Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Sabirabad Rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ölkə miqyasında davam edən silsilə layihələrin tərkib hissəsi kimi reallaşdırılıb.
20 fevral 2026-cı il tarixində təşkil olunan tədbirin əsas hissəsində şairin “Özümüzü kəsən qılınc” əsəri səhnələşdirilərək tamaşaçılara təqdim edilib. Beynəlxalq Ana Dili Günü ərəfəsində nümayiş olunan tamaşa ana dilinə, milli kimliyə və tarixi yaddaşa ehtiramın bədii ifadəsi kimi maraqla qarşılanıb.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də rayonun idarə və təşkilat rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səhnə əsəri Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX–XI sinif şagirdlərinin ifasında nümayiş olunub. Tamaşanın
bədii rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Ağalıyeva,quruluş və səhnə həlli Beyləqan Rayon Mədəniyyət Mərkəzinin “Gənclik” Xalq Teatrının əməkdaşlarına məxsusdur.
Şagirdlərin məsuliyyət və həvəslə çıxışı tamaşaya xüsusi canlılıq qatıb. Onların obrazları dərindən duyaraq təqdim etməsi əsərin ideya yükünü daha aydın şəkildə tamaşaçıya çatdırıb. “Özümüzü kəsən qılınc” səhnədə yalnız ədəbi-bədii nümunə kimi deyil, həm də tarixdən gələn bir dərs və bu günə ünvanlanan mənəvi çağırış kimi səslənib.
Səhnə həllində ana dili milli kimliyin və mənəvi bütövlüyün əsas dayağı kimi təqdim olunub. Dilin sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda tarixi yaddaşın və milli şüurun daşıyıcısı olması ideyası tamaşanın əsas xəttini təşkil edib. Rejissor işi, səhnə tərtibatı, musiqi müşayiəti və kostyum seçimi əsərin məzmununu tamamlayaraq bütöv və təsirli bədii kompozisiya yaradıb.
Tamaşadan sonra çıxış edən qonaqlar əsərin yüksək səviyyədə səhnələşdirildiyini vurğulayaraq gənc ifaçıları təbrik ediblər. Qeyd olunub ki, bu cür ədəbi-bədii tədbirlər ana dilinin qorunması və təbliği, milli-mənəvi dəyərlərin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, tədbirin təşkilinə və yaradılan şəraitə görə Sabirabad Rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür ifadə olunub.
Sonda şagirdlər regional təhsil idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif ediliblər.
Beləliklə, “Özümüzü kəsən qılınc” tamaşası bir daha nümayiş etdirdi ki, ana dilinə ehtiram milli yaddaşa və mənəvi dəyərlərə ehtiram deməkdir. Yubiley tədbirləri çərçivəsində təqdim olunan bu səhnə işi böyük şairin ideyalarının yeni nəslin düşüncəsində yaşamasına və cəmiyyətə sənət vasitəsilə çatdırılmasına xidmət edən əlamətdar mədəniyyət hadisəsi kimi yadda qaldı.
“Ədəbiyyat və incəsənət”
(21.02.2026)


