Ad soyad: Rəqsanə Mehtiyeva
Təhsil ocağı: Ağdam Ssosial İqtisadi Kolleci
İxtisas: Məktəbəqədər təhsil 2A
Mövzu: "Sənə yazılmamış məktub"
Hər şey bir baxışla başladı — o təsadüfi, amma içində min mənanı gizlədən baxışla. Elə bil zaman o anda dayanmışdı, hər kəs yox olmuşdu, yalnız biz var idik. Nə qədər fərqli olsaq da, ürəklərimiz bir ritmlə döyünürdü. Amma heç bir nağıl sonsuza qədər davam etmir. Bizim nağıl da elə başladığı kimi – qəfil və səssiz – sona çatdı. Sevgi idi, amma xoşbəxt son yox idi…
Həmişəki kimi ayın ilk günü ev üçün bazarlıq günü idi. Anam, mən və qardaşım hər zaman bazarlıq etdiyimiz marketə gedirdik. Anam evə lazım olanları seçirdi, mən də həmişəki kimi sevdiyim şokoladdan almaq üçün şokoladlar olan tərəfə getdim. Bir anda üzümdəki gülüş getdi-sevdiyim şokoladlar bitmişdi. Deyinə-deyinə digər şokoladlara baxırdım. Bir anda həmin marketin yeni işçisi - o şokoladlar burdadır gəl bax- dedi. Tanış siması vardı. Üzündəki təbəssüm, gözlərinin rəngi bu çox tanış idi axı...
Hə bu şokoladları deyirdim, demək ki bitməyib-dedim. Mənə baxıb gülərək- mən göstərməsəm tapmayacaqdın- dedi. Mən heçnə demədim, rəflərin arasından anam məni səslədi. Şokoladları götürüb getdim. Gün boyu gördüyüm bütün insanların o olduğunu sandım. Anam - nolub yenə nə fikirdəsən- dedi. Adını belə bilmədiyim o oğlanı düşünməkdən anamın səsini eşitməmişdim. Hara getsəm onu görür, onun səsini eşidirdim. Ağlımdan çıxmaz hala gəlmişdi o. Növbəti günlərdə də bu hiss məni tərk etmədi.
Hər gün dərsə gedəndə yolumu uzadıb o marketin yanından keçirdim. Oda gediş-gəliş saatlarımı bilirdi artıq. Mən ordan keçdikdə çıxıb baxırdı. Hələ bir dəfə düz yanından keçdim "Sabahın xeyir" dedi. Bütün gün qulağımda onun səsi ilə gəzdim. İkimiz də bir-birimiz haqqında heçnə bilmirdik - nə adlarımızı, nə yaşımızı, nə də başqa bir məlumat...
Ancaq hər gün bir-birimizi görmək üçün can atırdıq, gördükdə isə sadəcə gülürdük. Ancaq bu gülüşlər çox qısa oldu...
Qohum toyunda ilk dəfə gördüyüm uzaq qohumlar sən demə məni kiçik oğulları üçün bəyənib, bunu da nənəmə deyiblər. Bu söhbət 3-4 ay çəkdi. Heç vaxt razı olmayacağımı bilirdilər. Amma mən razı olmasam da razı olmuş kimi görünməyə məcbur qaldım. "Qohumdu", "Yaxşı oğlandı", "vaxt keçdikcə- tanıdıqca sevərsən" hər gün bu sözləri eşidirdim. Ancaq onu heç vaxt ürəkdən sevməyəcəyimi bilirdim. Hər söhbətdə "başqa qız tapmadılar elə bil" deyirdim. Bu sözümə görə də çox danlanırdım. Amma vecimə deyildi, mən onu sevmirdim axı. Ağlımda da, ürəyimdə də adını bilmədiyim o oğlan var idi.
Bəlkə də, hər şey gözəl olardı, ancaq həyat hər kəsin istədiyi kimi irəliləmir. Bədbəxt bir həyat içində hər kəsin xoşbəxt gördüyü biri olmaq çətin gəlir bəzən.
Bəzən həyat sənə sevdiyini yox, uyğun olanı verir. Amma uyğun olanla xoşbəxtlik eyni şey deyil. Mən indi hamının xoşbəxt saydığı, amma içində hər gün biraz daha solan bir qadınam. Və hələ də hər ayın ilk günü marketə gedəndə, şokolad rəfinə baxıram... Bəlkə bir gün, o yenə " şokoladlar burdadır, gəl bax" deyər deyə.
Səni tanımadan tanımışdım, adını bilmədən adını içimdə çağırmışdım. Bir şokolad rəfinin kənarında başlayan baxışlarla başlayan hekayəmizdə nə bir başlanğıcımız oldu, nə də sonumuz. Amma bu "yox"lar içində elə çox şey yaşadım ki...
Sənin sadə bir “sabahın xeyir”inlə bəzən bütün günüm işıqlanırdı. Gözlərinlə gülüşün qarışar, məni heç bilmədiyim duyğulara qərq edərdi. Hər gün səni görmək üçün yolumu dəyişmək bir vərdiş oldu, amma sən heç bilmədin içimdə nələr olduğunu.
Məni birinə verdilər. Hər kəs “xoşbəxtsən” dedi, amma mən yalnız sənin yoxluğunda necə darıxdığımı bilirdim. Ən çox da heç bir zaman "səni sevirəm" deyə bilmədiyim üçün yandı içim. Səninlə yaşaya bilmədiyim gələcəyi, hər gün yaşadığım bu gerçəklikdə boğuram indi.
Bu məktub sənə heç vaxt çatmayacaq. Bəlkə də oxusan belə tanımazsan. Amma bilməyini istədiyim bir şey var: mən səni sevdim. Səssiz, imkansız və adını bilmədən. Bu sevgi nə acı idi, nə də peşmanlıq — bu sevgi sadəcə mənim idi.
İndi isə sənə yox, özümə deyirəm: bəsdir. Artıq onu içində daşıyaraq yox, azad buraxaraq yaşa. O bir xatirədir. Güclü və gözəl bir xatirə. Amma sənin həyatın davam edir. Hələ çox şey gözləyir səni. Və sən, sevilməyə layiqsən — tam, dolu və həqiqi bir sevgi ilə.
Hələlik...
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)