“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Mustafa Şeyxpurdur.
Mustafa Şeyxpur
İstanbul
5.
Şəhər qaranlıq, axşam saat doqquz
Polis tək başına
Bir dilənçi bu tərəfdə
Bir fahişə o tərəfdə
Bir də mən, bu hotelin üçüncü qatının pəncərəsində
Şəhəri boğuram, siqaretimin tüstüsünə boğuluram
Bu okean havası təhlükəlidir deyirəm Mustafa.
Şəhər qaranlıq, gecə 10
Bir dilənçi bu tərəfdə
Bir fahişə o tərəfdə
Bir də mən üçüncü qatında bu hotelin
Qapımı döydü polis
"Röyalarını oğurlayıram, xəbərin olsun" - dedi.
Şəhər qaranlıq, gecə 11
Bir fahişə o tərəfdə
Asfaltın üstünə düşmüş bir dilənçi
Qırmızı çırağın dalısında ambulans
Uuuuuu deyə çatır
Fahişəni götürür.
Şəhər qaranlıq, gecə 12
Hər gecə saat on ikidə
Bir qadın
Abort edir röyalarını
Ölü doğulur günəş
Hər gecə asfaltda.
“Ədəbiyyat və incəsənət”
(02.05.2025)