“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri İkisndə layihəsində bu gün şeir vaxtıdır, sizlərə Adil Həsənoğlunun şeirləri təqdim ediləcək.
SEVGİNİN DİLİ...
Min çiçəkdən toplanan
Baldı sevginin dili.
Çiçəklər soldu getdi,
Qaldı sevginin dili.
Yarı pətək, yarı şan,
Gah küsən, gah barışan,
İrəvanda alışan
Xaldı sevginin dili.
Əlifbası bədəndi,
İlk söz Həvva, Adəmdi,
Cənnət qoxulu dəndi,
Kaldı sevginin dili.
Mürəkkəbli, adili,
"Qu”dilidir, “qa” dili.
“Bəla”lara Adili
Saldı sevginin dili.
SƏNƏ VƏ ŞOPENƏ
(“Yağış" valsını dinləyərkən)
Bir yağış yağır ki, hələ bilmirəm,
Ruhum durulacaq, kirlənəcəkmi?
Sevdalar süzülür quş dimdiyindən,
Görən torpaq bunu heç biləcəkmi?
Ömür çardağıma gur yağış yağır,
Payız yağışımı, yaz yağışımı?
Göylərdən gah dua, gah qarğış yağır,
Bu "Yağış" Tanrının son alqışımı?
Qurbanlar demişdim yağış adına,
Cadar dodağıma paymı, görəsən?
Belə doğulasan "Yağış" altında,
Beləcə "Yağış”ın altda öləsən.
QƏHƏTDİR
Hanı bu gecənin aydın sabahı,
Niyə gözümüzə səhər qəhətdir?
Ağıllısı yolun azıb, haqq deməz,
Dəlisində doğru xəbər qəhətdir.
Sel basmaz dərədə bəndə dönənik,
Hiyləyə, kələyə, fəndə dönənik.
Hərdən darıxanda kəndə dönənik,
Niyə kənd həyalı şəhər qəhətdir?
Bir könül alası söz deyən yoxdu,
“Hər şey düzələcək, döz”, – deyən yoxdu.
Daha ağ atlını gözləyən yoxdu,
Üzəngi qəhətdir, yəhər qəhətdir.
Haqqın toxumluğu haqsız talandı,
Sabaha verilən vədlər yalandı,
Maşallah, koramal özü ilandı,
İndi ilanlarda zəhər qəhətdir.
Açıq qapıları bağlayan artıb,
İçində küdurət şaxlayan artıb,
Soğan doğrayanda ağlayan artıb,
Duru könüllərdə qəhər qəhətdir.
Çiçək də vaxtında solmur ki daha,
Ağaclar saçını yolmur ki daha,
Birtəhər yaşamaq olmur ki daha,
Bir özü yalqızdı, təhər qəhətdir.
QONAQ GƏLİMMİ?
(Anamı düşünərək)
Birlikdə bölünməz söz olaq deyə,
Yarımçıq hecana qonaq gəlimmi?
Bir ocaq qarsıdan köz olaq deyə,
Tüstüsüz bacana qonaq gəlimmi?
Gəlimmi dünyanı bir görmək üçün?
Gəlimmi hər yeri pir görmək üçün?
Gəlimmi dağılan yer görmək üçün?
Ruhu itkin cana qonaq gəlimmi?
Gəlimmi bir zurna, qaval səsinə?
Gəlimmi bir nişan, toy həvəsinə?
Gəlimmi bəxtimin gənclik dərsinə?
Əllərimdə həna qonaq gəlimmi?
Gəlimmi "Şuşanı aldıq!", – deməyə?
Gəlimmi "Bir zəfər çaldıq!", – deməyə?
Gəlimmi "Biz millət olduq!", – deməyə?
Yazılan dastana qonaq gəlimmi?
Otuz il yolumu gözlədin orda,
Otuz il ağrılar izlədin orda,
Otuz il "Ay oğul, döz" – dedin, orda,
Ana, Mincivana qonaq gəlimmi?
Ana, Zəngilana qonaq gəlimmi?
TƏRƏFİ VAR
Ömür təkcə zəhər deyil,
Bal, şəkər, qənd tərəfi var,
Hər qapalı ev-eşiyin
Bir aynabənd tərəfi var.
Çalan bilmə hər ilanı,
Ocaq bilmə hər yananı.
Seldə, suda qərq olanı
Saxlayan bənd tərəfi var.
Nazını çəksən qəhərin,
Gec açılar hər səhərin.
Havası yox hər şəhərin,
Şükür ki, kənd tərəfi var.
BƏNZƏMİR
Bu qış yenə yaylayıbdı,
Qarı da qara bənzəmir.
Payızından sovqat qalan
Narı da nara bənzəmir.
Tumarlayır hey Ələddin,
Çırağından çıxmayır cin.
"Davaxor"du ağ göyərçin,
Sarı da sara bənzəmir.
Yuvalar yox, qısılasan,
Ərənlər yox, basılasan,
Ağaclar yox, asılasan,
Darı da dara bənzəmir!
Çirkabı bol yağışında,
İlməsi yox naxışında,
Buzdu Məcnun baxışı da,
Yarı da yara bənzəmir.
Şəlalənin donub səsi,
Gəlmir çayın zümzüməsi,
Daha yanmır pərvanəsi,
Qoru da qora bənzəmir.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)