(Aydan Mənsimli: Cəlilabad ədəbi mühitinin ən balaca nümayəndəsi barədə qısa təqdimat)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Münbit və bərəkətli torpağı ilə yanaşı tarixi abidələr, şəhidlər, qazilər, mərd insanlar, ismətli xanımlar, pəhlivanlar və gözəlliklər diyarı olan doğma Cəlilabad rayonu həm də şair və yazarlarının sayına görə Odlar Yurdu Azərbaycanın "poeziya paytaxtı" və "ədəbiyyat mərkəzi" olaraq tanınmaqdadır. Bu gün artıq Cəlilabad rayonunda 200-ə yaxın şair, yazıçı, ədəbi təhlilçi və tənqidçinin mövcudluğu təsbit edilmişdir. Amma bununla bağlı maraqlı olan məqamlardan biri də budur ki, bu gün Cəlilabad ədəbi mühitində azyaşlı nümayəndələri də görmək mümkündür. Bununla bağlı şeir sahəsində həvəskarcasına addımlayan əzizlərimiz: Aydan, Zeynəb və Zəhra Mənsimli bacıları, həmçinin, Nərgiz Əlilini göstərmək olar.
Aparılan araşdırmalara əsasən, Aydan Mənsimli şairlər diyarı və Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın, eyni halda Cəlilabad ədəbi mühitinin ən balaca nümayəndəsidir. O, hal-hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin II sinif şagirdidir. 8 yaşlı Aydan və özündən yaşda böyük olan 12 yaşlı Zəhra və 14 yaşlı Zeynəb adlı bacıları da həvəskarcasına şeir yazırlar. Məlumat üçün qeyd etmək lazımdır ki, əzizimiz Aydan Mənsimli Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlının kiçik qızıdır.
Aydan Mənsimli yaşının az olmasına baxmayaraq həvəskarcasına şeir yazaraq öz səmimi, məsum və təmiz hislərini qələmə almağı bacarır. Onun son olaraq 15.04.2026 tarixində qələmə aldığı "Yağış" adlı şeiri də buna bir sübutdur:
Yağış, yağış ay yağış,
Gözləri nurlu yağış.
Sevir bil hamı səni,
Gətir bizə ruzini.
Səni hamı vedrəyə,
Doldurub səpir evə.
Sən bizim sevimlimiz,
Sən bizim hər şeyimiz.
Tanrı yaratdı səni,
Ruzi-bərəkət üçün.
Sən günəşlə olanda,
Açılır göy qurşağı...
Bu qısa təqdimatın sonunda əzizimiz Aydanı ürəkdən təbrik edir, ona uğurlu, xoşbəxt və məsud ömür arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(16.07.2026)


