Şəkidə “Bahar festivalı” adlı sərgi yerliləri və turistləri bir araya gətirdi Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki Regional Turizm İdarəsinin dəstəyi, Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” Folklor evinin, “Şəkifest” komandasının təşkilatçılığı ilə “Bahar festivalı” adlı sərgi keçirilib.

 

“Narınqala” Folklor evində təşkil olunan sərgidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Şəki Regional Turizm İdarəsinin və KOB-un rəhbərliyi, mədəniyyət işçiləri, şəhər ictimaiyyəti və şəhərə təşrif buyurmuş turistlər iştirak edib.

Sərgidə toxuma, tikmə, rəsm, bəzək əşyaları və müxtəlif milli suvenirlər nümayiş etdirilib. Qonaqlar hər bir əl işinin yaranma tarixi və hazırlanma texnikası ilə maraqlanıb, sənətkar xanımlarla həmsöhbət olublar.

Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki Regional Turizm İdarəsinin rəhbərləri bu cür festivalların bölgənin turizm cəlbediciliyinin artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Bildirilib ki, xanımların əl işləri yerli və xarici turistlər üçün böyük maraq doğurur və bu kimi təşəbbüslər dövlət tərəfindən daim yüksək qiymətləndirilir və dəstəklənir.

Sərginin təşkilində əsas məqsəd evdar və yaradıcı xanımların əl işlərini nümayiş etdirərək onlara iqtisadi və mənəvi dəstək olmaq, unudulmaqda olan sənətkarlıq növlərini gənc nəslə tanıtmaq, eləcə də Şəki və ətraf bölgələrin zəngin sənətkarlıq ənənələrini turistik dəyər kimi ön plana çıxarmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.