“Molla Nəsrəddin”də Oğuz izləri Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

    Söhbət Molla Nəsrəddin lətifələrindən yox, Ümummilli liderimiz H.Əliyevin qeyd etdiyi kimi, xalqımızın milli şüurunun formalaşmasında misilsiz rolu alan məşhur “Molla Nəsrəddin” jurnalından gedir.

    1906-cı il aprelin 7-də Tiflisdə nəşrə başlayan jurnal Azərbaycan xalqının iştimai-siyasi, ədəbi-mədəni həyatını geniş işıqlandırır, ayrı-ayrı bölgələrdəki problemləri satira və publisistika vasitəsi ilə öz oxucularına çatdırırdı. Ölkənin şimal-qərb bölgəsi də bu baxımdan istisna deyildi və qədim Vartaşen (hazırkı Oğuz) də həmin arealın tərkib hissəsi idi.

 

    Düzdür, jurnalın səhifələrində Vartaşenə həsr olunmuş konkret yazılara, yerli müəlliflərin imzası ilə dərc edilmiş materiallara və bir istisna xaric, Vartaşen adının çəkildiyi digər hər hansı məlumata rast gəlinmir. Amma bu orada Vartaşenə aid materialların olmadığı demək deyil. Şübhəsiz ki, şimal-qərb bölgəsinin içtimai bəlalarını və qüsurlarını hədəf alan tənqidi qeydlər dolayısı ilə bu regiona da aid idi. Lakin jurnalın səhifələrində Vartaşenə (Oğuza) aid konkret materialın mövcudluğu bir başqa məsələdir.

    “Molla Nəsrəddin”in səhifələrində Vartaşen adına toponim (oykonim) kimi cəmi bir dəfə təsadüf olunur. Belə ki, jurnalın 28 iyun 1909-cu il tarixli 26-cı sayında Qax rayonunda anadan olmuş Həmzət bəy Həbibulla bəy oğlu Qəbulov-Şirvanlının “Sofi Zənbil” imzası ilə çap olunmuş “Viveska” felyetonununda oxuyuruq:

“Molla əmi! Bağışlıyasınız, bir balaca nağıl danışacağam. Biri var idi, biri yox idi, Allahdan başqa kimsə yox idi. Bir Car bazarı var idi. Bir günü xəbər çıxdı ki, bazarın filan yerində təzə bir bağlı mağazanın qabağında bir böyük vıveska asılıb və çox gözəl xətt ilə yazılıbdır: füruş olunur:            

İncu, mərcan, kəhrəba, yaqut,    

İpək, qumaş, zər, əba, mahut.

Vıveskanın bu məzmunu mağazanın qabağına cəm olan məxluqu ziyadə şövqləndirib, hər kəsə bəqədri-qüvvə mal almaq əfkarilə mağazanın açılmağına müntəzir elədi. Xülasə, bir növ ilə mağazanı açdılar; bir də gördülər nə?

Köhnə süpürgə, köhnə çarıq, qurbağa,

Köhnə çuval, köhnə çanaq, tısbağa.

Köhnə başmaq, köhnə cəhrə, bir oraq,

Köhnə çaxmaq, köhnə dəhrə, qır çıraq.

Müxtəsər, vıveskanın zahiriylə batinində çox da fərq yox imiş. Hə, vıveska dedim nə fikrimə düşdü? Madaxlı Molla Həmid ilə bəzzaz Sofi Vahid hələ məzlum kəndlilərin haqlarını da vermiyib özləri şıxlarnan durub-otururlar deyə, saqqal vıveskasilə avam camaatı şeyxlərə mürid olmağa dəvət edirlər ki, özlərinə də bir  qədər komissiyalıq haqqı çatsın...İndi, a Molla əmi! And verirəm səni Şeyx oğlu Molla Məhəmmədin əlini öpüb ona pul verən Car mahalının müsəlmanlarının müvəqqət imanlarına ki, tezlik ilə məcmuəniz vasitəsilə bir xəbər verəsiniz. Əvvələn, sofilər özlərindən asan saqqal vıveskaları ilə yuxarıda zikr olunan vıveskanın çoxmu fərqi? Saniyən, bu vıveskalı sofilər behiştə daxil olanda bəs Vartaşen sofiləri necə olacaqlar?” (https://525.az/news/98830-hemzet-bey-qebulovun-molla-nesreddin deki-yazilari)

    “Viveska” felyetonu XX əsrin əvvəllərində Azərbaycanda dini nüfuzdan şəxsi mənafe naminə istifadə edən, özlərini təqva və mənəviyyat sahibi kimi təqdim edərək sadə insanların inamını istismar edən zümrənin ifşasına həsr olunmuşdur və dərin satirik məna daşıyır.

 Felyetonun əsas hədəfi dinin özü və ya səmimi dini inanclar deyil. Sofi olmaq da öz-özlüyündə mənfi xüsusiyyət deyil. (Sofi (sufi) – təsəvvüf yolunu qəbul edən, mənəvi kamilliyə, Allaha yaxınlaşmağa, nəfsin tərbiyəsinə və daxili saflığa can atan, zahidliyə yönələn şəxslərə deyilir.)   

Müəllifin tənqid etdiyi zümrə isə dini ad və zahiri əlamətləri özü üçün qazanc mənbəyinə çevirən, xalqın dini duyğularından istifadə edən saxta sofilər və vasitəçilərdir.

Əsərin ideya mərkəzində zahiri görünüşlə həqiqi mahiyyət arasındakı ziddiyyət dayanır. Qəbulov-Şirvanlının demək istədiyi budur: insanın özünü necə təqdim etməsi ilə əslində kim olması eyni şey deyil.

Müəllif bu ziddiyyəti mağazanın üzərindəki reklam lövhəsi – “viveska” vasitəsilə açır. Lakin hadisə təsadüfi bazar əhvalatı kimi təqdim edilmir. O, cəmiyyətdəki dini riyakarlığın bədii modeli kimi qurulur.

Həmzət bəyin işlətdiyi “saqqal viveskası” ifadəsi xüsusi əhəmiyyət daşıyır. Adi mağazanın viveskası onun nə satdığını bildirir. Saqqal isə burada dini nüfuzun zahiri göstəricisinə çevrilir.

Felyetonda satirik məntiq belədir: mağazanın lövhəsi qiymətli mal vəd edir, amma içəridə yararsız əşyalar var. Sofinin saqqalı da dini kamillik və mənəviyyat təsəvvürü yaradır, amma onun davranışında maddi maraq və şəxsi mənfəət görünür. Deməli, saqqal insanın mənəvi keyfiyyətlərinin sübutu deyil.

Bu ifadə ilə müəllif dini simvolun kommersiya reklamına çevrilməsini göstərir. Sofi öz zahiri görünüşünü bir növ nüfuz vasitəsi kimi istifadə edir. Burada satirik istehza xüsusilə güclüdür: mağaza sahibi malını reklam lövhəsi ilə, saxta dini nüfuz sahibləri isə saqqalları ilə reklam edirlər.

Vartaşen sofiləri ilə əlaqə – felyetonun ən maraqlı məqamıdır. Vartaşen adını çəkməklə müəllif artıq Car mahalının konkret şəxslərini tənqid etməkdən çıxaraq Vartaşen sofilərini də müqayisə müstəvisinə gətirir. Burada üç mühüm məna görürük: regional dini mühitə işarə, dini nüfuzun meyarı məsələsi, yerli dini qruplar arasındakı münasibətlər.

Qənaətimizcə, felyetonun ən qiymətli tarixi işarəsi məhz sonuncu – “bu vıveskalı sofilər behiştə daxil olanda bəs Vartaşen sofiləri necə olacaqlar?” cümləsidir.  Həmin cümlə 1909-cu ildə Vartaşendə “sofi” adı ilə tanınan müəyyən dini çevrənin mövcudluğu barədə dövrü mətbuatda qeydə alınmış  maraqlı bir məlumatdır.

Bu məlumat “Molla Nəsrəddin”in səhifələrində Vartaşenə verilən yeganə coğrafi-mədəni istinad olmaqla yanaşı, ərazidəki sofilərin dövrün insanlarına tanış bir ictimai-dini çevrə olduğunu ehtimal etməyə də əsas verir. Felyetonun ümumi məzmunundan belə anlaşılır ki, müəllif Vartaşen sofilərini Car sofiləri ilə müqayisədə daha müsbət səciyyələndirir və onların davranışlarını nisbətən təqdirəlayiq hesab edir. Burada Cardakı kimi kəskin tənqidə məruz qalan sofilərin adlarının çəkilməməsi də maraq doğurur.

XX əsrin əvvəllərində Vartaşen sofilərinin fəaliyyəti, onların cəmiyyətdəki yeri və yerli əhali ilə münasibətləri isə ayrıca və dərindən araşdırılmağı gözləyən maraqlı mövzulardandır.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.