İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində tanış olacağınız növbəti qələm əhli Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair Zeynəb Alıhüseynqızıdır.
Qısa təqdimat:
Zeynəb Alıhüseyn qızı Şahverdiyeva (Zeynəb Alıhüseynqızı) 1966-cı il dekabrın 13-də Astraxanbazar (indiki Cəlilabad) rayonunun Əliabad kəndində bir sadə və zəhmətkeş ailədə anadan olub.
Doğulduğu Əliabad kəndində 8 illik orta məktəbi bitirmiş və natamam orta təhsil haqqında Şəhadətnamə almışdır. Onun poeziya sahəsinə gəlişi 17-18 yaşlarına təsadüf edir. İlk əvvəllər müxtəlif mövzularda şeir yazsa da yalnız 46 yaşından etibarən dini mövzularda şeirlər yazmağa başlamışdır.
Zeynəb Alıhüseynqızı sərbəst, satirik, heca və məsnəvi tipli şeirlər qələmə alır. Hazırda onun şeirlərinin əsas hissəsini dini şeirlər təşkil edir. Dini şeirlərə daha çox xalq poeziyası şəkilində üz tutur və şeirlərində folklorun layla şeir şəklinə daha çox mürciət edir.
Doğma elimizin bu dəyərli xanım şairi 1990-cı ildə ailə həyatı qurmuşdur. Onun bu evlilik həyatından 2 övladı, 6 nəvəsi vardır.
Məlumat üçün qeyd etmək lazımdır ki, indiyədək Zeynəb xanımın bir çox şeirləri "Sözün işığı", "Region səs", "Sabaha inam", "Mustaqil.az" və digər mətbu orqan, qəzet, jurnal və internet portallarında yayımlanmışdır. Bundan əlavə, onun şeirlərindən ibarət iki kitabı da işıq üzü görmüşdür. Belə ki, 2017-ci ildə "Nə qədər sualım cavabsız qalıb", 2018-ci ildə isə "Allah, məni Əhli-Beytə dost eylə" adlı şeirlər toplusu çap olunmuşdur. Hal-hazırda Cəlilabad rayonunda evdar xanım olaraq yazıb-yaratmaqla məşğuldur.
Bədii ədəbiyyat nümunələri:
Zeynəb xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış oluruq:
"Allah, sənə məxsusam"
İstədim özümə bir nəzər salım,
Görüm ki, kiməm mən nədir əhvalım.
Baxdım ki, mən deyə biri yox Allah,
Tam sənə məxsusam qurbanın olum.
Yediyim, içdiyim, gördüyüm sənin,
Aldığım, verdiyim, böldüyüm sənin,
Ruhum da, cismim də axirətim də,
Olub, yaşadığım, öldüyüm sənin
Ömr etdim savabım, günahım oldu,
Göndərdiyin Quran pənahım oldu,
Fərqi yox, itirib tapsam hər nəyi,
Bəsimdir sənintək Allahım oldu.
Onun digər şeirdə oxuyuruq:
Sevən sevə yarın gərək dərindən,
Nə dediyin oxuya gözlərindən.
Yar şirindi şirin olur şirindən,
İşarədən gərək yarın yar ana.
Sən ara yarını uzaq yaxından,
Gündüz aşikarda gecə yunundan.
Qəlbində dəlinsə sevgi oxundan,
Yar dediyin məlhəm olar yarana.
Söyləsin sevdiyin qoy sən deyəni,
Sipər elə çətinliyə sinəni.
Nə gözəldir sevən sevir sevəni,
Sevgi gərək iki candan yarana...
Həmçinin, Zeynəb xanımın digər şeirində oxuyuruq:
Nə gözəl yorğunluq, nə gözəl təmas,
Gözəlliyə yaman oldum aludə.
Şair olub gözəlliyi duyasan,
Vəsv edəsən gördüyün bu halıda.
Güllərin ətrini köksümə çəkdin,
Sanki behiştin bir nişanəsidir.
Çayların, quşların səsi başımda,
Cənnət cəlalının bir guşəsidir.
O qədər gözəllik görmüşəm ki mən,
Gözəllik canıma yığılıb dolub.
O qədər gözəllik çəkib ki gözüm,
Gözüm gözəlliyin rəssamı olub...
Son olaraq doğma elimizin tanınmış şairi Zeynəb xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)