İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə "Adında müdriklik, sözündə əbədiyyət" adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin, Oğuz rayon Uşaq Musiqi məktəbinin, Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Oğuz Şəhər H.Babayev adına 1 saylı orta məktəbin şagirdləri və rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı"nı diqqətə çatdırıb. Daha sonra Mərkəzin əməkdaşı Sevinc Rəsulova və Oğuz rayon Mərkəzi Kitabxananın əməkdaşı Ləman Babayeva Fikrət Qocanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Tədbirin bədii hissəsində Oğuz Şəhər H.Babayev adına 1 saylı orta məktəbin şagirdləri Xalq şairi Fikrət Qocanın şerlərini səsləndirib, Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllimi Hikmət Malıyevin və şagirdləri Süleyman İsmayılov, Dünyamin Rəsulov, Əli Qədimalızadə, Ayxan Əhmədzadənin ifasında Fikrət Qocanın şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(05.12.2025)


