Uğurlu bir şeir bu dünyanın adamı olmayan şair üçün evə bənzəyər - MÜSAHİBƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Adətən ədəbiyyat cameəsinin eyni yazarları gündəmdə qalır, müsahibəyə cəlb edilir. Mənsə şablondan çıxıb sizlərə AYB-in üzvü, şair Gündüz Sevindik ilə söhbəti təqdim edirəm.

 

-Gündüz bəy, xoş gördük sizi. İlk sualım belə olacaq, söz sizin üçün nədir? O, sadəcə ünsiyyət vasitəsidir, yoxsa bir taleyin qapısı, bir ruhun səsidir? 

 

-Xoş gördük, İnci xanım. Söz olmasa dünyada heç nə mümkün deyil. Söz Tanrının səsidir. Bu səsi onu eşitmək istəyən hər kəsə olduğu kimi çatdırmaq lazımdır. Əlbəttə, elə talelər də var ki, onları söz həll edir. Söz hər biri yaradıcı insanın ruhunun mesajıdır. Hər bir şairin, yazıçının ruhu, daxili aləmi özünün söylədiyi söz boydadır. Ramiz Rövşənin dediyi kimi: şair şeirin  keçdiyi yoldur.

 

-Sizcə, şair keçmişin şərhçisidir, yoxsa gələcəyin xəbərçisi?

 

-Əsl şair öz xalqının tarixidir, mədəniyyətidir. Şair öz sözü ilə keçmişə işıq tutub onu işıqlandırmalı, həm də dövrün, əsrin irəliləyən zamanları üçün bütün proseslərlə ayaqlaşan, ictimai dəyərini heç vaxt itirməyən fikirlər söyləməlidir. Yalnız o zaman Söz şairi həmişə ucaldır, yaşadır. Mirzə Ələkbər Sabirin simasında digər böyük şairlərimiz kimi...

 

-Ədəbiyyatda orijinal olmaq şərtdirmi? Yoxsa bəzən köhnə səsin təkrarında da yeni bir nəfəs tapmaq mümkündür? 

 

-Orijinal olmaq mütləq şərtdir. İzlə gedənin izi olmaz, deyiblər. Ədəbi uğurun kökündə həm də özünəməxsusluq durur. Amma köhnə səslərin içində də bəzən solo oxumaq, köhnə mövzulara yeni yanaşmalar mümkündür. Klassik Şərq şeirinin imperatoru İmadəddin Nəsiminin təbirinicə desək, hər bir tazə yaranış köhnənin cəsədləri üzərində pərvəriş tapır... Ədəbiyyatda özünütəsdiq ən əsas məsələdir.

 

-Poeziya bir həyat tərzidirmi, yoxsa içdə yaşadılan gizli bir aləm? Gündüz Sevindik real həyatda, ya şeirlərindəki dünyada daha çox var olub? 

 

-Şairlik sənət, peşə deyil. Zənnimcə şairlik tale məsələsidir və bu taleni heç vaxt gizli bir aləm kimi hər kəsdən pünhan tutmaq olmaz. Bu heç mümkün də deyil. Düzü, yaradıcı insan real həyatda bir başqadır, öz şeirlərində, rəsm əsərlərində, musiqi bəstələrində isə bir başqa. Düşünürəm ki, real həyatda özünü tapmalısan ki, yaradıcılıqda da özün olasan. Mən şeirlərimdə daha həssas, daha çox müşahidə etməyi sevən biri oluram. Uğurlu bir şeir bu dünyanın adamı olmayan şair üçün evə bənzəyər:

 

Uçar səmalara, itər dərində,

“Alar qadasını” xeyrin, şərin də,

Yatıb gecələyər öz şeirində,

Şairlərin evi yoxdur... (G.Sevindik)

 

-Bir şairin böyüməsi necə baş verir? Zamanla, yoxsa ağrıyla?  

 

-Mənə görə zaman anlayışı burda nisbidir. Hər zamanın, hər dövrün öz şairləri olub. Şairin böyüməsi üçün isə ağrı mütləqdir. Böyük Füzuli fars divanının dibaçəsində deyir: sən Dərddən danış ki, söz meydanında Dərd topunu daşıya biləsən... Yaradıcı insan heç vaxt məişət çərçivəsində olan öz şəxsi qəmini Dərd obrazına çevirib şeirə gətirməməlidir. Bu uğursuzluqdan başqa bir şey deyil. Hər bir əsərin ictimai dəyəri, bəşəri yükü olmalıdır. Bunun üçün şair dərdi, ağrını bütün varlığı ilə hiss eləməlidir.

 

-Ədəbi tənqid haqqında fikirləriniz...

 

-Ciddi sənətdə tənqid mütləqdir, həm də həssas tərəfdir. Tənqid ədəbi müstəvidə, qərəzsiz olmalıdır. Bir yazıçını, bir şairi elə tənqid edərsən ki, gələcəyin doğrudan da böyük Söz adamını yetişdirə bilərsən. Yaxud da əksinə, elə tənqid edərsən ki, özünə bir düşmən qazanarsan, üstəlik də ədəbiyyata gələn istedadlı bir qələm əhlinin yolunu doğrudan kəsmiş olarsan. Tənqidçi dostlara həmişə deyirəm ki, gənc yazarların əsərlərini tənqid edərkən onlara öz şəxsi istəklərinizi, mülahizələrinizi diktə etməyin. Onlara ədəbiyyatın tələblərini anladın, Sözə gedən yolu göstərin. Ədəbi tənqidin metodiki tərəfləri olmalıdır.

 

-Nəhayət sonda, poeziya dünyanı dəyişə bilərmi? 

 

-İnsanlığa xidmət edən poeziya zaman-zaman İnsanoğluna çox şey öyrədib. Özü boyda işıq, gözəllik və azadlıq olan poeziya əslində dünyanı özünü də çox şeydən xilas edib. Həqiqət isə budur ki, dəyişən dünyanın taleyi indi poeziyanın əlində deyil. İndi dünyanı baxışlar və silklənən barmaqlar idarə edir... Bütün hallarda gözləyək, həm də ümid edərək gözləyək!

 

-Çox sağ olun, şair. Təşəkkür edirəm.

 

-Mən təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

      

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.