Beyləqanda 18 Aprel–Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Beyləqan rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə Mədəniyyət müəssisələrinin birgə təşəbbüsü  ilə 18 Aprel–Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.

 

Rayonun Aşağı Çəmənli kəndinin inzibati ərazisində yerləşən qədim l-IV Çardaxlı yaşayış yerinə səfər etməklə qeyd olunan tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar şurasının üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində ilk öncə abidə ərazisində rayonun iqlim şəraitinə uyğun həmişəyaşıl ağacları əkilib və əkilən ağaclara aqrotexniki qulluü göstərilib.

Tədbirdə Tarix Diyarşünaslıq Muzeyinin rəhbərliyi tərəfindən iştirakçılara, abidənin “Yeddi təpədən ibarət”, ilk Tunc dövrünə aid edilən qədim yaşayış yeri olması, bu təpələrdə aparılan arxeoloji qazıntılar zamanı küp qəbirlər, saxsı çıraqlar və şirli saxsı qablar aşkar edilməsi, tapıntıların  ərazinin qədim tarixi və burada yaşamış insanların məişəti haqqında məlumat verməsi barədə ətraflı məlumat verilib, sərgidə nümayiş olunan bir çox əşyaların abidə ərazisindən, eyni zamanda da rayonun digər qədim yaşayış yerlərindən arxeloyi qazıntılar zamanı aşkar olunmuş məmulatlardan və qədim məişət nümunələrindən təşkil olunduğu bildirilib.

Tədbirin sonunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tariximizin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır.

İştirakçılar tərəfindən olduqca maraqla qarşılanan tədbirin yekununda xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.