzadənin də hafizəsi belə yanaşmaları və tendensiozluğu yetərincə süzgəcdən keçirirdi.
Odur ki, müəllif poemasının bir neçə yerində onların boşuna gəlib-getməsini istehza ilə yada salırdı:
Biri gəlir, biri gedir səfirin,
sayı itir səfirin,
işğalçının qaşqasını
görən var, göstərən yox.
Heç birinin
şəhadət barmağını görən yox... (s.41).
Bunu da qeyd edək ki, misli görünməmiş Xocalı soyqırımından sonra erməni qəsbkarları nəinki sakitləşir, əksinə daha da quduzlaşdılar. Onlar öz havadarlarının köməyinə arxanalaraq vandallıqlarını daha da genişləndirirdilər. Azərbaycanın çoxsaylı yaşayış məntəqələrini atəşə tutur, dinc əhalini qanına bələyirdilər. Jurnalist və telerereportyor Çingizi (beynəlxalq konvensiya qanunlarında jurnalistlərə, telereportyorlara qarşı silah işlədilməsinin yol verilməzliyinə baxmayaraq) də ermənilər qətlə yetirdilər. Bunu müəllif xüsusi şəkildə təsvir predmetinə çevirir:
Dəni-dəni dinsizlər
dənlədilər Çingizi.
... Köksündə qumbarası,
əlində kamerası
ağacda idi Çingiz,
ayaqda idi Çingiz.
Kol dibində gizlənib
O ağacdan dərdilər.
Yox, budaqtək budayıb
Yer üzünə sərdilər.
Qucağında körpə, Çingiz
o gün o qanlı düzdə
o necə oxumaqdı –
bəlkə də, “Segah” üstə?
O necə ağrımaqdı,
O necə oxşamaqdı?
Naləsi ürək dələn
ağıçıya oxşamaqdı.
O necə ağlamaqdı,
O necə hönkürməkdi?
O gün Çingiz başdan-başa
qan ağlayan ürəkdi... (s. 42-43).
Elə buradaca yada salaq ki, Çingiz Mustafayev özünün jurnalistlik karyerasına həvəskar kameraman kimi başlamaqla sovet ordusunun 20 Yanvar 1990-cı ildə Bakıda dinc əhaliyə qarşı törətdiyi qəddar qırğınları əks etdirməyi qarşıya məqsəd qoyduqdan və daha sonra Dağlıq Qarabağda gedən hadisələri kamerasının yaddaşına həkk etməklə hərbi jurnalist kimi fəaliyyət göstərirdi. O, dəfələrlə həyatını risklər altında qoymuşdu. Onun gördüyü ən mühüm işlərdən biri də ermənilərin Xocalıda törətdiklərini video-süjet kimi dünyaya yayması idi. O, Xocalı hadisələrindən təxminən üç ay yarım sonra 15 iyun 1992-ci ildə Qarabağın Naxçıvanlı kəndində gedən qanlı döyüşlərdə ölümcül yaralanmışdı. Çingiz məsuliyyətli və vətənpərvər jurnalist kimi ovaxtkı “215 kl” studiyasında işləyərkən Azərbaycan televiziyasına tamamilə yeni bir nəfəs gətirmiş, öz korporativ maraqlarını qoruyan məmurların antimilli fəaliyyətinə qarşı, yalnız özlərini düşünüb dövlət maraqlarına zidd hərəkət edənləri amansız və kəskin tənqid atəşinə tuturdu. Odur ki, şair Çingizin kamerasındakı lentlərin çoxlarının paxırını açdığını olduqca relyefli göstərməyə çalışırdı:
Gözləyə-gözləyə çəkdiklərini
qaldı gözləyə-gözləyə,
gizlədi, gizlədi, dözənlər dözdü,
kamera dözmədi Çingizsizliyə.
...Qırılan lentlərilə
çoxlarını şad elədi kamera,
yurd-yuvadan erkən qorxub qaçanları
sanki azad elədi.
Əmin-arxayın
cumdular Bakıya şadlıq evləri tikməyə,
“Şuşa”lar ucaltmağa,
Xarı bülbülləri xar eləməyə
Bir heçkən
özünü var eləməyə (s. 43-44).
Çingiz Mustafayev bir jurnalist, telereportyor və milli mücahid kimi son dərəcə prinsipial və təəssübkeş Vətən Daşı idi. Çingiz Mustafayevin ermənilərə, onların vandallığına qarşı dayanan silahı onun kamerası idi. Jurnalistikaya həkimlikdən gəlsə də, o, bu sahədə özünü kvalifikasiyalı telejurnalist kimi göstərə bilmiş, öz dövrünün əlçatmaz və ünyetməz adamlarından – siyasətçilərindən M.Qorbaçov, B.Yeltsin, N.Nazarbayev, A.Mütəllibov və eyni zamanda özünün antiAzərbaycan mövqeyi və ermənipərəstliyi ilə seçilən Raisa Qorbaçova və Qalina Strarovoytovadan və d. müsahibələr götürmüş, özünü əsil vətənpərvər kimi təsdiqləmişdir.
Ələkbər Salahzadə Milli Qəhrəman Çingiz Mustafayevə özünün “Xocalı xəcilləri” poeması ilə bir poetik rekviyem qoyub getmişdir. Onun həyatı və jurnalistlik fəaliyyəti bundan sonra bir sıra kinofilmlərdə də “Adam cinsi arasında cins adam”, “Bəd xəbər gətirən qəribə adamlar” (1993), “Azərbaycanda namus və sevgi ilə” (2006), “Bəd xəbər gətirən qəribə insanlar – 2” (2005), “Payızın 17 anı” (2007) və s. kimi nümunələrdə işıqlandırılmışdır.
Düşünürük ki, Ə.Salahzadə “Xocalı xəcilləri” poemasında Çingiz Mustafayevi və Xocalı soyqırımını kifayət qədər obyektiv, sənədli-poetik bir janrda işıqlandırmış, xalqımızın qəhrəmanlıq tarixinin, eyni zamanda erməni faşistlərinin və onların havadarlarınının iç üzünün açılmasında orijinal bədii, poetik və epik mənbə kimi uzun illər boyunca yaratmağa müvəffəq olmuşdur. Təəssüf ki, nə Çingiz Mustafayev, nə də Ələkbər Salahzadə Qarabağımızın bütünlüklə murdar erməni tapdağından azad olmasını, ərazi bütövlüyümüzün bərpasını görmədilər. Hər ikinizin ruhu aramla uyusun, ey Azərbaycanımızın ünlü Vətən Daşları!
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)