“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Aysel Fikrətin şeirləri təqdim edilir.
Aysel FİKRƏT
YAĞIŞ
Bu gün yağma desəm sənə, ey yağış,
Bu gün yağma, gözüm göyün yuvası.
Bu gün göydə buludları dincəldin,
Çəmənləri göz yaşlarım suvarsın.
Qoy mən yağım bu il solan torpağa,
Qoy mən olum bu il yağış, nə olar.
Mən torpağın bacısıyam bu ildən,
İncə-incə yağsam, bilənmi olar?
Sıxma mənim ürəyimi sən, yağış,
Bu il az et leysanını, ahını,
Bəs deyilmi göz yaşlarım cahana,
Al özünlə saçlarımın ağını,
Əvəzində yağışlığı ver mənə...
TƏLƏSƏN ŞEİR
Həftə də bitəcək, gün də bitəcək,
Ömür də bitəcək. Nə tələsirsən?
Dəlisov küləyə dönüb duman da
Ruhumun içində hara əsirsən?
Nədən anlamırsan, gözlərəm səni,
Nədən düşünmürsən, ömür qısadı.
Hara tələsirsən, kimdən qaçırsan?
Salamı, savabı niyə kəsirsən?
Bax, yanır canımda odun, alovun,
Yığılıb laləsi çəkdiyin dağın.
Dərib güllərini sevgi bağının
Ovcunun içində niyə əzirsən?
Məgər anlamırsan, insan bir kərə
Yorulur bir kərə, solur bir kərə,
Hayana qovsan da, ömrü min kərə,
Canımın içində dusdaq, əsirsən!!
Həftə də bitəcək, gün də bitəcək,
Ömür də bitəcək. Nə tələsirsən?
Dəlisov küləyə dönüb duman da,
Ruhumun içində hara əsirsən?
ZAMAN
Zaman kəsiyində itib getmişəm,
Məni görən olsa, deyin ki, sağam.
Hələ öz gözümdə balaca bir iz,
Özgələr gözündə qocaman dağam.
Ürəyim bir quru sözə bənd, kövrək,
Dilim acı olur, soyuq buz kəsir.
Hər səhər evimin içində həsrət,
Dəli külək kimi dörd yana əsir.
Gülüşüm üç-dörd il öncə yox oldu,
Son güldüyü anı var yaddaşımda.
Mənim bu ömrümün xəmiri boşdur,
Nəsə çatışmayıb təməl daşında.
Bir az sevgi gəzdim xarabazarda,
Bir az doğmalarım getdi, ağladım.
Hər gün bir kədərin əlindən tutdum,
Düyüntək yolları bükdüm, bağladım.
Qalmışam şad-xürrəm, gözəl çağında,
Yatmışam anamın doğma dizində.
Məni zaman salıb itirdi yolda,
Nə göydə günah var, nə Yer üzündə.
Zaman kəsiyində itib getmişəm,
Məni görən olsa, deyin ki, sağam.
Hələ öz gözümdə balaca bir iz,
Özgələr gözündə qocaman dağam.
OYUNCAQ EV
Dükanda oyuncaq ev gördüm bu gün,
Bir anda gümanım min yerə getdi,
Demədim, ay Allah, bir evim olsun,
Bu dəfə diləyi bir başqa etdim.
Baxınca oyuncaq ev fiquruna,
Gözümə nənəmin evi göründü.
Xəyal balalara çox soyuq idi,
Qocalar yun ipək şala büründü.
Boran, qar içində isidən məni,
Tüstüsü başından çıxan bacadı,
Bu cürə yoxsulluq içində cənnət,
Gözümə dəymirdi gör bir hacandi.
Vitrində oyuncaq ev fiqurunu
Evsiz-eşiksizlər alıb apardı.
Bütün daxmaların isiği yansın,
Dunya özü paslı, evsiz açardı.
Dükanda oyuncaq ev gördüm bu gün,
İçində yaşayıb ölmək istədim.
Bu əsl dünyadan təməlli gedib
Oyuncaq qapını döymək istədim.
DƏNİZİM
Dəniz yenə dalğalı, nəsə sözü var mənə,
Qağayılar didişir bir qırıq çörək üstə.
Sən də gendə dayanıb özgə ulduzu sayma,
Məndən qağayı olub bir qırıq çörək istə.
Yağış ol, ya da bulud, bir duruşdan anlaram,
Qışda salxım buza dön, pəncərəmdə keşik çək.
Xəyalımin içində yaşlanmaqdan doymadın?
Çıx bir az təbiətə sevgimizdən şəkil çək.
Bürü yeri, göyü sən alabəzək Laləyə,
Lalələri çələng hör, saçlarıma bağlayım.
Hərdən yoxluğun ilə barışıram, bilirsən,
Hərdən görün gözümə qucaqlayım, ağlayım.
Yuxuma da gəlirsən, tox dururam yuxudan,
Sevgin neçə var olan həqiqətdən əzizdir.
Mən səni dərməyəcəm bu qarışıq dünyadan,
Qağayı ol, yağış ol, dənizim ol, bəsimdir.
QORXU
Qorxuram dünyadan köçən günümdə,
Dünyanı görmədim desəm, gülərlər.
Allahdan özgəsi bilməyən dərdi
Gözümün yaşından sezib bilərlər.
Sevgidən, ağrıdan uydurub şeir,
Kağızdan göy çəkdim, günəşi oldum.
Baxıram son eşqin ucsuz yoluna
Görünür, insan yox, mən elə yoldum.
ZİRZƏMİ
Bir qaranlıq zirzəmidə başlandı,
Balıq ola bilmədi dənizə düşüb üzə.
Sıra boyu kitablardır dörd tərəf,
Qalmış idik zaman ilə üz-üzə.
Zaman dedi, bu gün, bu vaxt yaxşıdı,
Ömür dedi, gecdi daha, dağılın.
Ürəyimə damdı onda puç düşür
Göydən yerə ulduzu son nağılın.
Sonra bir az vərəqlədim həsrəti,
Adət ilə yağış düşdü, qar oldu,
Sonra bir az sevgim durdu, həsdədi,
Birdən yenə göyün üzü qaraldı.
Bir tərəfdə qurbanlıq quzuları,
Bağlamışdı tut ağacı özünə.
O quzunun biri mənə tanışdı,
Sevgim onu bənzədirdi özünə.
Anlamırdım səssizliyin hüznünü,
Ürəyimi belə sıxan nə idi.
Çox yad idi pillələri bu evin,
Burda doğma tək mən idim, mən idim.
Yaşananlar yuxudaydı, deyəsən,
Sən də vardın boz divarlı yuxuda.
Oyandıqda tovşüyürdü ayrılıq,
Bitdi onu gördüyüm son yuxu da.
YAZ HAVASITƏK
Boz evin balaca pəncərəsindən
Dolub ürəyimə yaz havasıtək
Allah nə gizlədir, görəsən, məndən,
Ruhum niyə dinir saz havasıtək.
Kim enib göylərdən onun əliylə,
Gözümün yaşını belə qurudur?
Bütün olanların haqqı ödənir,
Ürəyim olanı nədən unudur?
Daha belə getsə, düşmən də qalmaz,
Əriyər zamanda ötən qatarda,
Bir az da xoşbəxtlik enər göylərdən,
Sevincə başımı bu cür qatanda.
Həmişə kədərdə gizlənmək olmur,
Həmişə şeirdən evcik qurmaram.
Bir gün də özümün ürəyi gülər,
Gülməkçün gözümü sıxıb yormaram.
Nə yaman sakitəm bu gün, nə yaman,
Olmaz da olacaq kimi görünür.
Ürəyim bu cürə aram olmayıb,
Sakitcə, səssizcə, rahat döyünür.
Yenə nə düşünüb Allah mənimçün,
Yenə sevgisini kimə bürüyüb?
Yaman doğma gəlir, yaman tanışdı,
Hələ bilmədiyim eşqlə büyülü.
Bürünüb göy üzü sakitliyimə,
Saçımı küləyin mehi bəzədi.
Köhnə ürəyimin yarası üstdə,
Sevgi qığılcımı yenə təzədi.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)