Fərruxdan gələn səs -HEKAYƏ Featured

 

Nemət Tahir

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azad əlində adını daşıdığı əmisinin şəkli tabutun qabağında gedirdi. 32 ildən sonra itkin düşən əmisinin qalıqları Fərrux dağının ətəklərindən tapılmışdı. İndi isə şəhidi dəfn etməyə aparırdılar.

”Şəhidlər ölməz,Vətən bölünməz!” –şüarı onu xəyallardan ayırırdı.

Çox qəribə hislər keçirirdi. Hiss edirdi ki, boğazında nəsə düyünlənib. Qəhər onu boğurdu, gözləri yaşardı. Sevinc, qürür, kədər - sanki duyğu selinə qərq olmuşdu. Öz-özünə pıçıldadı: “Çox şükür, üzünü görmədiyim, qəhrəman əmim, 32 ildən sonra da olsa, səni  dəfn edəcəyik. Ruhuna, qəbirsiz canına qurban olum, əmi. Kaş dədəm və nənəm də bu günü görəydi, sənin yolunu gözləyə-gözləyə gözləri kor oldu, odsuz-alovsuz, diri-diri bu dünyada cəhənnəm əzabı çəkdilər”.

Gözləri doldu, iki damla yaş sürətlə yanağından çənəsinə düşdü.

Azad bir daha şükür etdi. Doğmalarının intizarı, həsrəti bir az da olsa, azalacaq, gözləri yollardan yığılacaq.

Gedən ayaqları idi, xəyalları onu keçmişə aparırdı. Babası Murad kişi (dədə deyirdi) oğul həsrətinin əyib bükdüyü bir dağ adamıydı. Bir vaxtlar Murad kişinin səsi Qarabağın dağlarında əks-səda verərdi: mal-heybanı otarar, ürəyindən gələn nəğmələri gur səsi ilə oxuyardı. İndi isə o səs meh kimi pıçıltıya dönmüşdü. Evində bir tərəfdən öskürək, bir tərəfdən qəhər səssizliyi qulaq batırırdı. Oğlu itkin düşəndən siqareti sönmürdü, sanki siqareti mayaq eləmişdi. Ciyərinin yanğısını odla söndürmək istəyirdi. Gözləri sönməkdə olan çırağa dönmüşdü, közərirdi. Onun içində yanan son ümid, bir ovuc köz kimi illərlə qəlbini qovururdu. Oğlu Azad I Qarabağ müharibəsində, Fərrux dağı istiqamətində itkin düşəndə Murad kişinin qəlbi iki yerə bölündü. Biri özündə qaldı, biri dağın ətəyində – tapılmayan cəsədlərin, susan torpağın altında. Yoldaşı Nabat isə sanki torpağa çökdü. Oğul həsrəti onun beli ilə bərabər, ruhunu da bükdü. Danışa-danışa susdu, gülə-gülə ağladı. Və bir gün yatağa düşdü. Oğul deyə-deyə can verirdi, amma ölə bilmirdi. Nəvəsi Azad divardan əmisinin şəklini nənəsinin qucağına qoydu. Gözün açıb şəkli görən Nabat arvad: “Boyy, ay boyuna qurban olum, gəldin, bala?”-deyib dünyadan köçdü. O gündən Murad kişinin evi qara çadıra döndü, qapısı açıq, içi qaranlıq. Lakin həyat qəribə bir inadla çiçək açır bəzən. Murad kişi doğulan ilk nəvəyə itkin oğlunun adını vermişdi. Balaca Azad əmisinin adını daşıyırdı, Ağlı kəsəndən babasına və nənəsinə valideyn qayğısı ilə yanaşırdı. Bəlkə də, bu ad onun alnına bir tale kimi yazılmışdı. Uşaqlığı qucağında dərd böyüyən bu evdə keçdi. O, oyuncaq əvəzinə babasının duaları ilə, nağıl yerinə nənəsini əmisi Azad haqqında söhbətləri, xatirləri ilə böyüdü. Balaca əlləri ilə nənəsinin saçlarını darayır, nəmli gözlərini silirdi. Yaşıdları oyun oynayanda o, çay gətirir, yemək bişirirdi.

Nabat nənəsi hərdən titrək səslə deyirdi: "Sənin xasiyyətin də əminin xasiyyəti kimi mülayimdir, evcanlısan. O da mənə ev işlərində kömək edərdi. Evimin son beşiyi idi." Azad gülümsəyirdi, amma bu söz onun daxilində bir dağa toxunurdu – Fərrux dağına.

...İllər ötüb keçdi. Azad artıq gənc bir oğlan idi. Tanrı ona güc, qüvvət, ağıl həm də mərhəmət bəxş etmişdi. Bir əlində babasının əsası, bir əlində nənəsinin dərmanı ilə həyatın yükünü çiyinlərində daşıyırdı. Həm də yaxşı oxuyurdu. Məqsədi hərbçi olmaq, torpaqları azad etmək, əmisinin qisasını almaq idi Azadın.

Nənəsi dünyasını dəyişəndən  bir neçə ilə sonra  Murad kişinin səhhəti də get-gedə pisləşirdi. Saatlarla  gözləri bir nöqtəyə zillənirdi. Bəzən Azad elə bilirdi ki, kişi elə oturaqlı, gözüaçıq dünyasını dəyişib. Tez onu danışdırardı: Dədə, nəsə lazımdır?
Yataqdan qalxa bilməyən Murad kişi ölümün hənirtisini duymuşdu sanki, Azadı yanına çağırdı:

– Bala, – dedi, səsi torpaq altından gələn kimi zəif idi. – Yastığımın altında bir az pul var. O pulla yasımı verərsən. Amma yasdan qoyma pul yığılsın, ha! Əmin və atan pulun üstündə dava salar, -deyib gülümsəməyə çalışdı, amma illərin kədəri simasında iz salmışdı. Sözünə davam etdi:- Ruhum narahat olar, Dünya malı şirindir. Qara torpağın üzü soyuqdur.

Azad başı ilə təsdiqlədi. Murad kişi bir anlıq susdu. Dodaqları titrədi.

– Vəsiyyətimi də kağızda yazmışam. Nəyim varsa, bərabər bölmüşəm.. Amma... oğlum Azaddan bir xəbər olaydı kaş. Vətən müharibəsindən sonra ümidlərim çoxalıb. Bircə bu Fərrux dağı da alınsa idi, məni aparardın ora. Azad döyüşdüyü, qanını töküldüyü o torpaqda dizin-dizin sürünərdim. Daşları qoxulayıb, üzümü sürtərdim. Oğlumun, nakam oğlumun qoxusunu alardım. Bəlkdə də, nəşini də tapardıq, gözüm açıq getməzdi. O dünyaya- Nabat nənənə də muştuluq aparardım, gözaydınlığı verərdim. Murad kişinin əli əsdi, gözlərinin kökü qurumuşdu, gözləri yaşarmadı. Azad onun əlindən tutdu. Əli buz kimi idi, amma içində alışıb-yanan bir yanğı vardı. Elə o anda televizorda xəbərlər proqramının  səsi gəldi. Sanki tale də o anı gözləyirmiş:

– Azərbaycan Ordusu Fərrux dağı istiqamətində uğurlu əks-hücum əməliyyatı aparıb. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir. Yüzlərlə vətən oğlunun şəhid olduğu, itkin düşdüyü Fərrux azaddır, gözümüz aydın olsun!

Murad kişi yataqdan dikəldi. İllərin taqətsizliyi bu səsin qarşısında geri çəkildi. Gözləri işıldadı, sanki o an Fərruxdan səs gəldi: “Ata, mən buradayam.” – Azad! – deyə səsləndi. – Bala... Fərrux alındı. Əminin şəhid olduğu torpaq indi bizim torpağımızdır.

O qədər sevincək idi, sanki oğlunu tapmışdı. Bir xeyli qəhərdən söz deyə bilmədi. Nəhayət özünü toparlayıb söylədi:

-Bunu yadında saxla, tarixən də ermənilər həmin yüksəkliyə nəzarət edərək, bizim başımıza bəralar açıbdır. Dədəm danışırdı ki, 1920-ci ildə erməni-daşnaq qüvvələri Azərbaycan hökumətinə tabe olmayıb, Şuşaya gedən Əsgaran yolunu bağlayıblar. Yerli əhaliyə divan tutublar. Milli hökumət general-mayor Həbib bəyin başçılığı ilə bölgəyə qoşun göndərib. Əks-hücumla erməni quldur dəstələri məhv edilib. Şuşa yolu açılıb. Bala, heyif ki, Milli hökumətimiz həmin il məğlub oldu, Azərbaycanda sovet hökuməti quruldu. Bizə düşmənçiliyi zorla unurdururdular. Unutmayanı Hümbət, Əli, Cavanşir baban kimi sürgün edirlər, öldürürlər. Amma ermənilər alt-altdan öz işlərini 70 ildə gördülər. 1992-ci ildə  rəhmətlik polkovnik Şirin Mirzəyev də deyirdi ki, Fərrux dağı kimdə olsa, bu bölgəyə də o nəzarət edəcəkdir.

Murad kişi dəfələr bu söhbəti Azada danışmışdı. Azad əzbər bilirdi. İntəhası, həmişə qüssə içində, indisə sevinclə danışırdı.

Fikrini tamamladı:

-...Çox şükür, deməli, qələbə bizimlədir. Bircə, ora gedə bilsəydim.

Qəhər Murad kişinin boğdu.

-Azad, bala, mən ölsəm, gedə bilməsəm, o torpaqdan gətirib mənim, nənənin qəbrinin üstünə səpərsən, eşidirsən? Əgər əmini tapsanız, bizim araımızda….( dəfn  edərsiniz, demək istəyir, amma ürəyi gəlmir)… Bizə haqqını halal et... Sənə çox əziyyət verdik.

Azad babasının əllərindən öpdü, Susdu. Çünki o an söz deyil, sükut danışırdı. Sükutun içində min kəlmə vardı: nisgil, qürur, torpaq, şəhidlik, Vətən...

Murad kişi son nəfəsini aldı. Gözləri açıq idi, amma sakit idi. Övladından xəbər almış insanın rahatlığı vardı o baxışlarda. Boynu qəfildən yana düşdü. Azad “dədə” deyib çığıraraq onu qucaqladı...

...Şəhidin şərəfinə  atılan yayılım atəşi Azadı xəyalından ayırdı. Çiynində ay və ulduz olan general-mayor dövlət bayrağını Azada təqdim etdi, bayrağı öpüb üzünə sıxdı. Bayraqdan vətən qoxusu gəldi burnuna. O gün Fərrux dağından bir bayraq qalxdı.

O bayrağın altında Azad  dədəsinin və nənəsinin qəbrinə bir ovuc torpaq tökdü. Sonra başını qaldırıb, babasının və nənəsinin başdaşındakı  şəkillərinə baxdı. Dodağının altında pıçıldadı:

– Dədə, nənə, gözünüz aydın, ruhunuz şad olsun, əmanətinizi gətirdim, alın qoynunuza, rahat yatın. Söz verirəm ki,  mən bu adı şərəflə daşımağa çalışacam.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.