Sumqayıt Dövlət Dram Teatrı yeni mövsüm öncəsi Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Öz tamaşaçılarını daim sevindirən, onlara maraqlı və düşündürücü tamaşalar bəxş edən bir teatra malik olmaq böyük şəhərlər üçün bir qaydadır. Amma bu qayda əksərən pozulur, nə yaxşı ki Sumqayıt üçün belə deyil.

 

Sumqayıt Dövlət Dram Teatrı öz 58-ci teatr mövsümünə başlayır və başlanğıc öncəsi də kollektivin ümumi iclası keçirilib. Sumqayıtın ən böyük və ən elitar  mədəniyyət ocağı olan Səməd Vurğun adına Mədəniyyət Evini şəhər rəhbərliyi sayəsində öz evinə çevirən teatr elə buradaca sentyabrın 4-də keçirilən toplantıda ötən mövsümə yekun vurub, yeni mövsümdə qarşıda duran əsas vəzifələr, yaradıcılıq planları və həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

İclası giriş sözü ilə teatrın direktoru Samir Şəfiyev açıb. O, kollektiv üzvlərini yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edərək ötən mövsümün uğurlu və məhsuldar keçdiyini bildirib. Qeyd olunub ki, mövsüm ərzində tamaşa planı uğurla icra edilib, yeni səhnə əsərləri hazırlanaraq tamaşaçılara təqdim olunub.

Direktor yeni mövsümdə də repertuarın zənginləşdirilməsi, yüksək bədii keyfiyyətə malik tamaşaların hazırlanması, tamaşaçı auditoriyasının genişləndirilməsi və yeni yaradıcılıq layihələrinin həyata keçirilməsinin əsas prioritetlərdən olacağını vurğulayıb.

Daha sonra teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov çıxış edib. O, yeni mövsümdə yaradıcılıq prosesinin daha da təkmilləşdirilməsi, yeni səhnə axtarışlarının aparılması və yaradıcı heyətin potensialından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

Bildirilib ki, yeni mövsümdə klassik və müasir dramaturgiya nümunələrinin repertuara daxil edilməsi, müxtəlif janrlarda tamaşaların hazırlanması, xüsusilə gənclərin teatr sənətinə marağının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Toplantıda həmçinin teatrın müxtəlif mədəni layihələrdə iştirakının artırılması, digər yaradıcı qurumlarla əməkdaşlığın genişləndirilməsi və tamaşaçılarla əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

Sumqayıt Dövlət Dram Teatrı 58-ci mövsümdə də yeni səhnə əsərləri və yaradıcılıq layihələri ilə tamaşaçıların qarşısına çıxmağı, şəhərin mədəni həyatında fəal iştirakını davam etdirməyi qarşıya məqsəd qoyur.

Qeyd edək ki, Sumqayıt teatrı yeni mövsümü sentyabrın 25-də 17:00-da E.Sərxanoğlunun "Ölməz" tamaşası ilə açacaq.

Digər repertuar tamaşaları ilə isə sizi növbəti buraxılışlarımızda məlumatlandıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

 

(08.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.