İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu günlərdə Oğuz rayonunun qədim Sincan kəndindəki E.Abdulhüseynov adına tam orta məktəbdə Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Sincan kənd kitabxana filialının və məktəbin birgə təşkilatçılığı ilə Oğuz diyarının istedadlı qələm sahibi, 8 kitab müəllifi Rövşən Şəriflə oxucuların növbəti görüşü baş tutub.
Görüşdən öncə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış T.Məmmədovun, E.Nuralıyevin, eləcə də 1918-ci ildə Osmanlı ordusunun tərkibində Azərbaycan torpaqlarlnın erməni silahlı tör-töküntülərindən təmizlənməsində şəhid olmuş, Sincan kəndində uyuyan, türk əsgəri Tahir Əfəndinin məzarları ziyarət olunmuşdur.
Görüşdə kənd ziyalıları, o cümlədən müəllim və şagirdlər, eləcə də Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə yazar Rövşən Şərifin həyatı və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verilib.
Daha sonra söz müəllifin özünə verilib. Rövşən Şərif çıxış edərək qələmə aldığı kitablar, xüsusilə də "Sincan" romanı haqqında geniş məlumat verib. Yazar xüsusi olaraq qeyd edib ki, “Asincan” romanının ərsəyə gəlməsində və tarixi faktların dəqiqliklə yer almasında rayonumuzun dəyərli tarixçi ziyalısı Emin Əzimlinin dəyərli fikirləri və tövsiyələri mühüm rol oynayıb.
Oğuz Rayon Ağsaqqallar Şurasının üzvü, tarixçi Emin Əzimli R.Şərifin əsərləri, xüsusən tarixi "Sincan" romanı haqqında öz mülahizələrini görüş iştirakçılara çatdırdı.
Tədbirdə oxuculardan S.Səfərəliyeva, Ş.Bəhmanov, A.Qarayeva, T.Ələkbərov, Ş.Hacıyeva, X.Əsədov, Sincan kənd tam orta məktəbinin direktot müavini S.Məmmədova, Oğuz Rayon MKS-nin əməkdaşı Mehparə Bəkirova Rövşən Şərif yaradıcılığı barədə söz açıb, öz fikir və düşüncələrini söylədilər, müəllifə uğurlar dilədilər.
Çıxışlarda o da qeyd olundu ki, belə görüşlər yazıçı ilə oxucu arasında səmimi ünsiyyət yaradır, milli ədəbiyyatımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına, mütaliə mədəniyyətinin yüksəldilməsinə töhfə verir və mədəni-maarifləndirici fəaliyyətin güclənməsinə xidmət edir.
Sonda yazar Rövşən Şərif tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və əməyi keçən hər kəsə öz minnatdarlığını bildirdi. Gələcəkdə yazılacaq əsərlərində oxucuların tələb və təkliflərinin mütləq nəzərə alınacağını söylədi.
“Ədəbiyyat və incəsənət”
(22.10.2026)


