“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Elşən Əzimin şeirləri təqdim edilir.
QAPILAR
Bilir gedən qışdı, gələn bahardı,
açılır budaqda yarpaq qapılar.
Qara bir üzündə, ağ bir üzündə,
işığa, zülmətə ortaq qapılar.
Bir də görürsən ki, çırpılır üzə,
bir işıq süzülüb sancılır gözə.
Əyilib keçməyi öyrədir bizə
boyu boyumuzdan alçaq qapılar.
Ürək kəlmə-kəlmə süzülüb gedər,
dünya ağızlarda söz olub gedər.
Söz ayaq altında toz olub gedər,
olmasa dillərə dodaq qapılar.
Kağız qapıları döyür bu qələm,
döyür ki, bir mətləb üstünə gələm.
Açılsa, nə fayda, örtülsə, nə qəm,
sürtük astanası tapdaq qapılar.
ABSURD
Hövsələn çatmaya çox yaşamağa,
Ömrün həsrətindən uzun olmaya.
"Daha sözüm yoxdu sənə" deyəsən,
Amma doğrudan da, sözün olmaya.
Biri badə alıb tost deyə sənə,
Marağı könlündən üstün olmaya.
Hamı bir ağızdan "dost" deyə sənə,
Sənin bircə nəfər dostun olmaya.
Dönüb söhbət edə yol işıqları,
İşığın səsinə oyana adam.
İşığın dalınca uça kəpənək,
Amma pərvanədən qaça bilə şam.
Bir də çox uzaqda sorağın ola,
bir addım atmağa yolun olmaya.
Bir də bal tutmağa barmağın ola,
Barmaq yalamağa dilin olmaya...
TROMB-FİKİR KÜLÇƏSİ
Bir axşam darıxanda
əlinə baxtın keçə.
Tutub məzələnəsən,
beləcə vaxtın keçə.
Bir ömrün son gecəsi,
xəyallar da dinc ola.
Tromb – fikir külçəsi –
qopub damarlarından
ürəyinə sancıla.
Beləcə taleyindən
gəlib infarktın keçə.
Ta bəsdir, xəyalından
bir uzunsaç qız ötdü.
Indən belə nə fərqi,
cüt keçdi, yalqız ötdü.
Bir də ayılasan ki,
böyründən kağız ötdü.
Ağlına da gəlməyə,
külək əsə, yanından –
pəh... Ölüm aktın keçə.
BUDAQDAN QOPAN GECƏ
Qaranlıq asılıb əyir budağı,
qopur o budaqdan bu gecə düşür.
Gecə ha oynayır əsəblərimlə,
yenə qismətinə heç-heçə düşür.
Bəzən gecə ilə söz yaşıd olur,
aya ay, günə gün düz yaşıd olur,
Ayaq izlərinə göz yaşı dolur,
yolların bəxtinə gölməçə düşür.
Edir dar ağacı mənim sazımı,
asır hər simindən bir avazımı.
Allah, özün yoxla alın yazımı,
öz dəsti-xəttinə gör neçə düşür?!
İKİLƏŞMƏ
və bir gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
sən gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.
və baxıb görərsən, bu elə sənsən,
göz sənin gözündü, qaş sənin qaşın.
kostyum, qalstuk, köynək səninki,
əyin sənin əynin, baş sənin başın.
və baxıb görərsən, əl də sənindir,
ayaq da sənindir, başmaq da sənin.
hardasa dayanıb yol gözləmək də,
harasa tələsib qaçmaq da sənin.
və bir də görərsən, dil səninkidir,
dilin danışdığı söz sənin deyil.
o ağız, o burun, o qulaq sənin,
amma ikiləşən üz sənin deyil.
əlini salarsan cibinə, bəh-bəh,
əl sənin əlindi, cib sənin deyil.
bu gələn avtobus gözlədiyindi,
o minib getdiyin CİP sənin deyil.
və bir də baxarsan səndən geridə,
yollarda piyada bir adam qalıb.
yoxdur bənzəriniz bir-birinizə,
yollara göz dikib dəmadəm, qalıb.
YUXUSUZLUQ
Dar ağacı kimidi yuxusuzluq,
Göz qapağım asılıb kirpiyimdən.
Kirpiyim – tavana bağlanmış kəndir.
Çilçıraqdan zülmət asılıb,
Ölü qaranlığın yellənən ayaqları
üzümə dəyir.
Və palçıqlı bir küçədə
Bir ev plana düşüb –
Qarabağ qazisinin evi.
Bir çətən külfətiylə çöldə qalıb,
Yoxsulluğun “paxmel”indən ayılmır.
Bir müəllim uşağı
Bir məmur uşağıyla sinif yoldaşıdır.
Gözünün altıyla baxır
Dostunun bahalı gödəkcəsinə.
Soyuqdan üşüyür,
Həsəddən üşüyür,
Həsrətdən üşüyür.
Əlimi yavaşca dizimə vururam
əlim ürəyimə dəyir.
əlim ürəyimə dəyir yaşadığım idarə binasının
dar otağında.
Ötən il satdılar mənə düşəcək qaçqın evini.
Bir müsəlman ölkəsində məktəbdə terror.
Sinif otağının küncündə qanla dolu uşaq ayaqqabısı,
Və bu ayaqsız başmaqlar yeriyir xəyallarımda,
Qırmızı izlər salır
Dünyanın boz sifətinə.
Və bu izlər qırmızı butalara dönür.
Naxışlanır dünyamız.
Qanlı şagird dəftəri gətirir
Bir sahibsiz əl.
Güllələrlə yoxlanıb bu dəftər
Səhvlərin altında qanla çəkilib xətlər.
Dar ağacı kimidi yuxusuzluq,
Göz qapağım asılıb kirpiyimdən.
Kirpiyim tavana bağlanmış kəndir.
Çilçıraqdan zülmət asılıb,
Ölü qaranlığın yellənən ayaqları üzümə dəyir.
PAYIZIN SƏHƏR OVQATI
Vaxt uçur kəpənək kimi,
Əlimə zəri dağılır.
Sarı yarpaqlar üstünə
Zamanın təri dağılır.
Əksi qalır sədaların,
Qəmzələrin, ədaların.
Hər gün dəli sevdaların
Başımdan biri dağılır.
Gülü sulu dərmək olmur,
Qönçə vaxtı görmək olmur.
Ta ömrü də sürmək olmur,
Gündə bir yeri dağılır.
HAVA PROQNOZU
Bu ilin payızı yubanmayacaq,
bu il yarpaqlar da tez töküləcək.
Köhnə yazıları sovuracaq yel,
bu il göydən yerə söz töküləcək.
Nəyin sorağıdı, bu necə səsdi,
doğrudu, yanlışdı, yaxşıdı, pisdi?
Bu il çırpılacaq dünyanın üstü,
bu il kainata toz töküləcək.
Sürtülüb çıxacaq kiri kiminsə,
sınacaq qanadı, pəri kinminsə.
Örtülü qalacaq sirri kiminsə,
yenə dil kəsilib göz töküləcək.
Bir gün dəyişsə də qibləsi, piri,
dəyişməz olanın-olmazın yeri.
Hardasa acından öləcək biri,
hardasa yel əsib qoz töküləcək.
ÖZÜMDƏN GETMƏYƏ YER YOX
Əsəbim içimdə dustaq,
Özümdən çıxmıram daha.
Öz əlimin altındayam,
Sözümdən çıxmıram daha.
Gözlərim qoşa pəncərə,
Şüşəsi toz, aynası tor.
Zaman hörümçəkmiş, demə,
Tor toxuyur bu gorbagor.
Gözümdə qalan arzular,
Gözümdəki tora düşür.
Kətana yüz rəng çəkirəm,
Bu həyat ağ-qara düşür.
Öz başıma dolanıram,
Özümtək sınanmış Pir yox.
Özümdən çıxmağa qapı,
Özümdən getməyə yer yox.
ÖZÜMƏ
Səslər də kəsilər səs eləmədən,
Çəkilər, yox olar səslər astaca.
Kimsə pıçıldayıb "gəl" deyər sənə,
O gedər, səni də səslər astaca.
Ardınca düşərsən gedən tabutun,
Görərsən bir daş var qardaşın adda.
Gözün o daşdakı gözə dikilər,
Amma fikrin qalar o daşın altda.
Dolub-boşalmaqdan tor görər gözün,
Enər boz dumanlar, sislər astaca,
Yanında yanımcıl göstərər özün
Sənə qənim olan kəslər astaca.
Torpaq qəzəbindən açar yaxasın,
Səni də torpağa tapşırar əllər,
Ayağın altına tikan əkənlər,
Məzarın üstünə gül gətirəllər.
Səslər də kəsilər səs eləmədən,
Kəsilər, doğranar səslər astaca.
Ölüm mələyidir ömür bildiyin,
Səni qundağında bəslər astaca.
ŞUŞAYA KÖÇ GƏLİR
Bulud ətir səpir öz yağışıyla,
Şuşaya köç gəlir yaz yağışıyla.
Qaya əllərini gözünün üstə –
Qaldırıb köçünü gözləyir Şuşa.
İçindən qopmuşdu ruhu otuz il
Ruhunu, İçini gözləyir Şuşa.
Oğul qarşılayan ana misalı
Bayram libasını geyinir Şuşa.
Gedəndə ardınca su atmamışdı –
Gələn qədəmlərə su səpir indi,
Öyünür Şuşa.
Yuxudan ayılır bir qərinəlik
İnfarktdan sağalmış bir ürək kimi
Yenidən, yenidən döyünür Şuşa.
Açılır Şuşanın yolları, Tanrım,
Açılır qoynunda qalan qolları.
Sərir qollarını, qanadlarını
Gələn balasının qədəmlərinə.
Bu şəhər üz tutur sabahlarına
Bu köç salam verir qədimlərinə.
Şuşaya köç gəlir bu bahar çağı
Gəlir qələbənin nübarı kimi,
Düzülür bir durna qatarı kimi.
Bir zaman üzünü göylərə tutub
Durna qatarına söz deyən Vaqif
İndi göy üzündən yerlərə baxır
Bu köçü, növrağı gözləyən Vaqif
Deyir:
"Fərağınızdayam xeyli zamandır
Sözüm vardır mənim sizə, durnalar".
Şuşaya köç gəlir, durna qatarı...
Şuşaya köç gəlir, maşın karvanı...
KƏLBƏCƏRDƏ
Yelli yurdda eynəyimi itirdim,
Yaylaq dedi, öz gözünlə süz məni.
Çəmən dedi, naxışıma fikir ver,
Doğru duysun, dürüst görsün göz məni.
Məni görüb nə dedisə küləklər –
Zirvələrdən yerə düşdü örpəklər.
Meh dəyəndə pıçıldaşdı çiçəklər,
Biri dedi, şeirinə düz məni.
Köks ötürdüm, havasını bol aldım,
Yaşamağa möhlət aldım, il aldım.
Babam çadır quran yerə yol aldım,
Düz apardı tanıdığım iz məni.
Dinlədikcə dağ çayının səsini,
Əl çaldımı yarpaqların əsimi?
Ocaq daşı saxlayıbdı hisini,
Off, yandırdı kül içində köz məni.
Yamaca bax, örtüb tirmə şalını,
Sərgiləyir yaşılını, alını.
Enib sordum Göy bulağın halını,
Cavab verdi, yaman tutdu söz məni.
Xallı daşlar ayağımı əzmədi,
Dik cığırlar nəfəsimi kəsmədi,
Yoxuşlarda titrəmədi, əsmədi,
Şükür, peşman eləmədi diz məni.
Qaya gördüm, qırx igidə arxadır,
Dedim, mən də yad deyiləm, arxa dur.
Moruq gördüm, kol altında sırğadır,
Gülüb dedi, oğulsansa, üz məni.
Deyərəmmi məst elədi, bayıltdı?
Çəmən ətri yaddaşımı ayıltdı.
Çox Elşənlər dönük çıxdı, qayıtdı,
Anam dağlar, bağışlayın siz məni.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)