”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İyulun 9-da Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzi və Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə tanınmışədəbiyyatşünas, yazıçı-publisist, tənqidçi və şair, Azərbaycan Yazışılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Milli Məclisin deputatı Səyyad Aran, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, gənclər, ədəbiyyat və mədəniyyət nümayəndələri, ağsaqqallar, şəhid ailələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, yazıçı-publisist İlqar Fəhmi yubilyarın zəngin həyat və yaradıcılıq yolundan, Azərbaycan ədəbi fikrinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib. Ardınca iştirakçılar Əsəd Cahangirin ömür və yaradıcılıq salnaməsini əks etdirən “Sözün Cahangiri” videoçarxını izləyiblər. Tədbir boyu yubilyarın sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, şeirləri qiraət olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Beyləqanın ölkəmizə görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimləri bəxş etdiyini, rayonda tanınmış söz adamlarının həyat və yaradıcılığına həsr olunan tədbirlərin mütəmadi keçirildiyini bildirib. O, əslən Beyləqandan olan görkəmli ədəbiyyatşünas Əsəd Cahangirin 60 illik yubileyinin qeyd olunmasını bu ənənənin davamı olduğunu bildirib.
Rayon rəhbəri yubilyarı təbrik edərək ona Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrə və 60 illik yubileyi münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyə təqdim edib.
Sonra Milli Məclisin deputatı, yazıçı-publisist Səyyad Aran, şair Sona Çərkəz, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Qaraçaylı, yazıçı-publisist Şəfəq Nasir, yazıçı-publisist Düzgün Atalı, araşdırmaçı-folklorist Hümbət Məmmədli, yazıçı-publisist Şamil Ənvəroğlu, şair Nicat Ərtürk, AYB Beyləqan Bölməsinin sədri Fazil Əsəd, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Yuxarı Aran kənd tam orta məktəbinin direktoru Sahilə Fərmanzadə, yazıçı-publisist İradə Aytel və digər çıxışçılar Əsəd Cahangirin çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən və gənc ədəbi nəslin formalaşmasına verdiyi töhfələrdən söz açaraq yubilyarı təbrik edib, ona yeni yaradıcılıq nailiyyətləri arzulayıblar.
Musiqili-bədii proqramla müşayiət olunan tədbirin sonunda Əsəd Cahangir çıxış edərək yubileyinin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, göstərilən diqqət və ehtiramı yaradıcılığına verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirərək, bu doğma münasibətin onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)


