Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 100 illiyi qeyd edilib Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qarabağın 100 yaşlı təhsil ocağı.

Bölgədə elm və təhsilin, maarifçiliyin əsas ocaqlarından biri...

 

25 noyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Ağdam Dövlət Sosial-İqtisadi Kolleci publik hüquqi şəxsin yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin Peşə və orta ixtisas təhsili sektorunun baş məsləhətçisi Rüstəm Abdullayev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, kollecin direktoru Neymət Rüstəmli, kollecin müəllim və tələbə kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca kollecin 100 illik yubileyinə həsr olunmuş sənədli film və AMEA-nın müxbir üzvü, “Lütfi zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, texnika elmləri doktoru, professor Rafiq Əliyevin video təbriki nümayiş etdirilib. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər kollecin bir əsrlik zəngin tarixindən, təhsil sahəsində qazandığı nailiyyətlərdən, rayonun sosial-iqtisadi inkişafında oynadığı mühüm roldan, müəllim və məzunların xidmətlərindən, eləcə də gənc nəslin formalaşmasında və yetişdirilməsindəki əhəmiyyətindən bəhs ediblər.

Natiqlər kollektiv üzvlərini əlamətdar yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın Əməkdar artisti Fehruz Səxavətin, eləcə də kollecin müəllim və tələbələrinin ifasında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.