“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas alim Asif Rüstəmlinin “Cəmo bəyin “Sevgili Azərbaycan”ı” məqaləsini təqdim edir.
Cəmo Bəyin “Sevgili Azərbaycan” şeiri onun çağdaş himnimizin mətninə çevrilmiş “Azərbaycan Marşı” (“Vətən marşı”) deyil, amma eyni mövzuda və eyni ruhda yazılmış, vətənpərvərlik duyğusunun coşub çağladığı misraların, bəndlərin müəllifi – “Cəmo Bəy” sözü abreviatura anlamını da əks etdirmir. O, imperiya zamanında “Tiryakilər” məzhəkəsinin, Cümhuriyyət dönəmində “Tarixi-təbii” kitabının, Sovet dövründə çoxsaylı “Hekayələr” toplularının, lirik və satirik şeirlərin müəllifi, əməkdar müəllim, pedaqoji elmlər namizədi Cəbrayılbəylinin əsl, həqiqi adıdır.
“Cəmo Bəy” imzasının yanlış olaraq abreviatura hesab edərək yozmalara əl atanlar nə qədər bəlağətli, pafoslu cümlələrə, fantaziyalara üstünlük versələr də bütün bu hipnozvari parıltı və gurultular tək bir mötəbər faktı əvəz edə bilməz! Və nə edək ki, 1915-1922-ci illərdə onlarla şeirin, hekayənin, məqalənin, məktubun imza yerində yazılmış “Cəmo Bəy” – bugünkü dövlət himnimizin sözlərinin müəllifi Cəbrayilbəylinin adıdır.
Cəmo Bəy Cəbrayılbəyli 1965-ci il iyul ayının 30-da, Şamaxının Çuxuryurd qəsəbəsində, 78 yaşında ürək xəstəliyindən vəfat etmiş, Şamaxıdakı məşhur “Yeddi günbəz” qəbiristanlığında, böyük satirik şair, yaxın dostu Mirzə Ələkbər Sabirin məqbərəsinin bir neçə metrliyində dəfn olunmuşdur. Bu il 30 iyulda görkəmli maarif xadimi, istedadlı şair, nasir və dramaturq Cəmo Bəy Cəbrayılbəylinin vəfatının 60 ili tamam olur...
Əbədiyyətə qovuşmasının 1 illiyi münasibətilə həyat yoldaşı Şəfiqə xanım Cəbrayılbəyli mərhum əri Cəmo Bəyin ədəbi-bədii əsərlərini nəşr etdirmək üçün bir yerə toplamağa başlamışdır.
O, yaxın qohumu Gülsüm Əfəndizadəyə müraciət edərək Cəmo bəyin “Vətənim” şeirini yazıb ona göndərməyi xahiş etmişdir. Gülsüm xanımın (özünün də qeyd etdiyi kimi-A.R.) xəstəliyi bu işdə ləngliyə səbəb olsa da Cəmo Bəy Cəbrayılbəylinin “Vətənim” şeirinin “yadında qalan” mətnini ərəb qrafikası ilə yazır və bəzi qeydlərlə Şəfiqə xanıma göndərir:
“VƏTƏNİM
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın vətəni!
Səndən ötrü qan tökməgə cümlə hazırıq.
Səndən ötrü can verməgə hamu hazırıq.
Al rəngli bayrağınla məsud yaşa.
Minlərcə can qurban oldı,
Sinən hərbə meydan oldı,
Hüququn dərk edən əfrad,
Hərə bir pəhlivan oldı.
Sən olasan gülüstan,
Sənə hər dəm can qurban.
Sənə bir çox məhəbbət,
Sinəmdə dutmuş məkan.
Namusuvi hifz etməgə,
Toprağuvi bəsləməgə,
Cümlə gənclər möhtacdır.
Azərbaycan, Azərbaycan!
Şanlı vətən...”
Bu şeirin 20 ildən sonra mübahisələrə səbəb olacağını öncə duyan Gülsüm xanım şeirin müəllifi məsələsinə aydınlıq da gətirir: “Müəllifi - əzizimiz, çox hörmətə layiq və malik, mərhum Cəmo bəy Cəbrayılzadədir. Yazılıbdır 1918-minci sənədə, Bakı şəhərində.”
Şəfiqə xanıma ünvanladığı həmin vərəqin arxasında isə Gülsüm xanım yazıb: “Mehriban, əziz və dərin ehtiramlı bacı, Şəfiqə səlam!
Xəstəxanada (Mərdəkan) bir neçə gün həkim məni yataqda saxladı. Sizə, çox əzizimizə, xatirələrimizdə həmişə hörmətlə qalan mərhum Cəmo dayının mənim yadımda qalan “Vətənim” adlı şeirini Sizə yadigar olaraq göndərirəm.
Adil (Cəmo oğlu Cəbrayılbəyli-A.R.) balanın sağ və səlamət qayıtması (Adil Cəmo oğlu 1967-ci ildə Zaqatalada baş həkim vəzifəsində işləyirdi-A.R.) habelə bütün ailələrinizlə səlamət və xoşbəxt olmağınız 1-minci arzumdur.
Qohum və dostlara səmimi səlamlarımı yetirməgi Sizdən xahiş edirəm.
Çox hörmətlə, Sizin: Gülsüm x-m. 6.VII.67. Mərdəkan”
Gülsüm xanımın Şəfiqə xanım Cəbrayılbəyliyə göndərdiyi Cəmo bəyin “Vətənim” şeiri bəzi dəyişiklik istisna olunmaqla indiki Himnimizin mətni ilə eynidir.
Sovet rejiminin kifayət qədər güclü olduğu 1967-ci ildə uzun illər yaddaşda yaşadılan sonra ilk dəfə kağıza köçürülən “Cəmo bəy Cəbrayılzadə”nin “Vətənim” əsərini fakt hesab etməyən “qramofon”lara əlavə sözüm yoxdur (Bu yerdə Cəmo Bəyin “Qramofon” məzhəkəsi yada düşür).
Şəfiqə xanım Cəbrayılbəyli həyat yoldaşı Cəmo Bəyin 100-dən çox lirik və satirik şeirlərini, hekayə və xatirələrini toplasa da nəşrinə nail ola bilməmişdir. Həmin qaynaqdan Cəmo Bəyin “Sevgili Azərbaycan” şeirinin ərəb qrafikalı əlyazma nüsxəsindən transliterasiya edərək bir neçə bəndi ilk dəfə oxuculara təqdim edirəm:
SEVGİLİ AZƏRBAYCAN
Yaşa ey şanlı vətən, sevgili Azərbaycan,
Dostla dostluqla yaşa, el gülü Azərbaycan!
Qara neftin qara düşmənlərinə odlu zəfər,
Ucalan dağların azğınlara qüdrətli sipər,
Afatın da polatdır ona batmaz xəncər,
Doğru tut süngülərin, süngülü Azərbaycan,
Yaşa atəşli vətən, sevgili Azərbaycan!
Yaşa Babəklər eli, parla Cavanşirlər eli,
Yaşa azad vətən, gurla igidlər qəzəli,
Qoç Koroğlu kimilər əzmlə qoymuş təməli,
Düşmənin çax gözünə od mili Azərbaycan,
Dostla dostluqla yaşa, el gülü Azərbaycan!
Möhtəşəm özülünü qoydu müqəddəs əllər,
Ulu dahilər əlilə yaranıb dost ellər,
Baqi hümmətlə yaşa dostlar ilə min illər,
Solmasın çöllərinin sünbülü, Azərbaycan!
Yaşa namuslu vətən, sevgili Azərbaycan!
Qeyd: 6 bəndlik şeirin yalnız 3 bəndi təqdim edilir və ilk dəfə yayınlanır. Cəmo Bəy Cəbrayılbəylinin bədii əsərlərinin nəşri nəzərdə tutulmuşdur. Təqdim edilən şeirləri ərəb qrafikalı əlyazmasından müasir əlifbaya çevirəni A.Rüstəmli.
Bakı, 07.05.2025
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)