Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən gün Füzuli rayonunda - M.M.Xəzani adına Musiqi Gimnaziyasında Sənani Quliyevin “Mənim uğur hekayətim” adlı kitabının təqdimat mərasimi keçirilib. Gimnaziyanın müəllim və şagird heyətinin, ziyalıların, qonaqların və kitabsevərlərin iştirak etdiyi tədbir maraqlı və yaddaqalan anlarla yadda qalıb.
Çadır şəhərciyində böyüyən,vaxtı ilə bu məktəbdə təhsil alan Sənani Quliyev indi üçüncü ali təhsilini alan, iş həyatında ardıcıl uğurlar sıralayan, eləcə də əl-əl gəzən bir motivasiya kitabının müəllifi olan bir gənc qismində füzulilərin görüşünə gəlmişdi.
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi açılış mərasimindən sonra müəllifin həyat və fəaliyyət yolunu, eləcə də “Mənim uğur hekayətim” kitabının əsas ideya və məzmununu əks etdirən qısa videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb və kitab haqqında ilkin təsəvvür formalaşdırıb.
Daha sonra M.M.Xəzani adına Musiqi Gimnaziyasının direktoru Ruhəngiz Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları gimnaziyada görməkdən məmnunluğunu ifadə edib və belə görüşlərin gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Direktor müəllifə gələcək fəaliyyətində uğurlar arzulayaraq tədbiri açıq elan edib.
Ardınca söz kitabın müəllifi Sənani Quliyevə verilib. Müəllif çıxışında kitabın ərsəyə gəlmə prosesi, yazılma məqsədi və oxuculara çatdırmaq istədiyi əsas mesajlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, “Mənim uğur hekayətim” yalnız şəxsi həyat təcrübələrinin toplusu deyil, eyni zamanda gənclərə motivasiya vermək, onları öz məqsədlərinə doğru inamla addımlamağa təşviq etmək məqsədi daşıyır.
Təqdimatın ən maraqlı hissələrindən biri müəllifin müəllimlərinin çıxışları olub. Tribunaya dəvət olunan müəllimlər Sənani Quliyevin məktəb illərindəki fəallığı, çalışqanlığı, əldə etdiyi nailiyyətlər və xarakter xüsusiyyətləri haqqında xatirələrini bölüşüblər. Onlar müəllifin hələ məktəb illərindən qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün böyük əzmlə çalışdığını qeyd ediblər.
Sənani Quliyev də öz növbəsində doğma məktəbi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, müəllimlərinin onun həyatında və formalaşmasında xüsusi rol oynadığını vurğulayaraq, qazandığı uğurlarda onların əməyi və dəstəyinin böyük paya malik olduğunu bildirib. Müəllif məktəb illərində yaşadığı maraqlı hadisələrdən, qazandığı təcrübələrdən və unudulmaz xatirələrdən danışaraq iştirakçılarla səmimi söhbət aparıb.
Çıxışların ardından tədbir interaktiv müzakirə formatında davam edib. İştirakçılar müəllifə kitabın yazılması, gələcək yaradıcılıq planları, şəxsi inkişaf və uğura gedən yol ilə bağlı müxtəlif suallar ünvanlayıblar. Sənani Quliyev bütün sualları ətraflı cavablandıraraq gənclərlə öz təcrübələrini bölüşüb və onların maraq doğuran mövzulara dair fikirlərini dinləyib.
Tədbirin sonunda müəllif kitablarını imzalayıb və oxuculara hədiyyə edib.
Səmimi, maarifləndirici və motivasiyaedici atmosferdə keçən təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir xatirə şəkillərinin çəkilməsi və müəllifə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulanması ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin “Yazıçı” nəşriyyatında “Motivasiya ədəbiyyatı kitabxanası” seriyasından işıq üzü görən kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


