BİRİ İKİSİNDƏ – Mübariz Cədərlinin hekayələri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə nəsr nümunəsi təqdim edilir. Mübariz Cəfərlinin iki  hekayəsi yəqin ki, marağınıza səbəb olacaq. Elə onların milçəklərə və arılara (?) ithaf edilməsi özlüyündə orijinal və diqqətçəkəndir.

Beləliklə:                                           

 

Mübariz CƏFƏRLİ                            

AMADƏ

Milçəklərə

      

          Arı ilə milcək pəncərəsində xırda bir deşik olan balaca bir otaqda qalsa, arı bayıra yol axtara-axtara min kərə özünü şüşəyə, özü də az qala şüşənin eyni yerinə vurub tələf olacaq. Cünki bir xətlə, eyni cürə hərəkət eləyib azadlığa qovuşmaq istəyir. Loru dildə desəm, başı dəfələrlə divara, pəncərəyə dəysə də, inadından dönmür, yolunu dəyişmir. Milçəksə usanmadan, yorulmaq bilmədən dolanbac, ziqzaqlı şəkildə otağın hər tərəfində uçacaq, nəhayət, pəncərədəki balaca deşiyi tapıb bayıra çıxacaq. Bəzi adamlar da belədi. Ağıllı fikirləşincə dəli vurub çayı keçir. Dünyadan bixəbər, ancaq işbaz, çevik adam gecə-gündüz qapılar döyə-döyə, sağa-sola vurnuxa-vurnuxa, böyüklərin qabağında əyilə-əyilə, mənsəb sahiblərinin əlindən-ayağından öpə-öpə  özünə bir gün ağlayır, ətəkləri yalaya-yalaya öz ali məqsədinə, arzusuna çatıb sanballı bir vəzifə sahibi olur. Nadanların aqillərdən yaxşı, firavan yaşamasının səbəbi budu. Müdriksə ətalətə mübtəladı... Bunların hansı üstündü demək, sormaq, beləliklə də, müdriklə çevik nadanı eyni daş-tərəziyə qoymağın özü mizanı elə bəri başdan əymək deməkdi. Hərəsinin öz yeri, öz işi, öz yaşam tərzi var. Müdrik ona görə var-dövlət dalınca qaçmır ki, dünya malı adidən-adi görsənir ona. Həm də yanını yerdən qaldırmağa tənbəllik eləyir. Belə çıxır ki, tənbəllik özü də müdriklik əlamətidi. Amma sözsüz ki, müdriklik-nadanlıq, yaxşılıq-pislik nisbi anlayışdı. Ölçülər azca dəyişən kimi o anlayışlar da kəlləmayallaq olur, nadan müdrikə, müdrik səfehə, yaxşı pisə, pis isə əladan-əlaya çevrilir. Çünki heç nə dayanıqlı deyil, hər şey hərəkətdədi. Ona görə kənara çəkilib ağıllı-ağıllı hər şeyə qiymət verməyə tələsməyək. Onsuz da verdiyimiz qiymət düz, dəqiq olmayacaq. Bir də ayılıb görəcəyik ki, ya həddindən artıq baha dəyərləndirmişik lazımsız misi, ya da qızıla, lələ öz layiqli qiymətini verə bilməmişik. Qiymət qoyan nəinki heç nəyin əsl dəyərini bilmir, eləcə də özünün ən dəyərsiz varlıq olmağından xəbərsizdi. Necə deyiblər onu; ləldir, əşrəfdir, düşübdü nadan əlinə. Zər qədrini zərgər bilər. Zərgər də ki yoxdu, bəndələrdən əlini üzüb, məhşərəcən qalxıb göyün yeddinci qatına. Sözümün canı ondadı ki, məxluqun bütün dəyərləri dəyişkəndi. Bu günün qəhrəmanı sabahın qurbanlığıdı. Özünə dəyər verə bilməyən külli-kainatı necə qiymətləndirib aləmlərin sirrinə vaqif olacaq? Balaca bir cücünün, ağcaqanadın, milcəyin əlində aciz qalan başından çox-çox yekə işlər görmək istəyindədi. Əzəmətli fateh lövğa-lovğa necə demişdi kasıb müdrikə? “Ey böyük alim, ürəyindən keçənləri de, əmr eləyim bir göz qırpımında hüzuruna gətirsinlər”. Müdrik də cavab vermişdi ki, bacarırsansa, milçəklərin kökünü kəs, milçəklər məni çox incidir. Beləcə, fateh başından yekə qələt elədiyini anlamışdı. Məxluq milçəkləri yox eləmək xəyalına düşsə, öz nəsli qırılar. Bu dünyada neçə min növü olan milçəyin öhdəsindən fağır məxluq necə gəlsin? Sənə, sənin yaratdıqlarına inanmayana lənət, Xudaya! Demə, qidalanmayan milcəklər də varmış Yer üzündə. Əlbət ki, məxluq çox yazıqdı, qorxaqdı, bütün yaramazlıqları da elə qorxusundan törədir. Yox olanlar Yaradanın iradəsi ilə qeybə çəkilir. İnsan dağıdıcıdı, qırıcıdı, qan tökəndi, fitnə-fəsad törədəndi, şükür ki, tamam yox eləmək qüdrəti yoxdu onda. Yoxsa Yer üzü çoxdan məhv olmuşdu.

         O ki qaldı milçəklərin amadə yeməyinə, hazıra nazir olmağına, milçəklərin zəhmətkeş arılarla, qarışqalarla müqayisəsinə, mən bunu da düzgün saymıram, hər yaradılanın öz yeri var. Həm də Yer üzündəki bütün müqayisələr qüsurludu...

          Milçəklərin hazıryeyən olmağı da cəfəngiyatdı. Bağışla məni, hazıryeyən yalnız nəcis milçəkləridi, zibillik milçəkləridi. Dadlı xörəyə daraşan sapalaq arasında əzilib xurd-xəşil olmağı da gözünün altına almalıdı. Həmişə, hər yerdə belədi, havayı ləzzətin bədəlini gec-tez canınla ödəməlisən. Ölənlərin behiştlik, mənim rəhmətlik atamın yekə əlləri vardı. Yay vaxtı süfrə başında oturanda hərdən əllərini vurardı bir-birinə. Baxardıq ki, ovuclarının arasında əzilib içi çıxan milçəklərin sayı-hesabı yoxdu. Kişi heç əllərini də yumazdı bir şapalaqda qırx milçəyi əzəndən sonra. Başlayırdı heç nə olmayıbmış kimi Allah verəndən iştahla yeməyə. Özü də əllə, qaşıqsız, çəngəlsiz-filansız... Ancaq yavan çörəyi belə elə iştahla yeyərdi ki, baxanın ağzının suyu axardı. Yazıq iş-güc, əkin-biçin adamı idi. Səhərdən-axşamacan, gecə-gündüz torpaqla əlləşirdi, bel, kətmən əlindən düşmürdü. Çəkdiyi zəhmət onu iştaha gətirirdi, eynən maşın kimi də, məni sürmüsənsə, zəhmət çək, nöyütümü, benzinimi tök. Özü də qədd-qamətli, dimdik, şümal kişi idi rəhmətlik. İndiki kişilərin çoxunun qarnı ona görə hamilə arvadlara bənzəyir ki, zəhmət çəkməmiş, işləməmiş, tər dabanlarından axmamış bir ucdan yeyir. Bilmirəm, nə təhər deyim ki, Allaha-Tanrıya xoş getsin, elə bil həyətdə dayanıb sürülməmiş, üstündə milçəklər yatan maşına bir ucdan benzin tökürlər. O vaxt milcəkqıran-zad nə gəzirdi? Ya təzək yandırardıq ağcaqanadların, qara milçəklərin, uçan-qaçan min cürə qurdun, cücünün, həşəratın  əlindən, ya da ertədən girərdik miçətkənə. Bəzən şamını da elə miçətkəndə eləyənlər olurdu. İndi cürbəcür dərmanlar çıxıb, evə vurursan, milçək kandardan içəri girmir, ətirfason mayeləri bədəninə sürtürsən, ağcaqanad sənə yaxın durmur. Hamısı pul tələsidi. Adamlar gündə bir hoqqa çıxarırlar, odu söndürüb külü ilə oynayırlar. Xəbərləri yoxdu ki, zahiri bər-bəzəyə aludə olub min ildi nəinki yerlərində sayırlar, il-ildən geriləyirlər. Yuxudadılar hələ, dərin bir yuxuda, məhşər günü qəfil ayılıb görəcəklər ki, dərin, dibsiz, qaynar bir quyunun içinə düşüblər. Onda da gec olacaq, day əlləri heç yana çatmayacaq...

          Sənin işlərin nə təhər gedir? Evdə oturmağından belə başa düşürəm ki, bekarçılıqdı, iş gördürən yoxdu hələ ki... Neynək, darıxma, qismət Allahdan, verən də odu, alan da... Məxluqu da qınamalı deyil, qazancı qarnına güclə çatır, day svarka-mvarka işi heç kəsin yadına düşmür. Hərdənbir dincəlmək də lazımdı, gecə-gündüz işləyib dünya malından ötrü özünü öldürmək səfehlikdi.  Hara istəyirsən, fırla, milçək olmaq qarışqa kimi min bir zillət çəkməkdən yaxşıdı. Necə deyiblər onu, ağıllı olub yerin-göyün fikrini eləyinçə, özünü dəliliyə vur, qoy sənin  dərdini çəksinlər. Nə isə, sənə ləzzətli küftə-bozbaş gətirmişəm, dur qızdır, bu günlük onu ye, sabaha Allah kərimdi...

 

 

                                                  BAL

                                                             Arılara

     

Deyirlər, arıların beş gözü var. Necə gözü olur-olsun, mən arıların ifrat zəhmətkeşliyin divanəlik, səfehlik sayıram. Baxmayaraq ki, “Quran”da da bal arısına aid məxsusi surə var. Bununla belə, işləyə bilməyən, xəstə arının qanadlarını yolub yuvadan kənara ataraq tələf eləmək qəddarlığın son həddidi.  Yaratdığını, min bir dərdin dərmanı olan balını qədirbilməz məxluq yeyəcəksə, zillət çəkməyin mənası nədi? Düzdü, ayılar da meşədəki balı yeməyi xoşlayır, arının balından savayı südü də çox xeyirlidi. Amma bunun o xeyri yaradana, arılara nə dəxli? Gecə-gündüz zəhmət çək, gündə neçə kilometr uç, hər güldən bir qətrə toplayıb can dərmanı yarat ki, naşükür adamlar acından ölməsin. Artıb, çoxalıb qarışqa kimi düzü-dünyanı tutsun, güc toplayaraq hər yeri dağıdıb xarabazara çevirsin, məhşər gününü yaxınlaşdırsın. İnsan ruzi tapmayıb aclıqdan gəbərməliydi, kökü kəsilməliydi ki, bu dünya, Yer üzü rahat nəfəs alsın. Dağıdıcı üçün ruzi yaratmaq onunla əlbir  olub öz-özünə qənim kəsilməkdi. Qəddar arı ailəsinin kəskin qaydaları xəstə balasını yeyib heç olmasa fiziki birləşmək duyğusunu gerçəkləşdirən pişiklərin adətindən də qat-qat dözülməzdi. Pişik balasını aclıqdan yox, əlacsızlıqdan, istədiyindən  yeyir. Balası ilə bir yerdə olmaqdan ötrü... Qədim, antik dövrdə də təxminən belə rituallara rast gəlinirdi. Ad çəkmək istəmirəm, amma sevimli, bilikli sagirdləri, tələbələri ilə cinsəl yaxınlıq eləyən filosoflar vardı. Hər bir tələbə arzulayırdı ki, ustadı onunla yaxınlıq eləsin, çünki bu yaxınlıq həmin tələbənin seçilmiş olmasından, ən yüksək mərtəbəyə çatmasından xəbər verirdi. Bəzi antik filosoflar haqqında məhz buna görə ölüm hökmü çıxarılmışdı. Bu işin dinimizə zidd olduğu ilə, çox böyük günah sayılması ilə işim yoxdu. Hərçənd bunun tarixi  bizim dinimizdən çox-çox əvvəllərə gedib çıxır, elə İslamdan qabaqkı dinlər də bu işin ən bağışlanmaz suç olduğunu deyirdi. Bu öz yerində, əsas məsələ heyvanların,  həşəratların, insanların qoyduğu qaydadakı öləzik oxşarlıqdadı. Xəstə körpəni yeyib onunla birləşmək, işləyə bilməyən balasının qanadlarını yolub öldürmək, bir də ki öz oğlun qədər istədiyin ən istedadlı tələbənlə yaxınlıq eləmək... Şübhəsiz bu qaydalardan ən iyrənci adamlarınkıdı, ona görə ki, quramadı, nəfsə, şəhvətə xidmət eləməkdi. Hələ mən bunun dini tərəfini qoyuram bir qırağa. Beləcə, yenə eyni nəticəyə gəlirik; Adəm övladı yaranmışların ən yararsızı, ən murdarıdı... Yaradan belə murdar məxluqu yalnız dağıdıcılığına görə xəlq eləyə bilərdi.

          Nə gözlərini bərəldib diqqətlə qulaq asırsan? Başa düşürəm ki, heç nə qanmırsan. Səndə qəbahət yoxdu, hərdən mən özüm də öz fikirlərimin arasında dolaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Adamları da heyvanlarla, həşəratlarla müqayisə eləmək olar? Mən onları müqayisə eləmirəm, bərabər də tutmuram, mən balaca bir kəndin axundu kimi hökm verirəm özlüyümdə. Hökm verməyə ixtiyarım olmasa da, illərdi gəldiyim nəticəni dilimə gətirirəm: İnsan nəinki heyvandan, həşəratdan da aşağıdı. Əstəğfürullah, təkcə Qurbanolduğum tərəfindən seçilmiş müqəddəslərdən savayı... Əfsus ki, onların da, həyatlarını bu yolda fəda eləyənlərin də gücü yetmədi adamları düz yola gətirməyə...

          Mənə adi adam kimi baxma, nə dediyimi yaxşı bilirəm mən. Sənin başının tükü sanı kitab oxumuşam. Hərçənd, sənin də saçın seyrəlib. Keçəlləşirsən yavaş-yavaş... Mənim rəhmətlik dədəm də cavan vaxtından dazlaşmışdı. Yazığın yel xəstəliyi də vardı, sümüklərinin, oynaqlarının ağrısından səhərəcən yata bilmirdi rəhmətlik. Yazda cürbəcür arılar tutub soxurdu maykasının altına ki, vursun arılar onu. Arının zəhəri də xeyirlidi axı... Di gəl, arılar da neştərini sıxmurdu, batırmırdı onun bədəninə, vurmurdu onu... O qədər tənbəki çəkmişdi ki, təkcə üst-başından yox, bədənindən, qırmızımtıl dərisindən də tütün iyi gəlirdi kişinin. Arılar da sakitcə mürgüləyirdi, gəzirdi kişinin maykasının altında, azadlığa çıxmağa məqam axtarırdı, vəssalam. Dədəm də gözləməkdən bezikib axırda deyinə-deyinə, hirslə əynindəkini soyunurdu, əzilib xurd-xəşil olan arılar düşürdü yerə, qurtulanlarsa tez uçub gedirdi.

          Mən dədəmə oxşamamışam, dayılarıma çəkmişəm, saçlarım coddu, sıxdı, ancaq qar kimi ağappaqdı. Lap şaxta babaya oxşayıram. Saçım ağ, bığım-saqqalım ağ... Amma saçın ağarmağındansa elə tökülməyi yaxşıdı. Hərçənd, indi buna da çarə tapıblar, keçəl başa tük əkirkər, ağ saçı rəngləyib qapqara qaraldırlar. Bir növ, Allaha demirəm, zamana kələk gəlirlər indiki kişilər. Odey, Şirzadın oğlu çənə Bayram lap ağını çıxardıb; arvad kimi saçını saraldıb, eləyib sapsarı... Sən də görmüsən, yəqin. O abır-həya bilməz Bayram sarı başı ilə səhərdən-axşamacan şəstlə o yana gedir, bu yana gedir. Utanmaq-zad da qalmayıb adamlarda. Nə deyim, vallah, indi heç bilmək olur ki, kim hansı məzhəbə qulluq eləyir. Kimin əlinə nə gəlir, sürtür başına ki, belə moddu... Məxluq lap yolunu azıb. Əzəldən var idi hüsnü-cəmalı, indi də olub dəli Bayraməli...

          Arı dedim, yadıma düşdü, sənin üçün bir banka xalis bal gətirmişəm, acanda çörəyin üstünə yaxıb yeyərsən. İstəsən, bir az kərə yağı da  qatarsan. Yağnan balı bir-birinə qarışdıranda lap ləzzətli olur...

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.