Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Dövlət Dram Teatrında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir çərçivəsində Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası nümayiş olunu

 

Tədbirdə Sumqayıt şəhər ictimaiyyətinin fəal üzvləri, media nümayəndələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Sumqayıt Tibb Mərkəzinin həkimləri və Sumqayıt Musiqi Kollecinin kollektivi iştirak ediblər

Tamaşadan əvvəl Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov və “Ölməz” tamaşasının müəllifi Elşən Sərxanoğlu çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs olunub, həmçinin Sumqayıt Dövlət Dram Teatrının yaradıcılıq fəaliyyəti barədə məlumat verilib

Ardınca “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” monotamaşası təqdim edildib.

Səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada Elay Xasıyev çıxış edib.

Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və Vətən uğrunda göstərdiyi fədakarlıq səhnə dili ilə tamaşaçılara çatdırılıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirədə qalaraq göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması və Xocalıda əsir götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq əksini tapıb

Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. O, son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.