Allah qapısını açsın!.. Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

Bir vaxtlar onun sayəsində evinə çörək aparanlar çox olub. Xüsusən də, yaradıcı adamların arasında elələri var ki, problemlərinin həllində ondan xeyli yararlanıblar. Nə olsun ki? Fəqət, necə deyərlər, verdiyi çörəyin duzu ki olmayıb. Etdiyi yaxşılıqların cavabını ala bilməyib. Dostlarının əksəriyyəti namərd çıxıb. Əjdər Olu deyirəm. Bəli, bu dəfə sizə hazırda həbsdə yatan şair, publisist, tərcüməçi Əjdər Oldan danışmaq istəyirəm...

 

O, 1958-ci ilin avqust ayının 17-də Hacıqabul şəhərində anadan olub. Orta məktəbi orada bitirdikdən sonra təhsilini indiki Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində davam etdirib. Daha sonra isə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə müəllimliklə başlayıb. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor, Yazıçıların yaradıcılıq evində direktor müavini, Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini, Prezident Aparatında milli məsələlər üzrə məsləhətçi, "Şur" nəşriyyatında baş redaktor, Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi, Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru, Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri vəzifələrində çalışıb. 2013-cü ildən həbs olunanadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar həbs edilib...

Deyir ki:- “İnsanlar müxtəlif tezlikdə düşünürlər. Biri çox sürətlə düşünür, sürətlə hərəkət edir, o biri ləng olur. Adam var çox ağıllıdı, amma tənbəldi. Ağıl, düşüncə və hərəkət tezliyi hərəni bir mənzilə aparıb çıxardır. Hazırcavablıq necə olur? Adam arzulamaqla hazırcavab ola bilməz. Hazırcavablıq düşüncə sürəti ilə bağlıdır. Qarşı tərəfi duymaq da görünür insanın beyinlə əlaqəli başqa bir qabiliyyətidir.Ümumiyyətlə, zaman hadisələrə fərqli baxır. Sənə ciddi gələn şey ona gülünc görünür. Yaxud zamanına görə hamıya ciddi gələn bir epizod, bir cəsarətli addım bir müddət sonra çox adi təsir bağışlayır. Mən xaraktercə hadisələrə gələcəkdən baxanam. Bəlkə, adamda ironiya yaradan elə bu amildir. Düzdür, deyirlər, sonunu düşünən qəhrəman olmaz...

Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri 1981-ci ildə "Azərbaycan" jurnalında dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edib. Bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə “Milli kitab mükafatı”na, Respublika Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına layiq görülüb, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub...

“Hər yazıçının özünün üslubu, dünyagörüşü, yanaşma bucağı var və bu özəlliklər bütün əsərlərdə bu və ya digər şəkildə üzə çıxır. Elə hadisələr var, ironiya, elə hadisələr də var, ciddiyyət doğurur. Dövrün adamları, onların özlərini necə aparması, hadisələrə dəyib qayıtması, hadisələrdə əks olunması, istək və ehtiraslarının üzə çıxması hər bir əsərdə öz əksini tapır. Fərqi yoxdur, kim haradadır. Misal üçün, ustad Məmmədhüseyn Şəhriyar otuz ilə yaxın Tehran və Təbriz banklarında mühasib işləyib. Sonralar mühasibat şöbəsinin müdiri də olub. Ordan da pensiyaya çıxıb. Adam çətin təsəvvür edir. O cür duyğulu, koloritli bir şair ömür boyu rəqəmlərlə baş-başa qalıb. Məmurluq sadəcə onun işi idi və orda da özünə və cəmiyyətə fayda verirdi.”- söyləyir.

Qırxa yaxın şeir, hekayə və publisistika, ona yaxın tərcümə kitablarının müəllifidir. Dörd pyesi müxtəlif teatrlar tərəfindən tamaşaya qoyulub. İki ssenarisi əsasında film çəkilib. Haqqında isə- “Əjdər Olam”, “Əjdər Ol. Bir könül savaşı”, “Sənət əsirliyində” və “Nəsrin imkanları” adlı kitablar işıq üzü görüb...

Deyir ki:- “Bütün yazılarımda yalançı təvazökarlıqdan qaçmışam. Həyatla tapmaca oynamaq lazım deyil. Ədəbiyyatın işi fərdlərlədir. Birini həyəcanlandıran hadisə, başqa birinə az təsir edə bilər. Çox vaxt hər hansı problemə görə səs-küy salanlar bunu xal qazanmaq üçün edirlər və işi ictimailəşdirib bir az da korlayırlar. Şəxsən mən danışmaqdan, münasibət bildirməkdən daha çox, problemin həlli üçün əlimdən gələni etməyi üstün tuturam...

...Heç kim səhv etməkdən sığortalanmayıb. Bəzən səhv cinayətə çevrilir. Hər bir cinayət isə gec-tez öz cəzasını almalıdır. O da öz səhvinin cəzasını çəkir. Bağlı qapılar arxasında ömür sürür. Allah qapısını açsın!..

“Ədəbiyyat və incəsənət”

 

(17.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.