İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Mən Məsim Kərimi (Kərimov Məsim Abdulkərim oğlunu) yaxşı tanıyırdım. Bir müddət təhsil sahəsində və icra (sovet) orqanlarında onunla birlikdə işləmişdik.
O, 1937-ci ildə Oğuzun qədim kəndlərindən olan Padar kəndində ruhani ailəsində anadan olmuşdu. İndiki BDU-nun mexanika-riyaziyyat fakültəsinin məzunu idi. Qabaqcıl riyaziyyat müəllimi, gözəl təşkilatçı, məsuliyyətli rəhbər, sözü ilə əməli bir olan qayğıkeş insan idi. Onun kamil riyaziyyatçı kimi yetişməsində qəlbən şair ruhlu olması böyük rol oynayıb. Alman riyaziyyatçısı Karl Beyerştrassın dediyi kimi, “Qəlbən şair olmadan riyaziyyatçı olmaq mümkün deyil”. “O da əsil riyaziyyatçı idı, ona görə ki, əsil şair idi”. (S.Oğuz)
M.Kərim Oğuzda sayılıb-seçilən şəxslərdən olub. Övladı Rəhman Məsim oğlu yazırdı ki, “O, ömrü boyu oxuyar, öyrənməyə çalışardı. Xalqı maarifləndirmək ən böyük amalı idi. O, sənətini sevən, ona qəlbən bağlı olan, bunu böyük fəxarət sayan gözəl müəllim, kamil ixtisas sahibi idi. Kəndimizdə, rayonumuzda hamı onu gözəl bir müəllim, qabil bir şair kimi tanıyır, sevir və hörmət edirdi. Ona hamının ehtiramı vardı. Yetirmələri də onu çox istəyirdilər, onun vüqarı, ad-sanıydı onlar”.
M.Kərim həm də Oğuzun seçilən qələm sahiblərindən olub. XIX əsrdə yaşayıb-yaratmış şair Şeyx Abdulla Padarlının nəslindən idi və öz əsl-nəcabəti ilə fəxr edərdi. Şeirlərinin birində deyirdi ki,
Haqq ədalət səsiyəm,
Xalqımın nəfəsiyəm.
Abdulla Padarlının
Mən şair nəvəsiyəm.
Tələbəlik illərindən ədəbi fəaliyyətə başlayan M.Kərimin ən yaxın sirdaşı qələmi idi. “Qələmim” adlı şeirində özü də etiraf edərək yazırdı ki,
Sən Məsimin ruhu, canı, cananı,
Şərəfisən, şöhrətisən, həm kamı.
Mən səndən almışam eşqi, ilhamı,
Sən sirlisən, sehirlisən, qələmim.
Məsim Kərim, demək olar ki, şeirin bütün vəznlərində və janrlarında yazıb-yaratmışdır. Minlərlə şeirin müəllifidir. “Vardır deməyə” şeirində də yazır ki, “Şeirimin sayı çatıb üç minə, Vardır hələ sözüm, vardır deməyə”.
SSRİ Yazıçılar və Rəssamlar İttifaqlarının, AYB-nin üzvü, Əməkdar incəsənət xadimi, yazıçı Sara Oğuz M.Kərim haqqında yazırdı: “M.Kərim təbii şairdir. Xalqın dilindən, həyatdan götürdükləri onun şeirlərinin mayasıdır. O, dərin ədəbi-bədii təxəyyülə malik, canlı xalq dilində yazıb-yaradan, hər bir kəlamını, sözünü eldən, həyatdan alan lirik şairdir. Onun şeirləri həyatın inikasıdır. O, şeirlərində atalar sözlərindən, zərb-məsəllərdən, təşbeh və bənzətmələrdən, bayatı və xalq deyimlərindən bacarıqla istifadə edən, bütün varlığı ilə tanrısına bağlı, məhəbbət şairi, sevgi şairidir. Məsim Kərim poeziyası həyatın özü, sözü, sədasıdır, - desək daha doğru olar”.
Yunan filosoflarına görə, təxəyyül şeirin mahiyyətinə daxildir, ərəb və fars şairləri isə onu şeirin yaranmasının vasitələrindən sayırlar. M.Kərim də belə dərin ədəbi-bədii təxəyyülə malik idi. Özü də “Seçilmiş şeirlər” kitabında yazır ki, təxəyyül şairin qanadıdır, onu söz dünyasına qovuşdurur. Əsərlərində toxunduğu hər hansı həyat hadisəsi onun yaradıcı təxəyyülündən, təcrübəsindən və dövrün idoloji təsirindən keçərək məzmun kəsb edir.
Şairin əsərlərində həssas oxucuları düşündürəcək mötivlər çoxdur. O, hər şeydən əvvəl öz xalqının, Vətəninin, elinin-obasının vurğunu idi. Şeirlərində Vətənin tərənnümü, xalqa bağlılıq ülvi bir məhəbbətlə təsvir olunur. Vətən istəyi şairin yaradıcılığının ana xəttini təşkil edir. Bu duyğuları onun “Vətənsiz bircə gün yaşaya bilməm”, “Azərbaycanım”, “Balalarım, olmayaq biz Vətənsiz”, “Ana Vətənimdir mənim bu Oğuz”, “Padarın”, “Olmaz Şəkidən doyan”, “Vətən eşqi ilə yaşayıram mən” və digər şeirlərində aydın duymaq mümkündür. Şair şeirlərinin birində deyir:
Şairəm, şeirəm, qəlb sirdaşıyam,
Doğma Vətənimin vətəndaşıyam.
Mən Vətən oğluyam, bağlıyam elə,
Bu adı vüqarla gərək daşıyam.
“Vurğunam mən Oğuza” və “Ay gözəl Oğuz” adlı şeirlərdə isə şairin anadan olduğu, böyüyüb boya-başa çatdığı doğma elinə, obasına sonsuz məhəbbəti öz əksini tapıb:
Gül qoxuyur nəfəsi,
Tutub aləmi səsi.
Heyran edir hər kəsi,
Bənzəyir gözəl qıza,
Vurğunam mən Oğuza...
Uludur torpağın, uludur daşın,
Dilərəm bəlalar görməsin başın.
Olmuş Qorqud Dədə sənin sirdaşın,
Bir zaman sinəndə çalmışdır qopuz,
Mənim qeyrətimsən, ay gözəl Oğuz...
M.Kərimin şeirlərində xalq yolunda fədakarlıq göstərmiş, qeyrətli və qürurlu vətən övladlarının, o cümlədən oğuzluların obrazları ön plandadır. Şairin xalqın keşiyində duran, onu qoruyan fədakar insanları təsvir edən belə şeirləri də çoxdur. “Heydərsiz bircə gün biz yaşamayaq”, “Şair Məmməd Araza”, “Xalidə, ay Xalidə”, “Ziya Bünyadovun əziz xatirəsinə”, ”Xalqına güvənən...” (F.Şuşinskiyə), “Bu Oğuz elinə sən bir fərəhsən” (Ə.Seyidova), “Hədiyyə, ay Hədiyyə”, “İgid polisim mənim” (V.Əhmədova), “M.Müşviqin 90 illiyinə”, “Ayağım altında bu torpaq durur”, “A Zabit”, “Kamandar, ay Kamandar” (Aşıq Kamandara), “Ay bizim Carı dayı”, “Yetər xala” və s. şeirləri bunlara nümunə göstərmək olar. O, belə əsərlərinin oxunaqlı olması üçün təsvir etdiyi dövrü, şəxsiyyətləri tarixi baxımından düzgün təsvir etməklə yanaşı, fərdi yaradıcılıq təxəyyülünə də geniş meydan verir.
Şair Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, "Sağlamlıq" verilişinin aparıcısı, 91-lərdən biri olmuş, böyük el hörməti qazanmış Ə.Abdullayevə həsr etdiyi “Xalqın tarixində yaşasın adın” adlı şeirində yazır:
Xeyir mələyisən insan donunda,
Qoymadın kimsəni əli qoynunda.
Yanar çıraq oldun xalqın yolunda,
Xalqın sənə, sən xalqına arxasan,
Görüm səni min illər yaşayasan.
Və yaxud Xalq şairi M.Araza həsr olunmuş şeirdə oxuyuruq:
Yoxdur bir kimsədən, yoxdur minnətin,
Düşübdür dillərə şanın, şöhrətin.
Sən şair oğlusan bizim millətin,
Yazginən bəşərin himnini sən yaz!
Şairlərin atası, a Məmməd Araz!
M.Kərimin şeirlərinin böyük bir qismi də Qarabağ məsələlərinə həsr olunmuşdur. Bu əsərlərdə müharibənin doğurduğu faciələr, itirilmiş torpaqların ağrısı, şəhidlərin xatirəsi, milli kimlik və azərbaycanlıların Vətənə olan sevgisi müxtəlif aspektlərdə özünü göstərir. O, cəsarətlə başımıza gətirilən müsibətlərə qarşı çıxır, xalqı ayıq-sayıq olmağa çağırır, Azərbaycanın comərd kişilərini haraylayır, gəncləri babalarına layiq olmağa şağırır. “Ağlar qalıbdı”, “Dığalara qalıbdı”, “Gəl tüpürək erməninin üzünə”, “Ruhu ağlayar”, “Erməni dığası, yağı balası”, “Alaq gavurlardan biz Qarabağı”, “Ay oğul, olginən milli qəhrəman” və digər şeirlərdə Qarabağ probleminin yaranmasının səbəbləri obyektivcəsinə açılır. Bu şeirlərlə M.Kərim sanki bir məhkəmə qurur və düşmənə ağır cəza hökmü kəsir. Vətən övladlarını bu hökmü icra etməyə, “ululardan qeyrət alıb Vətən keşiyində hünərvər olmağa, ermənini bəndə-kəməndə salmağa”, onlara öz yerini göstərməyə çağırır.
Çəkin nərə, haray salın ellərə,
Zəfər marşı yenə qosun dillərə.
Necə deyək bizim böyük Üzeyirə
Sənin Şuşan dığalara qalıbdı,
Vətən oğlu, bu ad bizə ayıbdı.
Məsim Kərimin “Komandir oğlum” adlı yeganə poeması da Qarabağ mövzusuna həsr olunmuşdur. Bu poema şairin öz oğlu, Qarabağ əlili və veteranı Qılman Kərimə həsr olunmuşdur. Poemada qəhrəmanın anadan olması, uşaqlıq, tələbəlik və hərbi xidmət illəri, toyu, Qarabağ döyüşlərindəki qəhrəmanlıqları, hərbi qospitaldakı hadisələr elə real və canlı təsvir olunur ki, oxucu özünü hadisələrin şahidi və iştirakçısı kimi hiss edir. Şair Qılmanın simasında Qarabağın azad edilməsi uğrunda qazi və şəhid olmuş cəngavər ruhlu oğullarımızın qəhrəmanlıqlarını təsvir etmiş, onların xatirəsini əbədiləşdirmişdir.
Şairin yaradıcılığında məhəbbət mövzusu xüsusi yerə malikdir. Müəllim, uzun illər Padar məktəbinin direktoru işləmiş Əntiqə Tahirli onun 2005-ci ildə Bakıda “Müəllim” nəşriyyatında çap olunmuş “Seçilmiş şeirlər” kitabına yazdığı “Cavan ruhlu şair” adlı ön sözdə qeyd edir ki, “Bəşəri poeziyanın əbədi və əzəli mövzusu olan məhəbbətin tərənnümü Məsim Kərimin poeziyasının əsas məğzini, qayəsini təşkil edir”.
Şairin məhəbbət mövzusunda olan əsərlərini şərti olaraq iki qismə bölmək olar: gözəllərin təsviri və saf məhəbbətin tərənnümü.
Birinci qismə aid olan şeirlərdə təqdim olunan gözəllər onun şəxsən gördüyü və tanıdığı insanlardır; bu şeirlərdə gözəlin aydın və konkret təsviri ilə bərabər, müəllifin özünün ona olan münasibəti də ifadə olunur. Şair B.Vətənoğlu demişkən, “Gözəl ürək ilham alır gözəldən”. Şairin “Ləzgi qızının”, “A qaçqın qızı”, “Əzəl gündən vurğunuyam gözəlin”, “A Gəncə gözəli, Gəncə gözəli”, “A dağların gözəli“, “Bizim bu gözəllərin”, “Gözəlin vəsfinə söz tapanmıram”, “Bəlkə, axtarmağa gedəm göylərə” və digər əsərlərində gözəllər o qədər canlı və füsünkar şəkildə təsvir olunurlar ki, həmin lirik qəhrəmanlar sanki oxucu ilə təmasdadır və onun gözü önündə canlanırlar. “Ləzgi qızının” şeirində bunu aydın görmək mümkündür:
Ucadır qaməti, incədir beli,
Sözləri şəkərdir, şirindir dili.
Bənzəməz onlara nülufər gülü,
Tapılmaz tayı ləzgi qızının.
Və yaxud “A dağların gözəli” şeirində oxuyuruq:
Qaşın ayın haləsi,
Yanağın dağ laləsi.
Öldürür görən kəsi,
A dağların laləsi.
Şairin məhəbbətin tərənnümünə həsr olunmuş əsərlərinin irik qəhrəmanları aşiq və məşuq; əsas mövzusu - problematikası isə aşiq-məşuq münasibətləridir. Hicran dərdi, vüsal həsrəti, ümid və kədər, nalə və əfqan, kəskin daxili təlatümlər, həyəcan və iztirablar bu əsərlərin ana xəttini, əsas leytmotivini təşkil edir. Şair məhəbbət mövzusunda olan şeirlərini müəyyən bir hadisə ilə əlaqələndirir ki, bu da emosionallığı xeyli gücləndirir. M.Kərimin belə şeirlərinə “Sən məni əlacsız dərdə salmısan”, “Qədəminə qurban olum a dilbər”, “Əzəl gündən vurğunuyam gözəlin”, “Niyə məndən gileylisən” və başqa əsərlərini misal gətirə bilərik. Şairin “Dayana bimərəm sənsiz, sevgilim” şerində bu hissləri daha aydın görürük:
Qəlbimdə istəyin mahnı olubdur,
Canımı üzübdür, tamam yorubdur.
Məni çox əlacsız dərdə qoyubdur,
Dayana bilmirəm sənsiz, sevgilim.
Bu dünya gözümə görünür duman,
Qalmayıb vüsala nə ümid, güman.
Keçir hər günüm belə nagüman,
Dayana bilmirəm sənsiz, sevgilim.
M.Kərimin şeirlərinin bir qismi də Azərbaycanın, onun dilbər guşələrindən olan Oğuzun təbiətinin təsvirinə həsr olunmuşdur. Şair əsərlərində təbiət təsvirlərinə yer verməklə gözəl poeziya nümunələri hasilə gətirir. Təbiətə qayğıkeş münasibət tərbiyə edən belə şeirlər, həm də oxucuların estetik zövqünü oxşayır və formalaşdırır. Bu şeirlərdəki Vətən təbiətinə olan sevgi və qayğıkeş münasibət şairin vətənpərvərliyini bir daha qabarıq şəkildə üzə çıxarır. Onun “Lalələr”, “Baharda dünyanın xoş olur halı”, “Əzəldən vurğunam gözəlliklərə”, “A qartal”, “Cır-cır bulaq”, “Ay bizim dağlar” şeirlərində vətən təbiətinin gözəllikləri böyük sevgi və şövqlə təsvir olunur. Təbii obyektlər poetik obrazlara çevrilir. Beləliklə də, bizim gözümüzdə o, tamamilə yeni bir lövhənin canlanmasına, yeni duyğuların yaranmasına səbəb olur. “Cır-cır bulaq” və ya “Lalələr” şeirlərində olduğu kimi:
Cır-cır bulaq, cır-cır bulaq,
Qoy suyundan içək doyaq.
Suyun olsun bizə məlhəm,
Deyək sənə abi zəm-zəm…
Tarlanı, çəməni, çölü, düzəni,
Baharda boy verib bəzər lalələr.
Tapanmaz özünə könül həmdəmi,
Axtarıb hər yanı gəzər lalələr.
Libası qırmızı, bağrı qapqara,
Daim həsrətlidir bir gözəl yara,
Tapanmaz dərdinə tapanmaz çara,
İntizar içində üzər lalələr…
Məsim müəllimin şeirlərinin xeyli qismi də uşaqlara həsr olunmuşdur. Bu şeirlərin əsas məziyyəti ailəyə və uşaqlara olan segvi və məhəbbətdir. Bu şeirlərdə səmimilik, ürəyəyatımlı bir yumor vardır. Bunu şairin uşaqlara həsr etdiyi“Bu gözəl bala”, “Şaxta nənənin mahnısı”, “Bağçamız”, “Bizim pişik”, “Balaca Türkan”, “Yat, balam” və digər şeirlərində aydın duymaq mümkündür. Burada uşaqların dünyasına uyğun obrazlar, sadə dil və müasir mövzular ön plandadır. Bu əsərlərdə xeyirə, gözəlliyə, qəhrəmanlığa, vətənpərvərliyə, əməyə, halallığa, dostluğa sevgi və məhəbbət duyğuları əxz edilir. Bu da azyaşlıların dünyagörüşlərinin formalaşmasında, onların sosiallaşmasında əhəmiyyətli rola malikdir.
M.Kərim həm də mahnı sözlərinin (“Göy-gölüm”, “Laləyəm”, “Pəri-pəri, Simuzər”, “Şəlalə” və s.), bayatıların və bir neçə qəzəlin müəllifidir. Bayatı janrına xüsusi münasibəti olan şair yazır ki,
Bayatı elimin təmiz nəfəsi,
Bayatı dilimin həzin nəğməsi.
Bayatı canımın eşqi, həvəsi,
Dolaşar dillərdə, gəzər ellərdə.
Onun bayatı və mahnı mətnlərinin dili çox sadə və anlaşıqlıdır Xalqın dilindən, həyatdan götürdükləri bu şeirlərinin mayasıdır.
Şairin qəzəllərində (“Rəbbəna”, “Aşüftəyəm bir gözəlin gül rüxuna”, “Qəmzə satar” və s.) isə ənənəvi açiq-məşuq münasibətləri, aşiqin sevgilisindən gördüyü etinasızlıq, biganəlik və bu səbəbdən də onun şikayətləri əsas yer tutur. Amma onun sevdiyi gözəl öz hüsnü ilə bu sevgi iztirablarına layiqdir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


