İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Görkəmli yazıçı, pedaqoq və ədəbiyyatşünas Mir Cəlal Paşayevin zəngin ədəbi-elmi irsində məkan amili sadəcə coğrafi fondan ibarət olmayıb, onun bədii təfəkküründə, estetik ideallarında və insan konsepsiyasında dərin semantik qat təşkil edir. Bu baxımdan, Vartaşen (hazırkı Oğuz) mühiti də sənətkarın yaradıcılığında silinməz iz buraxmış arxetipik məkan kimi diqqəti cəlb edir. Vartaşen arxetipi Mir Cəlal nəsri üçün onun maarifçilik ideallarının, folklor yaddaşının və milli-mənəvi dəyərlərinin təbii qaynaqlarından biridir.
Bir haşiyə. Vartaşenin (Oğuzun) yaşlı ziyalılarının (H.Həmidov, H.Qurbanov, İ.Vahabov, H.Abdullayev və b.) öz ata-babalarından eşidib söylədiklərinə, bizim də qulaq şahidi olduqlarımıza görə,görkəmli ədibimiz keçən əsrin 30-cu illərinin ortalarında bir neçə dəfə Vartaşenə gəlmiş, hətta burada yaşlı əhali üçün təşkil olunmuş "likbez" (savadsızlığın ləğvi) kurslarında məşğələlərin gedişi ilə maraqlanmışdır. Düzdür, yazılı mənbələr bunu təsdiqləmir. Lakin ədibimizin 1941-ci ildə qələmə aldığı “Açıq kitab” əsərində Vartaşen təbiətinin ilhamverici gözəlliyi və oranın zəhmətkeş sakinləri elə ecazkarlıqla təsvir olunub ki, bu, yuxarıda deyilənlərə inam yaradır.
Bu səfərlər Mir Cəlala Vartaşenin kənd həyatını, insanların məişətini, köhnəliklə yeniliyin mübarizəsini yaxından müşahidə etmək imkanı qazandırmışdır. Onun dağətəyi regionun çətin, lakin saf mühitindəki canlı müşahidələri yuxarıda da adı çəkilən “Açıq kitab” əsərində əksini tapmışdır. Yazıcı bu əsərdəki bir çox obrazların prototiplərini məhz Vartaşendə tanış olduğu insanlardan götürmüşdür.
“Açıq kitab “romanı 1930-cu illərin cəmiyyət həqiqətlərindən, əxlaqi-mənəvi dəyərlərdən və bürokratiya/karyerizm kimi mənfi meyillərdən bəhs edən satirik-realist əsərdir.Romanda Vartaşen adı birbaşa toponim kimi çəkilir, həm də əsərin süjet xəttində mühüm sosial-psixoloji funksiya daşıyıb, ideya-bədii strukturunda mühüm yer tutur.
Əsərdə Vartaşen (indiki Oğuz) əsas hadisələrin cərəyan etdiyi, köhnə ilə yeninin, bürokratik nadanlıqla gənc ziyalıların maarifləndirici mübarizəsinin kəsişdiyi yerlərdən biri kimi təsvir olunur. Müəllif bölgələrdə şahidi olduğu bürokratik əngəlləri, mənfi tipləri və sadə kənd ziyalılarının mübarizəsini Vartaşen fonunda realist ustalıqla canlandırmışdır.
Əsərdə Vartaşenin təbiəti və etimoloji mahiyyəti mənəvi saflıq rəmzi kimi təqdim olunur: "…Niyə görmürsən, yazı cənnət kimi(dir). Əbəs yerə Vartaşen deməyiblər. Vartaşen, yəni gül kənd!...".
“Açıq kitab”da Vartaşenin (Oğuzun) təbiəti, dağ yamaçları və kənd mühiti təkcə coğrafi mənzərə kimi deyil, birbaşa personajların mənəvi dünyasını və dövrün içtimai mübarizəsini əks etdirən canlı bir fon kimi verilir. Yəni təbiət mənzərələri dövrün içtimai-siyasi ab-havası, insanların psixologiyası və baş verənlərlə vəhdətdə təsvir olunur. Yazıçı süjet daxilində bu coğrafi məkandan cəmiyyətdəki mənfi təzahürləri ifşa etmək üçün bir kontrast (təzad) vasitəsi kimi istifadə edir.
Əsərdə Vartaşen və onun ətrafındakı kənd həyatı aşağıdakı xüsusiyyətlərlə diqqətə çatdırılır:
İnzibati və iqtisadi çətinliklərlə.
Romanın mənfi obrazlarından biri olan Kərim Gəldiyevin Vartaşendə taxıl tədarükü müvəkkili işlədiyi dövr bölgədəki bürokratik sərtliyi, hesab-kitab qarışıqlıqlarını və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını, iqtisadi çətinlikləri üzə çıxarır. Əsərdə oxuyuruq: “Gəldiyevin taxıl tədarükü adı ilə kəndlərdə törətdiyi haqsızlıqlar Vartaşen dağlarının başı üzərini alan qara buludlar kimi insanların ürəyinə sıxıntı gətirirdi. Amma gənclərin inamı bu buludları yaracaq qədər güclü idi..."
Köhnəliklə yeninin toqquşması ilə.
Bölgədə köhnə təfəkkür tərzinə, iş üsullarına sadiq qalanlarla (məsələn, Gəldiyev kimi karyeristlərlə) yeniliyi, elmi və inkişafı təbliğ edən gənclər arasında gərgin münasibətlər təsvir olunur. Deyilir ki, "Vartaşenin füsunkar dağ yamacları köhnəliklə yeniliyin, elmlə cəhalətin amansız çarpışma meydanına çevrilmişdi. Gənc ziyalıların kəndlərə gəlişi buralarda sanki yeni bir üfüq açırdı..."
Təbiət və həyat fonu ilə:
Əsərdə bölgənin dağ yamacları, təbiət mənzərələri zaman-zaman dövrün ictimai-siyasi ab-havası, insanların psixologiyası və baş verən hadisələrlə vəhdətdə verilir. Qeyd edilir ki, "Buranın saf dağ havası, gur bulaqları və sıx meşələri insana fərəh verirdi. Lakin bu gözəl təbiətin qoynunda yaşayan insanların həyatı hələ də köhnə adətlərin, cəhalətin və savadsızlığın ağır yükü altında əzilirdi..."
Kənd həyatı və ictimai mühitlə. Müəllif yazır: "Kəndin ensiz, daşlı küçələrində hər addımda iki fərqli dünyanı görmək olardı: bir tərəfdə qaranlıq hücrələrdə köhnə kitabları vərəqləyənlər, digər tərəfdə isə gənc müəllimlərin ətrafına toplaşıb yeni elmin, maarifin işığına can atan kənd uşaqları..."
Bu təsvirlər vasitəsi ilə Mir Cəlal Vartaşeni (Oğuzu) təkcə təbiətin gözəlliyi ilə deyil, həm də maarifçilik işığının cəhalət qaranlığına qarşı hücuma keçdiyi mühüm bir içtimai məkan kimi canlandırır.
Romandakı Vartaşen təsvirlərində və yerli dialoqlarda xalq dilinə xas olan şirinlik, frazeoloji birləşmələr və yüngül yumor hissi duyulur. Yazıçı regional xüsusiyyətləri incəliklə qeyd edərək oxucunu o dövrün Vartaşeninə səyahət etdirir.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)


