“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Həmid Piriyevin “Nəlbəkidə üzər kağız gəmilər” hekayəsini təqdim edirik.
Həmid PİRİYEV
NƏLBƏKİDƏ ÜZƏR KAĞIZ GƏMİLƏR
Aynur üçün
...Stansiyanın platformasında oturub ayaqlarımı sallatmışam, yellətdikcə dabanlarım beton platformanın qırağına dəyir. Siqaret çəkirəm. Zəif külək əsir, söyüd ağaclarının yarpaqlarını, stansiyanın yan tərəfindəki şorda bitən qamışların pişpişələrini xışıldadır.
– Sənətkar, bir dənə papruzundan ver də...
Dala baxıram, Şəlpəqulaqdı. Başımla salam verib cibimdən siqaret qutusunu çıxardıram. Şəlpəqulaq yaxına gəlir, qucağındakı yorğan-döşəyi platformaya qoyub siqareti alır, yandırdığım kibritə tərəf əyilib siqareti alışdırır.
– Necəsən, sənətkar?
– Yaxşıyam, sağ ol, – deyib başımı tərpədirəm.
– Kişi necədi?
Atamı soruşur. Yenə başımı tərpədirəm.
– Allah ona can sağlığı versin, yaxşı kişidi!
Şəlpəqulağın əsl adı Məmməddi, amma hamı onu Şəlpəqulaq çağırır. Qulaqlarını elə bil plastilindən düzəldib əymisən.
– Özün necəsən? – soruşuram.
Yatacağa işarə edir.
– Əlləşirəm. Təvəkkül yola vermədi də məni. Nə qədər olar? Axır dedim, atamsan, canımsan, ciyərimsən, amma daha belə olmur. Çıxdım həyətdən.
Elə bil nəsə yadına düşür, siqareti barmaqlarının arasında sıxır, sonra külünü çırpıb yenə ağzına qoyur.
– Yam-yam necədi? – soruşuram.
– Necə olacaq? Keçən ay getmişdim yanına.
Yenə nəsə demək istəyir, amma demir.
– Yaxşı, çox sağ ol, sənətkar.
Yatacağı qucağına götürüb gedir. Arxadan ona baxıram, beli əyilib, iki-üç ilin içində əriyib gedib, köhnə Məmməddən bircə şəlpə qulaqlar qalıb.
Yam-yam bunun kiçik qardaşıdı. O vaxt cur olmuşuq. İndi türmədədi.
Dörd dostduq o vaxt, Merinosdu, Yam-yamdı, Əyripəncəydi, məndim.
Merinosla Yam-yam burda, stansiyanın dal məhəlləsində yaşayırdı, Əyripəncə məktəbin yanında, mən başqa məhəllədə.
Merinos əmim oğludu, qoyunları buralarda otlamağa buraxırdı. On-on beş dənə qoyunu vardı, əmim almışdı. Merinos deyirdi ki, bu qoyunlar mənimdi, saxlayıb çoxaldacağam, sürü eləyəcəyəm. Hərdən gəlirdim yanına. Yam-yam da gəlirdi. Yam-yam Merinosla bir sinifdə oxuyurdu, məndən iki yaş böyükdülər. Sonra Əyripəncə də bizə qoşulmağa başladı. Əyripəncə mənimlə bir sinifdə oxuyurdu. Əyripəncə yekəpərdi, ayaqları da bir az əyri, yanlarını basa-basa gəzirdi. Yam-yamsa sarışın, mırıqdiş uşaqdı, adamyeyənə oxşayırdı. Əyripəncəylə Yam-yamın adını Merinos qoymuşdu, o, ağıllıydı, axşamlar kitab oxuyurdu. O demişdi ki, Əyripəncə nağıldakı ayının adıdı, Yam-yam da ki adamyeyənlərə deyirlər, hardasa adamyeyənlər yaşayır, özləri də lüt gəzirlər. Merinos adını biz qoymuşduq ona, qoyunlara görə. Mənimsə ləqəbim Qırçıydı. Qaraydım, çəlimsizdim, amma bu adı mənə uşaqlar qoymamışdı, əmim bir dəfə demişdi ki, qırçılara oxşayırsan, ondan sonra adım Qırçı qalmışdı.
Burda köhnə yük vaqonları vardı. Əlavə relslərdə qalıb pas atmışdılar. Vaqon çox idi, dördü bizimkiydi. Lap birincisi, əlli doqquz tonluq vaqon Merinosunkuydu, ikincisi, əlli yeddi tonluq Əyripəncənindi, üçüncüsü altmış tonluqdu, o, mənimkiydi, dördüncüsü də Yam-yamınkı, o da əlli yeddi tonluqdu. Hərəmiz öz vaqonumuza çıxıb otururduq. Bir dəfə öz vaqonumun içinə düşmək istədim, amma lükunu aça bilmədim. O birilər də yoxladılar, heç birimizin vaqonunun lüku açılmadı. Bir az vaqonumuzda oturandan sonra yığışırdıq birimizin vaqonuna. Əyripəncə cığal idi, heç vaxt bizi öz vaqonuna qoymurdu, amma biz onu qoyurduq. Mənim cibimdə həmişə karamel olurdu, uşaqlara verirdim. Merinos bizimçün maraqlı şeylər danışırdı. Qoyunlar da otlayırdı özləriyçün.
O vaxt hələ elektrik qatarları işləyirdi. Gündə iki dəfə, bir səhər, bir də axşam. Amma biz onları görmürdük. Hərdən-hərdən də ya yük qatarları, ya da harasa uzaqlara gedən sərnişin qatarları keçirdi. Merinos tez qoyunları qırağa sürürdü ki, qatarın altında qalmasınlar.
Üç-dörd ay belə keçdi, qış düşənəcən. Havalar soyuduqca az-az getməyə başladım. Elə o birilər də gəlmirdi. Bircə Merinos hər gün qoyunları otarırdı. Bir dəfə əmigilə gedirdim. Stansiya tərəfdən gəldim, bilirdim, Merinos burdadı. Bir az söhbət elədik. Stansiya binasından aralı, platformanın axırında tualet vardı. Neçə ay buralarda fırlansaq da, hələ bu tualetə girməmişdim. Qapılarını haçandı çıxarıb aparmışdılar, balaca hasarı vardı, içəri görünmürdü. İçəri girdim. Divarda kimsə mıxla, əyri-üyrü kirill hərfləriylə iki misra şeir cızmışdı:
Biz gedərik, güldə qalar ətrimiz,
Ətri gələndə bilinər qədrimiz.
Çıxanda Merinosdan soruşdum, dedi, Sumqayıt uşaqları yazıb onu, elektriçkada tum satan uşaqlar.
Yeni il qabağı əmim qoyunları satdı, amma pulunu Merinosa vermədi. Merinos neçə gün dərsə gəlmədi, bizdən utanırdı. Amma tezliklə yaddan çıxdı hər şey.
Əyripəncəylə də aram dəymişdi. Bir dəfə məktəbdə kiməsə sataşdı, deyəsən, uşağın nənəsini söymüşdü. Dava düşdü, Əyripəncəyə bir dənə yumruq dəyən kimi titrəməyə başladı, ağlaya-ağlaya direktorun otağına qaçdı. O boyda cəmdəyiydi, amma bərkliyi yoxmuş. Əyripəncə gözümdən düşdü. Daha onunla oturub-durmurdum. Hərdən də xətrimə düşəndə zarafatca söyürdüm.
İş elə gətirdi ki, əsgərliyə bir gündə getdik. Əyripəncəgilin maşını yox idi. Komissarlığa bizim maşınla getdik. Əyripəncənin əlində yekə idman çantası vardı. Soruşdum, içindəki nədi, dedi yeməkdi, anam qoyub. Həyətdə dayanmışdıq, bir-bir içəri çağırırdılar. Əyripəncə dolub dayanmışdı, himə bənddi, ağlasın. Biz də girib çıxdıq. Gecə Biləcəridən yola salacaqdılar bizi. Əyripəncə dedi, gəl gedək maşına. Çıxıb maşında oturduq. İdman çantasını açıb çörəklə soyutma yumurta çıxartdı. Sellofan torbanın içində iyirmiyə yaxın yumurta vardı, hərəmiz birini götürüb soyduq, yedik. Əyripəncə qalan yumurtalarla çörəyi çantaya qoyub bağladı. Çantada bütöv soyutma toyuq, bir palka kolbasa, balaca qazança, iki dənə bir litrlik limonad görünürdü. Sonra siqaret çəkdik.
– Qırçı, mən qorxuram e, – dedi. Gözləri qızarmışdı.
– Ayı oğlu ayı, nədən qorxursan? Vid-fasonuva bax, eyibdi e, – dedim.
Gecə yola düşdük. Ayrı rayonlara gedirdik. Məzuniyyətə gələndə anam dedi, get İlhamə xalaya dəy, tez-tez zəng eləyib səni soruşur. İlhamə xala Əyripəncənin anasıydı. Getdim. İlhamə xalanı tanımadım, bircə gözləri qalmışdı arvadın. Əsgərlikdən qayıdanda artıq İlhamə xala ölmüşdü. Sonra uşaqlar danışırdılar ki, Əyripəncə hər dəfə zəng eləyəndə ağlayırmış, deyirmiş ki, gəlin aparın məni burdan, incidirlər, döyürlər. İlhamə xala da ağlayıb gəzirmiş, o qədər dərd çəkib ki, axır ağ qan qırmızı qanı yeməyə başlayıb, yeddi-səkkiz aya ölüb gedib.
Əyripəncədən lap zəhləm getdi. Arvad oğlu arvad, tula balası tula! Harda görürdüm, söyürdüm onu. O elə bilirdi, əvvəlki kimi zarafatca söyürəm, amma mən doğrudan söyürdüm.
Əsgərlikdən sonra işləməyə başladım. Kənddən səhər çıxıb axşam qayıdırdım. Merinosla Yam-yamı da hərdən görürdüm. Merinos o vaxt universitetə girə bilməmişdi. Heç inanmadıq, savadlıydı, amma girə bilmədi. Yəqin, yaxşı hazırlaşmayıbmış. Əsgər getdi, qayıdandan sonra elə stansiyada işə girdi. Yam-yamısa əsgər aparmadılar, ayaqlarının altı düz idi. Onun daimi işi yox idi, hərdən bir dükanda fəhlə işləyirdi. İndi hərəmizin öz iş-gücü vardı, daha vaqon üstündə qaçdı-tutdu oynayan uşaqlar deyildik. Vaqonlarımızı da aparmışdılar, relslər yetim qalmışdı.
Üstündən üç-dörd il keçdi. İşdəydim, Merinos zəng elədi.
– Xəbərin var? Yam-yam Əyipəncəni vurub öldürüb.
– Nə? Nöş vurub?
– Hə, dünən gecə. Axşam gələrsən, danışarıq.
Axşam Əyripəncəgilə gəldim. Əyripəncəni günorta dəfn eləmişdilər. Tək-tük adam vardı, evin qabağında çay içirdilər. Merinos da burdaydı.
Küçəyə çıxıb siqaret yandırdıq.
– Dünən gecə olub, – Merinos danışmağa başladı. – Mən yanlarında deyildim. Üç-dörd nəfər yığışıb gediblər yeyib-içməyə. Muxtarın kafesində oturublar. Sonra Yam-yam başlayıb Əyripəncəni dolamağa. Əyripəncə onun anasını söyüb. Yam-yam deyib, piyansan, ayılarsan, sabah danışarıq. Kafedən çıxıblar, yanlarındakılardan biri qızışdırıb Yam-yamı, Yam-yam da cib bıçağını çıxarıb vurub Əyripəncəni. Atası deyir, hələ sağ idi, Sabunçuya aparanda yolda keçinib.
...Platformadan düşüb qəbiristanlığın alçaq hasarına yaxınlaşıram, Əyripəncənin, İlhamə xalanın, Əsədin qəbirləri yan-yanadı. Əsəd Əyripəncənin babasıydı, Kərbəlayı deyirdilər. Amma atam deyirdi ki, o, ziyarətə-zada getməyib, mollagünə adamdı, ona görə belə deyirlər. Bir də görürdün, biz vaqonların üstündə oynayan vaxt Əsəd gəlirdi qəbiristanlığa, qohum-əqrəbasının qəbrini ziyarətə. Uzaqdan onu görən kimi oynaya-oynaya oxuyurduq:
Kəbleyi dolma yedi,
Çıxdı çinarın başına.
Əyripəncəni od götürürdü, söyürdü, inciyirdi, küsüb gedirdi. Amma səhəri gün yenə gəlirdi, çünki bizdən başqa dostu yox idi.
Əsəd Əyripəncədən sonra öldü...
Şəlpəqulaq yenə təzə evə şey-şüy daşıyır. Bu dəfə çiynində burulub bükülmüş xalça, bu biri qoltuğunda da bükülmüş palaz var. Atasıyla yola getmirdilər. Bir az pul düzəldib, şor qırağında əl boyda yer alıb, ev tikib. Ev deyəndə ki, bir otaqlı balaca komadı. İndi evin şey-şüyünü daşıyır, ata nanəcib qapısında maşını ola-ola vermir oğluna, bunun da pulu yoxdu, taksi tutsun, əllə daşıyır. Özü də xəlvət yolla aparır ki, görən olmasın. Amma bayaq qayıtmağını görməmişdim, yəqin, kənd içindən qayıdıbmış.
Əmimgilə girirəm. Merinos bu gün evdədi. Dostu çay süzür, içirik. Qənddanda karamel var, amma bunlardan xoşum gəlmir. Karamelçün uşaqlıqdan əldən gedirəm. O vaxt dadlı karamellər olurdu – Ptaşka, Qaz ayağı, Skazka... Südlü, kakaolu karamellər. İndikilər elə dadlı deyil, kağızları da cığ-cığdı. Ptaşkanın üstündə ağacdələn şəkli vardı, bir də Meçta karamelləri olurdu, yumru pendirə oxşayırdı, elə pendir deyirdim ona. Çox vaxt yeyəndən sonra kağızından gəmi düzəldirdim, çayı nəlbəkiyə töküb qoyurdum gəmini içinə, üfləyib üzdürürdüm. Bir dəfə əmigilə gedəndə gördüm ki, əmim qızı karamel kağızlarından balaca səbət düzəldir. Əlinə baxdım, özüm də yoxladım, amma alınmadı. Kağızları büküb toxuyurdu. Hazır olandan sonra içinə süni gül düzdü. Bu biri dəfə gələndə gördüm, iki dənə də düzəldib. Dedim mənimçün də düzəltsin. Dedi, konfet kağızı gətir, düzəldim. Sonra yadımdan çıxdı, kağız gətirmədim. İndi evdə baxıram, həmin səbətlər hələ də servantdakı qab-qacağın arasındadı...
Evdən çıxırıq. Qapının ağzında Merinosla siqaret çəkirik. Sağollaşıb ayrılıram. Kəndə getməliyəm, dükandan alınmalı şeylər var. Amma birdən o iki misra şeir yadıma düşür. Qayıdıb stansiyanın tualetinə girirəm. Divarı üst-üstdən neçə dəfə əhəngləyiblər, amma mıxla cızılmış şeiri hələ də oxumaq olur:
Biz gedərik, güldə qalar ətrimiz,
Ətri gələndə bilinər qədrimiz.
Çıxanda Şəlpəqulağı görürəm, Ağayla divanı aparır...
...Əyripəncənin üçüydü, yasdan çıxıb evə gedirdim. Şəlpəqulağı gördüm, gözləri şişmişdi. Yam-yamı soruşdum, dedi, elə o gün gecəylə gəlib apardılar. Polislər gələndə Yam-yam da evə qayıdırmış, elə qapının ağzında qandalı keçirdiblər əlinə. Şəlpəqulaq deyir, dedim, bir dəqiqə əlini açın, girib evdəkilərlə görüşsün. İcazə vermədilər, maşına basıb apardılar. Uşaq pəncərədən baxa-baxa qaldı.
Yam-yam evlənmişdi, bir qızı da olmuşdu o vaxt.
Qayıdıb kənd içinə gedirəm, dükana girirəm. Dükandan çıxanda Kənanla rastlaşıram. Kənan Əyripəncənin kiçik qardaşıdı.
O vaxt Merinos deyirdi ki, Yam-yam Əyripəncəni vuran gün Kənanı yoldan tutub qaytarıblar. Yam-yamgilə gedirmiş ağlaya-ağlaya, əlində də bıçaq varmış...
Aprel-mart 2017
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)