”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan rayonunda.
7 noyabr, 2026-cı il.
Bu gün Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ucaldılmış möhtəşəm “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılış mərasimi keçirilib.
8 Noyabr – Zəfər Günü ərəfəsinə təsadüf edən açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Beyləqan şəhid ailələrinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun təşkilatçılığı ilə ərsəyə gələn abidə kompleksində Birinci və İkinci Qarabağ müharibələrində, Aprel döyüşlərində, antiterror əməliyyatlarında, eləcə də sonrakı hərbi əməliyyatlar zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış 356 nəfər beyləqanlı qəhrəmanımızın fotoşəkilləri yer alıb.
Açılış mərasimində çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən, Birinci Qarabağ müharibəsində xalqımızın nümayiş etdirdiyi mübarizə əzmi və fədakarlıqdan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaətdən bəhs edib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan tarixi Zəfərin xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının milli qürurumuzun təntənəsi olduğunu vurğulayıb.
Rayon rəhbəri çıxışında şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib. Həmçinin Şəhidlər Abidə Kompleksinin yaradılmasının məqsədi, əhəmiyyəti, tikinti və abadlıq işlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu kompleks yalnız xatirə məkanı deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli yaddaşın qorunmasına xidmət edən mühüm mənəvi məkandır.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər “Şəhidlər” Abidə Kompleksinin yaradılmasını yüksək qiymətləndirərək, şəhidlərin xatirəsinə göstərilən ehtirama, ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yüksək diqqəti və təşkilatçılığı ilə belə bir kompleksin ərsəyə gəlməsinin şəhid ailələri üçün böyük mənəvi dəyər daşıdığını və qəhrəmanların adlarının daim yaşadılmasına xidmət etdiyini vurğulayıblar.
“Şəhidlər” Abidə Kompleksi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın, xalqımızın tarixi Zəfərinə və milli birliyinə sədaqətinin əbədi rəmzi kimi bundan sonra da xidmət göstərəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2026)


