S.Camıyev,
Coğrafiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Bu günlərdə “Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC-də “Ədəbiyyat və İncəsənət” portalının Oğuz təmsilçisi İmran Verdiyevin yeni “Oğuz oykonimləri” kitabı çapdan çıxmışdır.
Oykonimlər toponimlərin bir növüdür. Yunanca “oikos” (ev) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ərazilərdəki şəhər, qəsəbə, kənd və digər yaşayış yerlərinin adlarını bildirən sözlər, xüsusi isimlərdir. Oykonimlərin tarixi Azərbaycan xalqının və Azərbaycan dilinin tarixi deməkdir. Onlar xalqın keçdiyi yolu əks etdirən güzgü, baş verən hadisələrin isə səssiz şahididir. Öz adları ilə gələcək nəsillərin istinad yerləridir. Təsadüfi deyil ki, tədqiqatçılar oykonimləri “tarixin möhürləri”, “torpağın dili” adlandırırlar. Digər xüsusi adlardan fərqli olaraq, oykonimlər ictimai-siyasi və tarixi proseslərlə sıx bağlı olub, müəyyən tarixi şəraitdə formalaşan ictimai-linqvistik hadisə kimi səciyyələnir. Onlar şüurlu fəaliyyətin, siyasi, içtimai-iqtisadi münasibətlərin nəticəsi kimi yaranan içtimai məhsuldur.
Bir çox qədim yer adlarının unudulmaq təhlükəsi ilə üz-üzə qaldığı; yeni salınan yaşayış massivləri, dəyişdirilən inzibati bölgülərin bəzən qədim oykonimlərin sıradan çıxmasına səbəb olduğu bir vaxtda Əməkdar müəllim, filoloq-araşdırmaçı İ.Verdiyevin “Oğuz oykonimıləri” kitabı böyük əhəmiyyət daşıyır. “Oğuz oykonimləri” əsəri dövrün aktual məsələlərini özündə ehtiva edir. Çox dəyərli araşdırma və maraqlı kitabdır. Kitab təkcə bir bölgənin yer adlarının toplusu deyil, həm də həmin bölgənin dil, tarix və mədəniyyət qatlarını üzə çıxaran sanballı elmi-tədqiqat əsərlərindən biridir.
Filologiya elmləri doktoru, dosent, AYB-nin üzvü Gülxani Şükürovanın (Gülxani Pənahın) elmi redaktorluğu ilə nəşr olunan kitaba AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışırinov; Almaniyada (Berlində) Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, Almaniya JB-nin üzvü Nuridə Qədirova (Nuridə Atəşi); siyasi elmlər doktoru, professor Vaqif Abdullayev və coğrafiyaçı-kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Sahib Camıyev rəy vermişlər.
Kitabda Oğuz rayonunun oykonimləri elmi-ədəbi publisist baxışla araşdırılır, onların mənşəyi, tarixi kökləri və milli kimliyimizin formalaşmasında oynadığı rol təhlil edilir. Rayon oykonimlərinin ümumi dilçilik mənzərəsi təsvir edilir. Ayrı-ayrı oykonimlərin leksik-semantik mənaları, qrammatik xüsusiyyətləri və əvvəlki etimologiyalardan fərqlənən bəzi açılımları təqdim edilir. Yeri gəldikcə kəndlərin coğrafi mövqeyi, tarixi, sosial-iqtisadi və mədəni həyatı; onların adı ilə bağlı olan qədim türk tayfa, etnos, qəbilə, qol və əşirətlər barədə yığcam tarixi informasiyalar verilir.
Kitabda oykonimlərin etimoloji təhlili xüsusi diqqətə layiqdir. Müəllif hər bir yaşayış məntəqəsinin adını tarixi mənbələr, dialekt faktları və müqayisəli-tarixi dilçilik materialları əsasında araşdırır. Bu yanaşma oxucuya göstərir ki, hər bir adın arxasında konkret tarixi reallıq dayanır – tayfa adı, şəxs adı, təbii-coğrafi xüsusiyyət və ya sosial hadisə. Oykonimlər təkcə ad və ünvan deyil, həm də yaddaş, kimlik və tarix kitabıdır.
Onlar tarixçilərin, coğrafiyaçıların, dilçi və etnoqrafların əlində açar rolunu oynayır. Yazılı mənbələrin az olduğu dövrlərdə oykonimlər ən etibarlı mənbəyə çevrilir, kollektiv identiklik funksiyası daşıyır.
Əsərin dəyərli cəhətlərindən biri də odur ki, burada oykonimlər yalnız linqvistik baxımdan deyil, həm də etnoqrafik və tarixi kontekstdə şərh olunur. Müəllif Oğuz rayonunun formalaşma mərhələlərini, bölgənin etnik tərkibini və köç proseslərini oykonimlərin dili ilə oxumağa çalışır. Bu isə kitabı dar ixtisas çərçivəsindən çıxararaq daha geniş oxucu auditoriyası üçün maraqlı edir.
“Oğuz oykonimləri” əsəri eyni zamanda milli yaddaşın qorunmasına xidmət edən bir tədqiqatdır. Qloballaşma və urbanizasiya şəraitində bir çox qədim yer adlarının dəyişdirilməsi və ya unudulması təhlükəsi fonunda belə araşdırmalar xüsusi əhəmiyyət kəsb edir. Müəllif bu kitab vasitəsilə oxucunu doğma torpağın adlarına diqqətlə yanaşmağa, onların mənasını dərk etməyə və qorumağa çağırır.
Elmi dəqiqliklə ədəbi üslubun vəhdəti kitabın oxunaqlılığını artırır. Qeyd etdiyimiz kimi, kitab həm mütəxəssislər – dilçilər, tarixçilər, coğrafiyaşünaslar üçün qiymətli mənbədir, həm də doğma yurdunun tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün anlaşıqlı və maraqlıdır.
İ.Verdiyevin bu əsəri Azərbaycan toponimika elminə sanballı töhfə olmaqla yanaşı, Oğuz bölgəsinin tarixi-coğrafi mənzərəsini sistemli şəkildə təqdim edən ilk geniş tədqiqatlardan biri kimi dəyərləndirilə bilər. İnanırıq ki, “Oğuz oykonimləri” gələcək araşdırmalar üçün etibarlı mənbə olacaq, gənc tədqiqatçılar üçün istiqamətverici rol oynayacaq və Oğuz oykonimlərinin daşıdığı tarixi-mədəni yükün daha dərindən dərk edilməsinə xidmət edəcəkdir.
Bu kitab oxucuya bir daha xatırladır ki, hər bir yer adı tarixdir, hər bir oykonim yaddaşdır. O tarixi qorumaq gələcəyi möhkəmlətmək, o yaddaşı oxumaq isə özünü tanımaq deməkdir.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


