“Könlüm keçir Qarabağdan...” Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində adı çəkilən mərkəzin, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin və Milli Qəhrəman Polad Həşimov  adına 28 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbir Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin moderatoru, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamı xüsusi vurğulayıb. O, ölkəmizdə Azərbaycan ədəbiyyatına və sənətinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib.

Şair-publisist, folklorşünas, Əməkdar jurnalist Avtandil Ağbaba, şair-tərcüməçi, ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, eləcə də şairlər Hikmət Fərzəli və Xaqani Abbasəli Öztürk çıxış edərək Səməd Vurğunun zəngin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və milli poeziyamızın inkişafına verdiyi töhfələr haqqında maraqlı fikirlər səsləndiriblər.

Polad Həşimov adına 28 nömrəli məktəbin şagirdlərinin ifasında səslənən Səməd Vurğuna məxsus şeirlər və mahnılar tədbirə xüsusi ruh, duyğu və rəng qatıb. Şagirdlərin bədii ifaları görkəmli şairin poeziyasının bu gün də qəlblərdə yaşadığını bir daha nümayiş etdirib.

Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Gülarə Sadıqova tədbirdə iştirak edən qonaqlara və iştirakçılara dərin təşəkkürlərini bildiriblər.

Sonda şagirdlər və iştirakçılar Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini birlikdə söyləyiblər. Bu təsirli an Vətən sevgisinin, milli-mənəvi dəyərlərimizin və böyük söz ustadının əbədiyaşar irsinin təntənəsinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.