Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Beyləqanda təntənəli tədbir keçirilib Featured

Rəqsanə Babayeva, Beyləqan, “Ədəbiyyat və incəsənət” üçün

 

Beyləqan rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təntənəli tədbir təşkil olunub. Dekabrın 26-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” Şadlıq Sarayında keçirilən tədbirdə rayon ictimaiyyətinin geniş təbəqələri iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, ziyalılar, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 500 nəfər qonaq iştirak edib.

Giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edərək tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib. O, Azərbaycanın suverenliyi fonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə üst-üstə düşən Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünün milli birlik və dövlətçilik dəyərlərinin bariz təzahürü olduğunu vurğulayıb. Rayon rəhbəri, həmçinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Beyləqan rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrinin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini qeyd edərək bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Tədbir çərçivəsində rayonun ictimai-mədəni və sosial-iqtisadi həyatında fəal iştirakına görə bir qrup şəxs, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilmiş “Zəfərin mübarək!” adlı şeir müsabiqəsinin qalibləri Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov və Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev də çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər. Çıxışlarda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin davamlı inkişaf yolunda mühüm nailiyyətlər qazandığı vurğulanıb.

Tədbirin davamında şəhid ailələri, qazilər və rayon ictimaiyyəti adından çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni il bayramının cəmiyyətdə yaratdığı birlik və həmrəylik mühitini yüksək qiymətləndirərək səmimi təbriklərini çatdırıblar.

Bayram tədbiri Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin incəsənət xadimlərinin ifalarından ibarət zəngin bədii proqramla davam edib. Yeni ilin personajları – Şaxta Baba və Qarqız səhnəyə çıxaraq şəhid övladlarını təbrik edib, onlar üçün maraqlı və rəngarəng şou proqramı təqdim ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.