Sözümüzə sahib çıxaq, birliyimizi qoruyaq! Featured

Şəhla Rəvan,

Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.

"Ədəbiyyat və İncəsənət"

 

Əziz qələm dostlarım, gənc və təcrübəli sənət adamları, bu sətirləri ürəyimdə illərin yığdığı məsuliyyət və sənətimizə olan sonsuz sevgi ilə yazıram. Doğma Cəlilabadımızda, bütövlükdə Cənub bölgəsində və ölkəmizin hər yerində qələmə sarılan, düşüncəsini sözə çevirən insanların sayının artması məni bir müəllim, ədəbiyyatçı və bir qələm adamı kimi hədsiz sevindirir. İçimizdə elə gənclər, elə xanım və bəy imzalar var ki, oxuyanda adamın ruhu dincəlir, görürsən ki, sözün mayası sağlamdır, düşüncə təmizdir, məqsəd ucadır.

 

Amma gəlin düşünək: söz nədir axı? Bizim ədəbiyyatımızda söz heç vaxt sadəcə səs, heca və ya qafiyə olmayıb. Nəsimi sözü varlığın, mənanın zirvəsinə qaldıranda, Nizami sözün azlığında və dərinliyində kamillik görəndə, Füzuli sözü qəlbin yanğısı ilə yoğuranda, Bəxtiyar Vahabzadə sözün məsuliyyətini və ucalığını xatırladanda bizə bir həqiqəti öyrədiblər: söz insanın mənəvi aynasıdır. Dahilərimizin kəlamlarında, misralarında söz həm işıqdır, həm hökmdür, həm də əmanətdir. Sözün içi boşdursa, qabığı nə qədər bəzəkli olsa da, uzun ömürlü olmur.

Məhz buna görə də son dövrlər ədəbi mühitimizdə baş verən bəzi hallar məni narahat edir və susmağı özümə rəva bilmirəm. Ədəbi mühitimiz sanki ortaq bir ocaq olmaqdan çıxıb kiçik-kiçik dairələrə, ayrı-ayrı qruplara bölünür. Hərə öz küncündə bir məclis qurur, öz səsi ilə özünü eşidir. Halbuki sənətdə çoxluq, şairlərin, yazarların çoxalması gözəl haldır - təki bu çoxluq bir-birini ucaltmaq, sağlam rəqabət aparmaq, öyrənmək və öyrətmək naminə olsun. Paxıllıq, qısqanclıq, bir-birinin ayağından çəkmək heç vaxt sənəti irəli aparmayıb, əksinə, dəyəri kiçildib.

Bir məsələni də açıq və aydın demək istəyirəm. Meyxana bizim xalq yaradıcılığımızın, folklorumuzun tərkib hissələrindən biridir; onun öz kökü, öz meydanı, öz deyişmə ənənəsi var. Lakin hər bir halda unutmayaq ki, hər bir janrın öz yeri, öz ölçüsü, öz estetik sərhədi var. Ədəbi məclisləri, şeir gecələrini bayağı, məzmunsuz atmacalara, səviyyəni aşağı salan söz güləşdirməsinə çevirmək doğru deyil. Xüsusilə də xanım yazarlarımızın bu cür üslublara qoşulmasını mən həm qadın zərifliyinə, həm milli əxlaqımıza, həm də ədəbi ləyaqətimizə yaraşdırmıram.

Qadın sözü həmişə işıq, abır, hikmət və mənəvi dayaq olmalıdır; onu ucuz atmacaların, bayağılığın içində xərcləmək heç kimə başucalığı gətirmir.

Bizim arxamızda Nəsimi kimi sözü kainatın özülünə qaldıran, Füzuli kimi dərdi ülvi məqama ucaldan, Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi nəhənglər dayanır. Onların qoyduğu yol məsuliyyət yoludur.

Söz yalnız qafiyə tutuşdurmaq, sətirləri doldurmaq deyil; sözün içi dolu olmalıdır, ağlı da olmalıdır, vicdanı da.

Mən heç kimi incitmək, kimsənin qəlbinə dəymək istəmirəm. Əksinə, hər bir səmimi olana hörmətim və inamım böyükdür. Sadəcə istəyirəm ki, birliyimizi qoruyaq, sözümüzün qədrini bilək, ədəbiyyatı qoruyaq ki, sabah gələn nəsillərin qarşısında üzümüz ağ olsun...

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.