HEKAYƏ SAATI - Nurlana İşıq, “Divar qonşusu” Featured

 

 

“Ədəbiyyat və incəsənət” Hekayə Saatı rubrikasında bu gün sizlərə Nurlana İşığın “Divar qonşusu” adlı hekayəsini təqdim edir.

 

 

Tozlu külək  səkkizinci mərtəbəyə kimi qalxmışdı. Qadın zivədən sallanan paltar sancaqlarını balaca səbətə yığıb, balkonun divarına vurulmuş paslı mismardan asdı. Küləkdən gözlərini qıydı, üşüdüb yataq otağına keçdi. Yataqda uzanaraq telefonun ekranını şəhadət barmağının ucuyla sürətlə çevirən ərinə dedi: 

- Bilirsən, təzə paltarasanlar çıxıb, ipini aşağıdan çəkirsən, kran kimi tavana qalxır.    

Kişi donuq gözlərlə ona baxıb yenidən vacib bir xəbər almış kimi gözlərini feysbukdakı  posta zilləndi. Qadın aramsız danışır, əri də arabir qadının dediklərini təsdiq edirmişcəsinə başını sallayırdı. 

 Divar qonşuları bir  ay olar ki, köçmüşdü. Həftə içi varlıqları duyulmurdu. Ancaq hər bazar günü divarın arxasından əvvəlcə bir - birinə dəyib şaqqıldayan qab- qaşıq səsləri, sonra söyüşə qarışmış tappıltı səsləri eşidilirdi. Üstəlik, araya uşaq ağlaması da qarışırdı.

 Qadın telefondan gözünü ayırmayan ərinə dedi:

  -Yenə başladılar,  bir bazar evdə rahat oturammırıq da bunların əlindən. Vallah, bir gün qapılarının ağzını kəsdirəcəm! Deyəcəm ki, yekə kişisən, özün də dövlət vəzifəsində, camaata əxlaq dərsi keçirsən, qanunu pozanlara nitq söyləyirsən, amma öz evinin içində söyüşün biri bir qəpikdir. Uşağın da tökdüyünü yığacaq. Arvadına da deyəcəm ki, boşan da, gözləyirsən ki, xəstəlik tapasan?!  O gün zibil atanda gördüm yazıq qızı… ayaq üstdə üyrənir, beli çürümüş ip kimi üzülüb. Gözləri də elə qəmli idi ki…

Kişi telefonu bir qırağa atıb, qollarını başının arxasında bir-birinə keçirdi, dəsmalları qatlayıb dolaba yığan arvadına diqqətlə baxıb dedi:

 -İstəyirsən ki, ailə işimizə qarışırsan deyib məhkəməyə versin bizi?

-Puah! Biz onu verməliyik. Hər istirahət gününü  burnumuzdan gətirir. Mən niyə o həyasız kişinin səsini öz otağımda eşitməliyəm? Belə də deyiblər e, dişin ağrıyır, çək qurtar, qonşun pisdi köç qurtar! Amma yox! Mən niyə öz evimdən oluram ki! Gedəcəm, sözümü də deyəcəm: a kişi, sevmirsən, istəmirsən boşa da! Boşan hamının canı qurtarsın. Bəlkə, səhv deyirəm? Qadındakı mağmının biri…

-Get çay gətir, boş -boş danışma.  Elə bilir, hər şey halvadır e… o qadındadır günah, birinci o başladı, eşitdim hamısını. Özü də boşanmaq halvadır elə bilirsən?

 -Nəyi çətindir ki?!

 -Uşaq var ortada, ay bala. Həm nəyinə lazım, divarın o üzü. Sən  özünlə məşğul ol, bu gün sabah sancın tutacaq.

 -Elə o uşaq bədbəxt olmasın deyə, indidən boşanmaq lazımdır. Al çayını iç, sonra gedək parkda gəzək. Külək də yatıb. 

 -Sən get, mən yorğunam.

 -Axı nə etdin ki, yoruldun?! Keçən dəfə də elə dedin. Bax doğuma da az qalıb, həkim deyib ki, gəzməliyəm, ayaqlarım da şişib.

 -Bir bazarım var, yorğunam, qoy uzanım, istirahət edim.

 -Uşağımız olanda neyləyəcəksən bəs?

 -Nənələri gəzdirər, bütün günü nəvə demirdilər? Çayıma niyə limon atmamısan?

 Qadın başını yelləyib otaqdan çıxdı, eynəyini çantasına qoyub, foyedəki güzgüdə çil düşmüş yanaqlarına baxdı, əlini bətnində gəzdirdi, körpəsini sığalladı. Sonra çətinliklə çəkməcəyə sarı əyildi. İpli idman ayaqqabılarını geyinəndə istədi ki, kəpənəkvari bağlasın, ancaq əyilə bilmədi. Elə də  evdən çıxdı. 

Parkın mərkəzindəki hovuzlu fəvvarənin suyunu tez vurmuşdular. Qadın fəvvarəyə ən yaxın olan skamyada oturdu. Suyun səsi əsl terapiya idi. Buranın sevimli sakinləri -  göyərçinlər onun ayağının yanında asudə gəzişməkdəydilər. Qadın durdu ki, qalxıb günəbaxan tumu alsın, quşları yemləmək xoşuna gəlirdi. Bu vaxt qarşıdakı skamyada divar qonşularını gördü, ər - arvad gülə- gülə göyərçinlərə tum atır, uşaq da əllərini açıb quşların dalınca qaçırdı. Elə bil, bayaq divarın o üzündə birinci dünya müharibəsi yaradan onlar deyildilər.

Qonşularına baxdığını bildirməmək üçün tez üzünü  çevirdi, qaçmaq istədi, hansı səmtə gedəcəyinə qərar verəmmədi, nədənsə sir- sifəti,  qulaqları alışıb- yanırdı. Yolun ən baxımsız yerində asudə qol- budaq  atmış  çinar ağacının altındakı skamyaya çatmağa tələsdi. 

Oturub dərindən nəfəs aldı və uzun- uzadı ağ idman ayaqqabısının yer süpürən çirklənmiş iplərinə tamaşa etdi.

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.