İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Mərkəzi Kitabxanasında oğuzlu şairə, üç kitab müəllifi Zərniyar Tovuzlunun yeni çapdan çıxmış “Qarabağlı Azərbaycan” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Oğuz rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tədqiqatçı Yusif Rza, “Qəbələnin səsi” ədəbi yazarlar birliyinin müavini Mirhəsən Ağayev, birliyin üzvü Cəlil Xeyirbəy, rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak ediblər.
Əvvəlcə vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin, eləcə də dünyasını dəyişmiş şair və yazıçılarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Oğuz rayon MKS-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nəzakət Qasımova açaraq iştirakçıları salamlayıb və tədbirin məqsədi barədə məlumat verib. Daha sonra çıxış edənlər Zərniyar Tovuzlunun yaradıcılığından bəhs edərək onun poeziyasında vətən sevgisinin, milli-mənəvi dəyərlərin və Qarabağ mövzusunun xüsusi yer tutduğunu vurğulayıblar. Bildirilib ki, müəllifin yeni kitabı oxucularda vətənpərvərlik ruhunun gücləndirilməsi və gənc nəslin milli dəyərlər əsasında formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Sonra kitabdakı şeirlərdən bir neçəsi poeziyasevərlər tərəfindən səsləndirilib.
Sonda müəllif Zərniyar Tovuzlu çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitabın ərsəyə gəlmə prosesi haqqında qısa məlumat verib. Daha sonra oxucuların müəllifə ünvanladıqları suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb və görüş maraqlı müzakirələrlə yekunlaşıb.
Tədbirin sonunda müəllif yeni kitabını iştirakçılara hədiyyə edib.
Belə tədbirlərin keçirilməsi bölgələrdə ədəbi mühitin inkişafına, mütaliə mədəniyyətinin təbliğinə, həmçinin yerli yazarların yaradıcılığının oxuculara daha yaxından tanıdılmasına mühüm töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


