“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində yenidən nəsr vaxtıdır, sizlərə Əlisəftər Hüseynovun “Meloman” adlı sənədli hekayəsi təqdim edilir.
MELOMAN
(sənədli hekayə)
"Sözün qurtardığı yerdə
.musiqi başlayır".
Artur ŞOPENHAUER
…Diksinib yuxudan ayılandan sonra bir müddət harada olduğunu müəyyən edə bilmədi – görünür, nənəsi demişkən, silkələnib yuxusunun içindən hələ tam çıxmamışdı. Yuxuda gördüklərini və yaşadığı hissləri şüurunun fokusuna heç cür yığa bilmirdi: elə bil məkan və zaman duyğusunu itirmişdi. Axı harada idi o? Yuxuda gördüyü o möhtəşəm konsert salonunda, yoxsa həyətlərindəki böyük gilas ağacının altında? Bəs onda bu taxta divarlar nə idi? Həyətlərinin hasarları bir yana, konsert salonunun divarları taxtadan olmur axı.
Qəfildən ona elə gəldi ki, heç yerdə də deyil, haradasa uzarlarda mavi səmada qanadslz-filansız uçur və belə getsə, ruhu bu dünyanı tərk edib həmişəlik məchul bir aləmə qovuşacaq.
Gün növbətçisinin ucadan dediyi və boş dəhlizin divarlarına dəyib əks-səda verən sözlər öz işini gördü:
– Farağat! Bölük növbətçisi çıxışa!
Konsert salonu artıq bir ildən də artıq hər gecə yatdığı kazarmanın soyuq divarları arasında əriyib yox oldu, həyətlərindəki gilas ağacından gələn xoş qoxu burnundan çəkilib getdi, hansısa bir qüvvə asudəlik içində üzən ruhunu sanki aşağı çəkib Rusiyanın uzaq bir qəsəbəsində yerləşən əlahiddə bölüyün taxtadan tikilmiş kazarmasındakı əsgər çarpayısına bağladı. Amma nə növbətçinin kobud səsi, nə də kazarmanın soyuqluğu bayaqdan içində qövr edən o səsə – “Rast”ın möhtəşəm melodiyalarına dov gələ, onları susdura bilmədi, çünki o melodiyalar çoxdan ruhunun bir parçasına çevrilmişdi.
“Rast” simfonik muğamına olan bu sevda ürəyində nə vaxt cücərmişdi, ruhuna necə hopmuşdu, bilmirdi. Bunu sözlə ifadə etmək çətin, bəlkə də, mümkünsüz idi. Əsgərliyə gəlməmişdən əvvəl son iki ildə dostunun Bakıdan alıb gətirdiyi valı hər gün azından iki dəfə oxutdurub dinləməsəydi, nəfəsi tıncıxırdı. Ələlxüsus da gecə yatmazdan əvvəl onu mütəq dinləməli idi, yoxsa yata bilməzdi. Və çox vaxt da o melodiyaların təsirindən məst olub nə vaxt yuxuya getdiyindən xəbəri olmazdı. Belə vaxtlarda anasının o biri otaqdan deyinə-deyinə gəlib valoxudanı şəbəkədən ayırmağını görməsə də, dediyi (və çox güman ki, hər dəfə təkrar etdiyi) sözləri bir dəfə yarıyuxulu vəziyyətdə eşitmişdi: “Vallah, bu gədənin başı çönəcək… Nə görüb bu səs-küydə, bilmirəm”.
“Ay səni, mənim əziz anam. Bu, səs-küy deyil ey, mənim ruhumdur, qiyafəsini dəyişib musiqiyə, melodiyaya çevrilib. Onu dinləyəndə özümü görürəm, elə bil ikinci dəfə doğuluram”.
28 dəqiqəlik simfoniyaya o qədər qulaq asmışdı ki, artıq əzbər bilirdi, ürəyi istəyəndə ağzında zümzümə edirdi. Əlbəttə ki, özü üçün. Amma necə oldusa, bir dəfə çayxanada dostlarının yanında bu sevdadan söz saldı və simfoniyanın final hissəsini şövqlə, həvəslə ağzında ifa elədi. O vaxt dostlarından biri anasının dediklərini təəccüb, heyrətqarışıq istehza ilə bir qədər başqa formada təkrarladı:
– Qardaş, belə getsə, sən dəli olacaqsan…
Lüğətlərə baxıb öyrənmişdi ki, onun kimi adamlara meloman deyirlər, yəni janrından, növündən asılı olmayaraq bütün musiqi əsərlərinə maraq göstərən, musiqi ilə yaşayan adam. Doğrudan da, musiqi onun üçün kefinin duru vaxtlarında əylənmək, vaxt keçirmək üçün vasitə yox, hisslərin, duyğuların səsi, ruhun obrazı, əksi kimi bir şey idi və o, bu səsləri duya, oxuya, o obrazı görə bilirdi. Onun fikrincə, bu dünyada hər şeyin – daşın, yarpağın… ən başlıcası isə hər bir insanın öz musiqi obrazı vardı, adamlar təkcə canlı varlıq kimi yox, həm də öz xarakterlərinə, temperamentlərinə uyğun musiqi melodiyası kimi mövcud idilər. Uşaq mahnılarından tutmuş, böyük simfoniyalara qədər xoşuna gələn xeyli miusiqi vardı. Amma “Rast” onun üçün ayrı aləm idi. Bu əsərdə nə isə sirli, magik bir qüvvə vardı, onu dinləyəndə asudəlik, xoşbəxtlik, işıq içində üzürdü, “Rast”ın güzgüsündə özünün heç kimə açmadığı sirlərini görürdü, elə bil öz-özü ilə sonu görünməyən, heç vaxt bitməyəcək əbədi söhbətə başlayırdı.
Əsgər gedəndə “Rast” yazılmış valı evlərində qoyub “Rast” ın özünü ürəyində Rusiyanın bu uzaq qəsəbəsinə gətirdi, evləri, doğmaları üçün darıxanda onunla söhbətləşdi, dərdləşdi, soyuq, şaxtalı qış gecələrində qarovulda olanda “Rast”ln istisinə qızındı, “Rast”ın melodiyalarından qanad taxıb Vətənə – küçədəki akasiya ağacının xoş ətri dolan həyətlərinə sarı uçdu…
Bu gecə də bu yuxu!
Qəribə yuxu idi – elə bil nə əvvəli vardı, nə də sonu. Gördü ki, böyük, işıqlı bir konsert salonunda tək-tənha oturub. Qəfildən maestro Niyazi sağ tərəfdəki qapıdan daxil olub səhnəyə qalxdı, onu gözləyən orkestrin qarşısına keçib salona baş əydi, elə üzü salona dayanıb cibindən çıxardığı dirijor çubuğunu havada yellədi və elə o andaca “Rast”ın möhtəşəm sədaları ürəyinə sancılıb ruhunu zəbt elədi.
O, televizorda maestronu dirijorluq edən yerdə görmüşdü, amma indi bir vaxtlar gördüklərinin içində idi – maestronun melodiyaların tempinə, ritminə uyğun dəyişən sifətini, əllərinin qeyri-adi hərəkətlərini, barmaqlarının rəqsini canlı izləyirdi.
O heç vaxt dirijorun üzü salona, arxası isə orkestrə tərəf dayanıb dirijorluq etdiyini görməmişdi və yəqin ki, heç vaxt da görməyəcəkdi. Amma indi ağlına gəlməyən olayın şahidi idi. Yuxu məkanında – öz yuxusunun içində olduğunu bilmirdi axı. Bunu qəfildən diksinib yuxudan ayılandan bir müddət sonra bildi.
İndi çarpayıda uzanıb o yuxunu bütün təfərrrüatı ilə yadına salmağa çalışa-çalışa içində baş qaldıran yeni bir istəyi – “Rast”ın özünü, daha doğrusu, “Rast” yazılmış valı bura gətizdirmək, təkcə özünün yox, hamının eşidəcəyi tərzdə səsləndirib bu qəsəbənin havasının, səmasının canına hopdurmaq arzusunu reallaşdırmaq barədə düşünürdü…
Səhər yeməyindən bir saat sonra adına “Leninckaya komnata” dedikləri otaqda ictimai-siyasi məşğələ vaxtı ali hərbi məktəbi bu il bitirmiş gənc leytenant Şiyanov xalqlar dostluğu barədə mühazirə oxuyanda dəftərindən bir vərəq qoparıb dostu Yasinə aşağıdakı məzmunda məktub yazdı:
“Yasin, salam. Bu məktubu məşğələ vaxtı tələsik yazıram. Xahiş edirəm onu oxuyandan sonra bizə get, anama de ki, kitab şkafının üstünə qoyduğum valoxudanın yanındakı valı – sənin Bakıdan alıb gətirdiyin “Rast”ın valını deyirəm – sənə versin. Onu mümkün qədər tez mənə göndər.
Hələlik bu qədər.
Dostlara salam de”.
***
Düz iki həftənin tamamında gözlədiyi bağlama gəldi. Böyük val idi, bir üzünə “Rast”, o biri üzünə maestronun müxtəlif janrlarda bəstələdiyi kiçik həcmli əsərlər yazılmışdı. Elə bu üzün düz ortasında maestronun hansısa qəzetdən kəsib götürdüyü şəklini yapışdırmışdı.
Valı sığalladı, şəklə baxanda evdə qoyub gəldiyi valoxudan gəlib durdu gözlərinin qabağında, kövrəldi və sevincinin təntənəsini tam yaşamağa macal tapmamış fikir onu götürdü: “Yaxşı, mən bu valı harada, necə oxudacam ki, səsini hamı eşitsin?”
Aydındır ki, valı sığallayıb üzünə baxmaq üçün gətizdirməmişdi. Amma indi başa düşdü ki, onu burada səsləndirmək şansının olmamasını nəzərə almayıbmış.
Pərt halda boynunu qaşıya-qaşıya vəziyyətdən çıxış yolu axtarmağa başladl və qəfildən bircə anın içindəcə o yolu tapdı… “Dayan, dayan… Bölükdə hər gün səhər yerbəyerinin sonunda SSRİ-nin dövlət himnini səsləndirən valoxudan var axı. Niyə ağlıma gəlmir bayaqdan? Düzdür, onun qoyulduğu otağın açarı həmişə starşinada olur və otağa ondan başqa heç kimin girməyə icazəsi yoxdur. Nə olsun? Xahiş edərəm, yarım saat mənə icazə verər”.
Eni təxminən bir, uzunluğu da iki metr olan o hücrədə heç vaxt olmamışdl. Amma eşitmişdi ki, orada üstünə köhnə bir valoxudan qoyulmuş kiçik mizdən və SSRİ-nin dövlət himni yazılmış valdan başqa heç nə yoxdur. Hər gün səhər yerbəyerinin sonunda hərbi hissənin komandiri ucadan “Farağat” komandası, ardınca da əlini baş geyiminə yaxınlaşdırıb “SSRİ- nin hava sərhədlərinin müdafiəsi üçün döyüş növbəsinə başla” əmrini verən kimi içəridə hazır dayanmış starşina valoxudanın iynəsini işə salırdı və himnin həyətdəki dirəyə bırkidilmiş səsucaldandan pərvazlanan sədaları kiçik qəsəbənin, bəlkə də, hər yerinə yayılırdı…
Axşam yeməyindən sonra starşinaya yaxınlaşdı:
– Yoldaş starşina, müraciət etmək olar?
Starşina içkili adamların gözləri kimi süzülən gözlərini ona zilləyib dedi:
– Olar.
– Xahiş edirən nəzarətinizdə olan kiçik otaqdakı valoxudandan yarım saat istifadə etməyimə icazə verəsiniz.
Nəyə görəsə ümid edirdi ki, starşina tərəddüd etmədən açarı çıxarıb ona verəcək və sonra da gedəcək öz vacib işlərinin dalınca.
Amma tam əksinə oldu.
– Başın xarab olub-nədir, yoldaş əsgər? O valoxudanın köməyi ilə hər səhər dövlət himni səslənir. Onun saz olmağına başımla cavabdehəm – bu bir. İkincisi, nəyinə lazımdır o valoxudan sənin?
Eşitdiklərindən dilxor, məyus olsa da, axıra kimi getmək qərarına gəldi:
– Bir val var, onu səsləndirəcəm.
Starşinanın gözləri qəzəblə parıldadı:
– Val? Nə val? Nəyi səsləndirəcəksən onunla?
– ”Rast” simfonik muğamını, – fəxrlə dedi. – Bizim böyük dirijor və bəstəkar Niyazinin əsəridir.
Starşina dünyagörüşü yüz qram araq, turşuya qoyulmuş beş-altı xiyar, əsgərlərin həftəsonu hamamlanması, alt paltarlarının camaşırxanada yuyulub təmizlənməsi və bu kimi digər qayğılarla məhdudlaşan tipik rus mujiklərindəndi və indı onun həmin o illərdə nəinki himninin təəssübünü belə canıyananlıqla çəkdiyi SSRİ-də, hətta onun hüdudlarından kənarda da yaxşı tanınan, dünyanın ünlü dirijorlarından hesab olunan Niyazini tanımaması hardasa təbii idi. Amma dediyi sözlər Niyazinin, onun təmsil etdiyi xalqın sanbalına qətiyyən yaraşmadı:
– Sənin “Rast”ın bilirsən hara getsin? – həmin o vulqar sözü işlətdi, – Niyazidir, Miyazidir, o da dalınca. Simfoniya yazan olub bunlar. Sizin qıy-qışqırığınıza görə karyeramı risk altına qoymalıyam? – alovlu çıxışına tipik rus sözləri ilə nöqtə qoymağı da unutmadı, – çernomazı çurbanlar!
Starşinanın ağzından çıxan hər söz başına ağır çəkic zərbəsi kimi dəyir, ruhuna mismar kimi sancılırdı, amma cavab verə bilmirdi, çünki ən kəsə cavab starşinanın üzünə tüpürmək idi ki, andıra qalmış subardinasiya qadağası buna imkan vermirdi.
Bir müddət hərəkətsiz dayandl və çıxışını bitirib öz vacib işlərinin dalınca gedən starşina hələ gözdən itməmiş ağlına gələn fikirdən diksinib – elə bil yeni Amerika kəşf eləmişdi – öz-özünə pıçıldadı: ”Səhv etdin, həddi keçdin, yoldaş starşina. Sən sən ol, mən də mən. Səni qıy-qışqırıq adlandırdığın o “Rast”ın sədaları altında faragat dayandırmasam, dədəmin oğlu deyiləm. Onda görərik kimdir çurban”.
Səhər yerbəyeri həmişə 13-15 dəqiqə çəkirdi. Ertəsi gün də elə oldu. Komandir ötən günün döyüş növbəsini qısaca təhlil elədi, yaxşı xidmətinə görə kimlərisə təriflədi, pis xidmətinə görə kobud sözlərlə kimlərisə tənqid elədi, yeni gün üçün tapşırıqlar verdi və nəhayət, əlini baş geyiminə yaxınlaşdırıb hər gün verdiyi əmri təkrarladı:
– SSRİ-nin hava sərhədlərini qorumaq üçün döyüş növbəsinə başla!
Sırada rus, özbək, gürcü, ukraynalı, erməni millətindən olan əsgərlər, sıranın qarşısında və komandirin yanında dayanmış zabitlər özlərini “qurudub” farağat vəziyyəti aldılar və və bir neçə addımlıqda dirəyə bağlanmış səsucaldandan SSRİ-nin himni əvəzinə “Rast”ın möhtəşəm sədaları gözdən-könüldən uzaq bu kiçik qəsəbənin səmasına yayıldı.
Kimin birinci özünə gəldiyini demək çətin idi. Bu səslər orada olanların hamısının qulaqlarından girib içlərində bir fırtına, təlatüm yaratdı. Neçə saniyə keçdi, bir Allah bilir. ”Qurumuş” bədənlər bir-bir boşalmağa, gözlər hədəqəsindən çıxmağa başladı. Ardınca komandir elə əcaib bir səslə nərildədi ki, elə bil fili yerə yıxıb başını kəsirdilər.
Starşina özünə gəlib iynəni valdan ayıran kimi komandirin növbəti bağırtısı həyəti başına götürdü.
– Bu nədir belə?
Sonra üzünü sağ tərəfə – həmin o kiçik otağln həyətə baxan pəncərəsinə tutub yenə hiddətlə bağırdı:
– Yoldaş starşina, səndən soruşuram: bu nədir?!
Əlində “Rast”ın valını tutmuş starşina əks tərəfdən – kazarmanın qapısından çıxıb yüyürə-yüyürə komandirə yanaşdı və it kimi zingildədi:
– Əclaf gecə pəncərədən girib valı dəyişdirib, yoldaş komandir… Mən… mən günahkar deyiləm…
– Bəs sən kor idin? Görmədin bunu?
– Ağlıma gəlmədi, yoldas komandir, – starşına komandirin qəzəbli baxışlarına tab gətirmədi, başını əyib yerə baxdı.
– Sənin heç vaxt ağlın olmayıb və olmayacaq da, starşina. Sən çurban kimi bir şeysən. Lap çumosan. Bildin?
Sonra valı qoyuna dönmüş starşinanın əlindın dartlb aldı və üzünü sıraya çevirib dedi:
– Kimdir bu diversant, çıxsın irəli.
Bu olaya mərd-mərdanə, kişi kimi nöqtə qoymaq lazım idi. Ona görə də tərəddüdsüz, mərd-mərdanə dedi:
– Mən…
Komandir səs gələn tərəfə baxıb onu gördü.
– Sıradan çıx! – elə bil məğlub edəcəyinə əmin olduğu rəqibini rinqə çağırırdı.
O, sıradan çıxdl, sonra hərbi qaydada çevrilib üzü sıraya tərəf dayandı.
– Sənin başın xarab olub, əsgər, yoxsa bu sütül vaxtında hərbi tribunal keçir ürəyindən? Bilmirsən ki, dövlətin himni həmin dövlətin toxunulmaz atributudur? Başa düşmürsən ki, odla oynayırsan? – yağdırdığı bu suallara cavab gözləmədən sol tərəfində dayanmış leytenant Şiyanova tərəf çevrildi. – Bax öz işinə fəxr elə, yoldaş leytenant. Sənin tərbiyə etdiyin əsgərdir bu.
Şiyanov gozlərini yerə dikib dinmədi.
– Yaxşı, bunu niyə, hansı məqsədlə elədin? – komandir yenə ona müraciət etdi. – Amma kişi kimi düzünü de.
Mən o vala yazılmış əsərə qulaq asmaq istəyirdim, yoldaş komandir.
Komandir əlindəki vala saymazyana nəzər salıb soruşdu:
– Bunu qayda-qanun çərçivəsində, adam kimi edə bilməzdin?
– Adam kimi eləməyə imkan vermədilər, – deyib komandirin yanında dayanmış starşinaya baxdı.
Komandir starşinanın əcaib forma almış sifətini süzüb, deyəsən, işin nə yerdə olduğunu başa düşdü.
– Yoldaş starşina, sənə xidməti işinə yazılmaqla şiddətli töhmət, sənə isə – yenə Şiyanova baxdı, – töhmət elan edirəm. Hər ikinizin tutduğunuz vəzifəyə uyğun olmamanız barədə tam qərara gələndən sonra bu barədə yuxarı komandanlığa raport yazacam. Bunu – əlindəki valı leytenanta uzatdı, – hələlik özündə saxla, əgər iş yuxarı komandanlığa qədər böyüsə, əşyayi-dəlil kimi lazım olacaq. – Sonra əsgərə tərəf çevrilib onu başdan ayağa süzdü – Səni isə hələlik 2 günlük həbs edirəm. Özü də cəzanı haupvaxtda yox, kartof anbarında çəkəcəksən.
…Hərbi hissədə hamının “komandirin kurortu” adlandırdığı köhnə anbarın böyük hussəsi yerin altında idi. Ora girəndə kifləmiş kartof iyi içəridəki rütubətə qarışıb ürəyini bulandırsa da, buna əhəmiyyət vermədi. İçində qəribə bir xatircəmlik, əminlik vardı. Əsas məsələ həll olunmuş, starşinanın dərsini vermiş, “Rast” ın heç olmasa giriş hissəsini canlı dinləmiş, üstəlik bu qəsəbənin havasına, səmasına qovuşdurmuşdu.
Və xoşbəxtcəsinə fikirləşirdi ki, illər keçəcək, nə starşina, nə bu olayın iştirakçıları, nə də onun özü bu dünyada olmayacaq, amma bu qəsəbənin havası “Rast”ın o möhtəşəm sədalarını öz canında həmişə gəzdirəcək…
“Ədəbiyyat və incəsənət”
(05.06.2025)