Pəri Mehman, “Ədəbiyyat və incəsənət” üçün
Xaçmaz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Poeziya Gecəsi” adlı ədəbi-bədii tədbir keçirilib. Söz və ruhun bir araya gəldiyi məclisdə poeziyanın sehrli atmosferi iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbirdə şair Ümid Abbasın şeirlərindən ibarət seçmə nümunələr səsləndirilib. Onun qəlbindən süzülən misralar gecəyə xüsusi ahəng qataraq dinləyicilərin duyğularına toxunub.
Ədəbiyyatın incə çalarları, şeirin dərin mənası və sözün insan ruhuna təsir gücü tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədə “Dərviş qrupu”nun çıxışı tamaşaçıların alqışları ilə müşayiət olunub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Abbasxan Abbaszadə öz ifaları ilə gecəyə rəng qatıb.
Xoreoqraf Aminə Haşımova Şəhriyar İmanovun “Nəbz” musiqisi üzərində möhtəşəm rəqs kompozisiyası təqdim edib. “Fantaziya” rəqs qrupu isə “Vals” nömrəsi ilə çıxış edərək tədbirə xüsusi gözəllik bəxş edib.
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)


