”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində 15 May – Beynəlxalq Ailə Günü münasibəti ilə tədbir keçirilib.
Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova ailənin cəmiyyətin mənəvi dayağı, milli-mənəvi dəyərlərimizin qoruyucusu olduğunu vurğulayaraq bildirib ki, sağlam təməl üzərində qurulan ailə həm güclü dövlətin, həm də sağlam gələcəyin əsasını təşkil edir. O, Azərbaycan ailə modelinin əsrlər boyu milli dəyərlər, qarşılıqlı hörmət, sevgi və mənəvi bağlılıq üzərində formalaşdığını qeyd edib, dövlətimiz tərəfindən ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edib.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov, şəhid ailəsi nümayəndələrindən Teyyub və Zeynəb Əsədova cütlüyü, ziyalı ailələrindən Əlixan və Xalisə Məmmədəliyev cütlüyü, Qaryağdı və Xatirə Təhməzova cütlüyü, Zaur Qədirov və Gülnarə Məmmədova cütlüyü, həmçinin “Uşaq Səfirlər Məclisi”nin Beyləqan rayon nümayəndələri çıxış edərək Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərimizin yaşadılmasındakı mühüm rolundan, ailədə böyüyə hörmət, kiçiyə qayğı, qarşılıqlı etimad və düzgün tərbiyənin cəmiyyətin inkişafına birbaşa təsirindən, uzun illərə söykənən ailə təcrübələrindən, ailədə qarşılıqlı anlayışın, sədaqətin və mənəvi bağlılığın vacibliyindən, uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasında ailənin rolundan, övlad tərbiyəsi və sağlam ailə mühitinin əhəmiyyətindən geniş bəhs ediblər. Bildirilib ki, cəmiyyətin mənəvi inkişafında ailə institutunun rolu əvəzsizdir və milli ailə dəyərlərinin qorunması hər bir vətəndaşın mənəvi borcududur.
Sonda Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” xor kollektivi tərəfindən “Biz mehriban ailəyik” mahnısı, məktəbin müəllim və şagirdləri tərəfindən bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.
Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbirdə müxtəlif nəsilləri təmsil edən ailələrin iştirakı, onların səsləndirdikləri fikirlər, həyat təcrübələri və dəyərli tövsiyələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir bir daha göstərib ki, sağlam ailə milli-mənəvi dəyərlərimizin yaşadılması və güclü cəmiyyətin formalaşması üçün ən mühüm amillərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2026)


