”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektoru və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev parkında təşkil olunan tədbirdə məktəblilər, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib, gənc idmançılar və şahmatçılar öz bacarıqlarını təqdim ediblər. Uşaqlar üçün müxtəlif əyləncəli proqramlar, musiqili nömrələr və maraqlı təqdimatlar təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektorunun müdiri Elvin Abbasov çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsili və rifahının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində uşaqların təhsili, istedadlarının üzə çıxarılması və sağlam mühitdə böyümələri üçün geniş imkanlar yaradılıb.
Bayram proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin fidanları və məktəblilər rəngarəng rəqs nömrələri ilə çıxış edib, Uşaq Musiqi Məktəbinin və ümumtəhsil müəsisələrinin şagirdləri tərəfindən şən musiqilər və xor kompozisiyaları təqdim olunub. Uşaqların hazırladıqları səhnəciklər, mahnılar və yaradıcı çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Uşaqlara unudulmaz anlar yaşadan bayram tədbiri yüksək əhval-ruhiyyə ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(01.06.2026)


