Sumqayıt barədə yeni sənədli film

Sumqayıt şəhərində 2015–2026-cı illər ərzində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edən sənədli film hazırlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Film ötən dövr ərzində şəhərin sosial-iqtisadi, sənaye, infrastruktur və mədəni həyatında baş verən mühüm dəyişiklikləri əks etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sumqayıtda həyata keçirilən layihələr filmin əsas mövzusunu təşkil edir.

Sənədli filmdə şəhərin simasının yenilənməsi, yeni yolların, parkların, sosial və digər infrastruktur obyektlərinin yaradılması geniş şəkildə təqdim olunur. Eyni zamanda, sənaye potensialının gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində görülən işlərə də nəzər salınır.

Son 11 ildə Sumqayıtın müasir şəhərsalma prinsipləri əsasında keçdiyi inkişaf yolu filmdə faktlar və görüntülər əsasında nümayiş etdirilir. Şəhərin sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr xüsusi yer tutur.

Film Sumqayıtın dünəni ilə bu gününü müqayisə etməyə, şəhərin keçdiyi inkişaf yolunu daha aydın görməyə imkan yaradır. Sənədli filmdə görülən işlərin miqyası və Sumqayıtın gələcək inkişaf perspektivləri də öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.