Şair Molla Kərim Kəşfi Vardani kim olub? Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Molla Kərim Kəşfi XIX əsrdə Oğuz (keçmiş Vartaşen) rayonunun indiki Kərimli (keçmiş Vardanlı) kəndində yaşayıb-yaratmış el şairlərindəndir. Öz əsərlərində əsasən “Kəşfi Vardani” və “Molla Kəşfi” təxəllüslərindən istifadə etmişdir.

 

Molla Kərim Kəşfinin yaradıcılığı regional ədəbi məclislərlə (xüsusilə Şirvan və Qarabağ təsəvvüf mühiti ilə) sıx bağlı olmuşdur.

Onun adı bəzən həmin əsrdə eyni kəndə yetişmiş məşhur şair Mücrim Kərim Vardani ilə qarışdırılır. Halbuki görkəmli tədqiqatçı, hər iki şairin şeirlərini toplayıb, nəşr etdirmiş S.Mümtaz bunların tamamilə fərqli insanlar olduğunu qeyd etmişdir. Bir də ki, M.K.Vardani heç bir əsərində və heç bir yerdə “Kəşfi” adı çəkməmişdir.

S.Mümtaz 1927-ci ildə nəşr etdirdiyi “El şairləri” (II cild) kitabında Molla Kərim Kəşfinin bədii dil baxımından çox zəngin olan, klassik üslubda və əruz vəznində yazılmış “Çaynamə” və “Suxtalar” adlı iki şeirini xüsusi olaraq qeyd etmişdir. “Çaynamə” əsəri “Kəşfi Vardani” (“Gərəkdir qismətə razı olaq, ey Kəşfi Vardani”), “Suxtalar” əsəri isə “Molla Kəşfi” (Molla Kəşfi, böhtan ilə xəlqi zəmm etməz yəqin”) təxəllüsləri ilə qələmə alınmışdır.

Molla Kərim Kəşfi Vardani tərəfindən qələmə alınan "Çaynamə" şeiri, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan və sufi-rəmzi xarakter daşıyan maraqlı mənzum əsərlərdən biridir. Azərbaycan poeziyasında "Çaynamə" ənənəsi geniş yayılmışdır. Molla Kərim Kəşfi bu mövzuya müraciət edərkən həm dövrün ədəbi mühitindən, həm də mürşidi Mir Həmzə Nigarinin məşhur "Çaynamə" məsnəvisindən ilham almış və bu sufi ənənəsini davam etdirmişdir.

Şeir ilk baxışda çayın, samovarın və çay məclisinin təsviri kimi görünsə də, əslində dərin təsəvvüfi (sufi) mənalar daşıyır. Bu janrdakı əsərlərdə çay məclisi – ilahi eşq məclisini, çay – mənəvi feyzi, samovarın qaynaması servesi isə aşiqin qəlbinin ilahi eşqlə coşub-daşmasını simvolizə edir.

 “Suxtalar” (mədrəsə oxuyan, lakin adətən avara gəzən, elmdən uzaq olub müxtəlif hoqqalaradan çıxan tələbələr) şeiri isə ədəbiyyatımızda içtimai-bədii tənqidi əks etdirən mühüm satirik nümunələrdəndir. Şeir dövrün mədrəsə mühitini, tələbələrin davranışını və cəmiyyətdəki nüqativ halları tənqidi dillə təsvir edir.

Molla Kərim Kəşfi Vardaninin həyat və yaradıcılığının ətraflı öyrənilməsi öz tədqiqatçılarının yolunu gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

 

 

                                                                                           

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.