“Ədəbiyyat və incəsənət” portalı gənc və istedadlı şair Nicat Hunalpın yeni şeirlərini təqdim edir.
Bu qayalar neçə - neçə dil bilir
Bu qayalar neçə - neçə dil bilir,
Ağacların, çiçəklərin dilini
Qayalarda bitən mamır, gül bilir,
Tənhaların və təklərin dilini
Mən qayıtdım həsrətimə qoşulub,
Otuz ildə tüm arzular puç olub,
Elə bil ki, təbiətdə ac olub,
İndi tapıb bu yerlərin dilini
Özü bilir bu qayalar, bu dağlar,
Tanır məni o suyu buz bulaqlar,
Asan yola gəlir əllər, ayaqlar,
Çətin tapaq ürəklərin dilini
Ölüm marşı
Tənhalar şəhərində,
ümidsizlik adlı otağın
zirzəmisindəyəm.
Və işığı bilmirəm neçə mil,
uzaqlıqdan seçən
köstəbəyə bənzəyir göz bəbəklərim.
Addım - addım ölüm ,
qoxuyur üst - başım.
Dünən gecə aldığım
sirkəni başıma çəkdim.
Sususzluqdan yanan
Misir köləsi kimi.
İndi xəsdəxananın nəmli divarlarında
mən ölümlə qardaşam.
Aşağıda qayın ağacı yarpaqlarını
göyə sovurur.
Səssiz və tənha ruhumdan
doğulur bacı qardaşım.
Və hər doğum özüylə göz yaşı gətirir.
Boz Sərçə taleyi
Görünmür çoxdandı hayana getdi,
Küsdümü taledən, küsdümü baxtdan
Qışın ayazına birtəhər dözər,
Ayrılmaz boz sərçə o piştaxtadan
Tuş gələr taleyi sapand daşına,
Göz yaşı yağışa qarışar indi
Hardasa bir dəcəl, bir nadinc uşaq,
Yazıq boz sərçəyə daş atar indi
Alsan ovucuna hiss eliyərsən,
Görərsən ürəyi titrəyir necə
Vicdanın sızlasa bir ovuc dən səp,
Dənlənsin toyuqlar ilə gizlicə
Hayana yol aldı, hayana getdi,
Qarğalar apardı boz sərçələri
Qanına boyana - boyana getdi,
Çətin görək burda yaz sərçələri
Yayda Vətən - Vətən demək asandı,
Görək kimlər qarlı qışa qalacaq
Bilirsən ,qaranquş gəldi - gedərdi,
Bizə qalan bu boz sərçə olacaq
Çıxmadı kimsəylə dən davasına,
Düşdü bəd zamanda daş davasına,
Oynaya - oynaya daş havasına,
Daşlana - daşlana daş oldu sərçə,
Vətəndə vətənsiz quş oldu sərçə
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)