İlqar İsmayılzadə,
“Ədəbiyyat və incəsənət”
Ötən gün Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Zərif kölgələr" ədəbi portalının İdarə Heyətinin üzvü, "Həməşəra" Fəxri Diplomu, pedaqoq, yazıçı, şair-publisist Sevil Gül Nurun rəhbərliyi ilə əziz şəhidlər və qazilərə ithaf olunaraq ərsəyə gəlmiş "Zirvə" adlı antalogiyanın təqdimatı keçirilmişdir.
Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini əziz tutmaq məqsədi ilə 1 dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbir yazıçı-şair Sevil xanımın çıxışı ilə davam etdi. Səmimi, eyni halda yüksək səviyyədə keçən ədəbi tədbirdə çıxış edən layihə rəhbəri Sevil xanım antalogiyanın hazırlanma prosesi və ədəbi məcmuədə Cəlilabad ədəbi mühiti ilə yanaşı digər bölgə və rayonlardan olan 24 xanım yazarın iştirakı barədə məlumat verərək ona bu işdə dəstək olmuş hər kəsə, xüsusilə də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilova, Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət xanım İsrafilovaya və antalogiyada öz şeir və nəsr nümunələri ilə uğurla çıxış etmiş xanımlara səmimi minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, hərbiçilər, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, müəllimlər və ictimaiyyət nümayəndələri, xüsusilə də rayonumuza təşrif gətirmiş qonaqlar öz çıxışlarında nəşr olunmuş antalogiya barədə öz ürək sözlərini söylədilər, Sevil Gül Nur xanımın rəhbərliyi ilə ərsəyə gəlmiş bu ədəbi məcmuənin şəhidlərimizin adı və xatirəsini əbəbiləşdirmək üçün gözəl və faydalı bir əsər olduğunu bildirdilər, müəllifə və müəlliflərə təbriklərini çatdırdılar.
Tədbirdə çıxış edənlərdən biri də fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, yazıçı-publisist İlqar İsmayılzadə idi. O, öz qısa çıxışında yazıçı-publisist, şair Sevil Gül Nur xanımı əslən Cəlilabaddan olan və respublika ədəbi mühitində öz parlaq imzası ilə tanınan elit-ziyalı xanım yazarlardan biri olaraq təqdim etdi. Sevil xanımın rəhbərliyi ilə ərsəyə gəlmiş "Zirvə" antalogiyasının hər cəhətdən mükəmməl və təqdirəlayiq bir əsər olduğunu vurğulayıb, bu antalogiyanın Cəlilabad ədəbi mühitində bir xanım yazarın rəhbərliyi ilə hazırlanıb işıq üzü görmüş ilk ədəbi məcmuə olaraq tarixə düşdüyünü bildirdi.
Bu gün Cəlilabad ədəbi mühitində 50-dən çox xanım nümayəndənin təsbit edildiyi, əslində isə folklor sahəsinə aid olan şifahi xalq ədəbiyyatını (bayatılar, laylalar, qoşmalar və s.) nəzərə aldıqda, təkcə Cəlilabad bölgəsi deyil, Odlar Yurdu Azərbaycanın bütün bölgələrində qədim zamanlardan etibarən xanım şairlərin mövcud olduğu və bunun Azərbaycan xanımlarının genindən gəldiyinə təkid edən yazıçı-publisist qələm əhli olan xanım yazarların təmənnasız və səmimi olaraq təqdimatını bir zərurət adlandırdı.
Öz çıxışının davamında antalogiya müəllifi və həmmüəlliflərini ürəkdən təbrik edən İ.İsmayılzadə Vətən və Dövlətçilik uğrunda canı və sağlamlığını qurban vermiş əziz şəhidlərimiz və qazilərimizlə bağlı yazılıb ərsəyə gəlmiş bu qəbil kitabların ilk növbədə əziz şəhidlərin ailə üzvləri və qəhrəman qazilər üçün bir növ məlhəm olduğunu, eyni halda onların fədakarlığının əbədiləşdirilməsinə xidmət göstərdiyini bildirdi.
İlqar İsmayılzadə çıxışının sonunda Cəlilabad ədəbi mühitinin dəyərli və ziyalı xanım nümayəndəsi Sevil Gül xanıma Ustad Niftalı Göyçəli tərəfindən göndərilmiş TYB-nin xüsusi ödülünü, milli kimlik və milli-mənəvi dəyərlərin təbliğində xidmətlərinə görə "Həməşəra" mətbu orqanı tərəfindən yenicə təsis edilmiş "Turan Ödülü"nü, həmçinin, bir neçə kitab hədiyyəsi təqdim etdi.
Bu tədbirdə yenicə nəşr edilmiş "Zirvə" antalogiyasından tədbir iştirakçılarına hədiyyə olundu.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatdı...
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)


