İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyimiz digər görkəmli nümayəndə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair Gülşən xanım Şahmuradlıdır.
Qısa təqdimat:
Əliyeva Gülnişan Qara qızı (Gülşən Şahmuradlı): 1954-cü ilin mart ayının 20-də Cəlilabad rayonunun Xanəgah sovetliyinin Təzəkənd (indiki Çəmənli) kəndində dünyaya göz açıb. Atası Əliyev Qara Ağahüseyn oğlu II Dünya Müharibəsinin iştirakçısı və II qrup əlili olmuşdur.
Gülnişan Əliyeva 1961-ci ilin dərs ilində Təzəkənd ibtidai məktəbin I sinifinə daxil olmuş, 1964-cü ildə ibtidai məktəbi bitirib, orta təhsilini Xanəgah kənd orta məktəbində davam etdirmişdir. 1970-71-ci dərs ilində tam orta məktəbi uğurla bitirdikdən sonra Xanəgah kəndində Məmmədyarov adına sovxozda əmək fəaliyyətinə başlamışdır.
1975-ci lldə ailə həyatı qürmuş, bu evlilik həyatından 5 övladı, 12 nəvəsi və 2 nəticəsi vardır. Gülşən xanım uşaq yaşlarından etibarən ədəbiyyat sahəsinə həvəs göstərmişdir. O, müxtəlif mövzularda bir-birindən maraqlı və gözəl şeirləri ilə yanaşı həm də bayatılar yazır. 1979-cu ildə ailəvi olaraq Cəlilabad şəhərinə köçmüş və burada məkunlaşmışdır.
Cəlilabad şəhərinə köçdükdən bir müddət sonra Cəlilabad rayon Mərkəzi Kitabxanasında kitabxanaçı olaraq işləmişdir. Hazırda isə təqaüdçüdür.
Doğma elimizin bu ağbirçək xanımı, eyni halda Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi olan Gülşən Şahmuradlı dörd kitab müəllifidir. Onlar aşağıdakılardan ibarətdir:
1. "Sızlayanda ürəyimin telləri" 2008;
2. "Yoxdan məni xəlq eləyən" 2019;
3. "Ulu nəslim" (Şəcərə) 2024;
4. "Ömrümün adı Vətən" (Şeirlər və bayatılar), 2025.
İndiyədək qələmə aldığı şeirlərinin müəyyən bir hissəsi "Sözün işığı", "Mədəni-marif" və "Dan ulduzu" jurnallarında, həmçinin, "Kaspi", "Mədəniyyət", "Azad qələm", "Yeni gün" və "Həkəri" qəzetlərində çap olunub.
Bədii ədəbiyyat nümunələri:
Gülşən xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:
Sənin ətrin bihuş edir ruhumu,
Seçilirsən hər çiçəkdən qızılgül,
Görünəndə sevgili yar əlində,
Nazlanırsan can üzürsən, qızılgül.
Açılanda təptəzə qönçələrin,
Gözəl olur o zərif ləçəklərin.
Sən şahısan axı gül-çiçəklərin,
Sevib sinəm üstə qoyum qızılgül.
Səhər-səhər şeh düşəndə üstünə,
Sərraf gözlər vurğun olur hüsnünə.
Öpüb səni qoyum gözüm üstünə,
Bağçaların bəzəyisən qızılgül.
Yaraşıqlı çiçəklərin göz oxşar,
Aşiqlərin sənə dastanlar qoşar.
Bülbüllərin sənin eşqinlə yaşar,
Söylə bərabərin varmı qızılgül?
Gülşənəm vurğunam gözəl güllərə,
Yaraşıqsan incə, zərif əllərə.
Xoş duyğular gətir, sən könüllərə,
Alqış deyək sənə hər an, qızılgül.
Gülşən xanımın bədii ədəbiyyat sahəsində qələmə aldığı nümunələrin bir hissəsi də bayatılar janrına aiddir. Onun qələmə aldığı bayatılardan bir neçəsinə diqqət edək:
Mən nə deyim bəxtimə
Gün doğacaq bəxtimə?
Alovdan don geyindim,
Sən yazıldın bəxtimə.
Saçının qarasına,
Dən düşüb arasına.
Bil səni dəyişmərəm
Dünyanın yarısına.
Yuxularım çin oldu,
Uçdu göyərçin oldu.
Mən səni incitmədim
Ayrılıq neyçün oldu?
Son olaraq doğma elimizin tanınmış şairi Gülşən xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)