Sumqayıtda “Aldanmış ər” tamaşasının premyerası olub

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gənclər şəhərinin öz teatrı var və onun qapıları həmişə açıqdır, teatr qonaqlı-qaralıdır. Buradakı hər premyera isə əsl toy-bayram xarakteri daşıyır.

 

Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının klassiki, fransız Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” əsəri əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası baş tutdu.

Tamaşanın quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı, mərhum Elçin tərəfindən tərcümə olunub.

Dövlət sifarişi ilə ərsəyə gətirilən səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadədir.

Səhnə əsərində rolları Əməkdar artist Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Məryəm Hüseynli, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa edirdilər.

Premyera nümayişində Milli Məclisin deputatları, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, Sumqayıt ictimaiyyəti, teatr xadimləri və sənətsevərlər iştirak edirdilər.

Yeni səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilirdi. Tamaşada kəndli təbəqəsindən olan, lakin var-dövləti hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik həyat hekayəsi canlandırılır. Əsərdə sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu fəsadlar, ailə və cəmiyyət münasibətləri incə satirik üslubda tənqid olunur.

Əlbət ki, günümüzdə bu mövzu hələ də aktualdır. Odur ki, yüz illər öncə fransız dramaturqun yazdıqları hələ də tərbiyələndirir, ibrət dərsi verir.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.