İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, rusdilli Azərbaycan nəsrinin ən parlaq simalarındandır. Əsərləri oxunur, sevilir.
Söhbət Xalq Yazıçısı Natiq Rəsulzadədən gedir. Bu gün onun doğum günüdür.
Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür.
40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Keçmiş Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.
1984-cü ildə N. Ostrovski adına Ümumittifaq Mükafatına layiq görülüb.
"İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya…", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir.
2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında "Meme" tamaşası səhnəyə qoyulub. 200-dən çox hekayənin və 50-dən artıq kitabın müəllifidir
Kitabları
1. Uşaqlıq lövhələri
2. İşıqlı toran
3. Bayramda yağan yağış
4. Gecədə atlı
5. Ruhlar arasında
6. Intihar edənin qeydləri
7. Kabusların arasında
8. Ulduzların altında yol
Filmoqrafiya
Bayramda yağış
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (ll)
De ki, məni sevirsən!
Dünən, bu gün, sabah
Epizod
Mükafatları
Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, daha sonra Xalq Yazıçısı adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi " xatirə nişanı ilə, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(05.06.2025)